Azərbaycanda noyabrın ortalarından etibarən arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılacaq.
NUHÇIXAN xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək:
“Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək. Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, subsidiyalar bu ildən başlayaraq, 5 il ərzində veriləcək. Bu müddət daha sonra artırıla da bilər.