Tacikistanda çıxan “Faraj” qəzeti: Bu, müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi
Tacikistanda çıxan “Faraj” həftəlik qəzetinin saytında “Azərbaycan: 27 Sentyabr – müharibədə həlak olanların anım günü” sərlövhəli məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, sentyabrın 27-də Azərbaycan xalqı Vətən müharibəsində qəhrəmancasına həlak olmuş övladlarının xatirəsini ehtiramla yad edir. Müəllif vurğulayır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başlanmış uğurlu əks-hücumu nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd erməni işğalından azad edilib. Materialda deyilir: “Bu, müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə “Dəmir yumruq” əməliyyatı barədə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanat haqqında ətraflı söhbət açılır.
Müəllif qeyd edir ki, Vətən müharibəsində şanlı Qələbə Azərbaycanın igid oğullarının qanı və canı bahasına qazanılıb. Bu müharibədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2907 hərbi qulluqçusu şəhid olub. Bununla əlaqədar, Azərbaycan Prezidenti Sentyabrın 27-nin Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. Şəhidlərin nurlu xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Qələbə Muzeyinin yaradılması işləri davam etdirilir.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan dövləti xalqın lideri – Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın milli birliyi və həmrəyliyi, ordunun gücü, əsgər və zabitlərin mərdliyi sayəsində ərazi bütövlüyünü bərpa edib.