Ömrümüzə atılan əbədi imza 

A- A A+

Başımı qaldırıb ətrafa baxanda valideynlərimizin 1990-cı illərdə çəkilmiş şəkillərini xatırladırdı mənə. Bir-birinə olduqca uyumlu olan 2 rəng. Yanımda əyləşən uşağı isə heç tanımıram. Daha doğrusu, eyni 4 divarın arasında olduğum halda tanımadığım 22 uşaq. Ard-arda sıra ilə düzülmüş partalar. Partaların üstünə səliqə ilə salınmış mavi örtüklər. Orta cərgədə nisbətən irəlidə qoyulmuş masanın üstünə də həmin örtükdən salınmışdı. Lakin örtüyün rəngi fərqli idi-qırmızı. Bir qədər sonra isə həmin bu fərqli masanın sahibi keçir otağa. Özünü təqdim edir, bir-bir adımızı soruşub tanış olur bizimlə.

Bunlar ilk dərs gününün təəssüratı idi. 18 il əvvəl-2000-ci ildə məktəbə qədəm qoysam da, həmin günlə bağlı nə varsa sanki dünənmiş kimi xatırlayıram. O qədər dəqiq və işıqlıdır ki bu xatirələr.  İlklər unudulmur deyirlər. Bəlkə də bu deyimin doğruluğunu sübut edirdi mənim həmin təəssüratları xatırlamağım. Məsələn, ilk müəllimimin adı Müşfiqə idi. Cəmi 2 il sinif müəllimim olmuşdu. Sonrasında isə ailəliklə Ordubaddan Rusiyaya köçdükləri üçün o zamandan bəri üzünü heç görmədim. Lakin adı, soyadı hələ də yadımda. Hətta əl yazısını görsəm, ona məxsus olduğunu yəqin edə bilərəm.

Müəllim. Uşaqlığımızın sevimli, bir az çəkindiyi, bəzilərimizin də valideynlərindən çox sözünü dinlədiyi siması. Bəzilərimizin də qibtə etdiyi, yerində olmaq istədiyi insanı. Əlimizdən tutub gələcək yollarımızın ilk cığırlarını bizimlə birgə açanı. Sinif yoldaşlarımızla sözümüz tərs düşdüyündə kömək üçün yanına qaçdığımız. Şirin dilimizə salıb aldığımız 5 qiymətinin yanına ulduz da yazdırdığımız. Müəllimlər eyni zamanda valideynlərimizin də köməkçiləri olub. Məsələn, heç yadımdan çıxmaz birinci sinifdə oxuyanda mənə heç sevmədiyim rəng olan qırmızı rəngdə palto almışdılar. Hər dəfəsində rənginə görə geyinməkdən imtina edirdim. Uşaq inadı. Bir gün məni dərsə gətirən bibim məsələni müəllimimə danışaraq ondan kömək istəmişdi. O isə dərsin sonuna yaxın bizdən hansı rəngi sevdiyimizi soruşmuşdu. Verilən fərqli cavablardan sonra isə qırmızı rəngi çox sevdiyini demişdi. Səhəri gün Müşfiqə müəllimənin ən sevdiyi rəngdə olan paltomu geyinib sevincək halda məktəbə yollanmışdım. Təbii ki, bütün bunlardan mənim çox sonralar xəbərim oldu, lakin qırmızı rəng hələ də mənim ən sevdiyim rəng olaraq qalıb.

Su kimi axıb gedən zaman bizi məktəb partalarından qopardı. Sevdiyimiz halda çəkindiyimiz müəllimlərimiz öz yerini yaxın dostlara verdi. Söhbət universitet həyatından, tələbəlikdən gedir. Bizmi böyümüşdük, yoxsa bəzi müəllimlərimizlə yaş fərqinin az olmasındanmı irəli gəlirdi bu, bilmirəm, lakin əvvəlki qorxu, çəkingənlik yox idi artıq. Mühazirə yazırıq dediyi zaman ona ünvanlanan “müəllim, qələminiz olmaz?” sualından sonra üzlərində yaranan ifadədən hiss edirdim ki, deyəsən biz onları bezdiririk. Amma nə olursa olsun çox zaman anlaşardıq. Şikayət edəndə isə o ənənəvi cümləni eşidərdik: “Məni indi yox, gələcəkdə müəllim olanda başa düşəcəksiniz”.

Bəli, illərin təcrübəsindən irəli gələrək söylədiyi  heç bir sözdə yanılmayan müəllimlərimiz bu dediklərində də yanılmadılar. Zamanla müəllim olub, bu adın məsuliyyətini daşıdıqdan sonra anladım deyilən bu cümlənin mahiyyətini. İllərlə sırayla düzülən partalarda əyləşən mən, tələbə yoldaşların bu gün nisbətən irəlidə, uşaqlarla üz-üzə qoyulmuş o fərqli masada əyləşmişik. Oradan görülən mənzərəyə gəldikdə isə, onlarla rəng, xarakter, xüsusiyyət və s. Həmişə düşünürdüm ki, müəllimlik qədər asan peşə yoxdur. Dərs danışan yox, soruşan,   qiymətləndirilən yox, qiymətləndirən tərəf olursan. Hörmətli, şərəfli peşənin sahibi. Daha nə olsun ki? İndi isə bu düşüncəm üçün utandığım hallar belə olur. Anlayıram ki, o hörmət də, şöhrət də əbəs yerə deyilmiş. Sinfimdəki hər şagirdə xüsusi davrandığım, çatışmayan cəhətlərini  müəyyən edib doldurmağa çalışdığım, səslərindən, oturuşlarından kef-əhvalını, dərsə hazır olub-olmadığını yəqin etməli olduğum zaman fərqinə vardım bu peşənin çətinliyinin. Sinfin qapısından içəri keçdimi fərqli dünyanın pəncərələri açılar onların üzünə. Etdiyi, danışdığı hər şeyin nümunəvi olmasına diqqət edərək seçib dilə gətirər sözlərini.

Şərəfli sahənin nümayəndələrinin bu gün peşə bayramıdır. Şam kimi əriyib yolumuza işıq saçan bu insanlara verilə biləcək ən gözəl hədiyyədir xatırlanmaq, unudulmamaq. Həyatımızda sadəcə bir-neçə illik zaman kəsiyində yer alarlar. Həmişə tələsərlər bizdən getməyə. Başqalarının da həyatına cığırlar açmaq üçün. Yetişdirməkləri lazım olan bir  nəslin onları gözlədikləri üçün.

Lakin bəziləri yaddaşımızda uzun illər, hətta ömür boyu belə qalar. Rumiyyə, Ruhiyyə, Könül, Aynur… Məktəb illəri, tələbəlik bitsə də bu adları eşidənə ağlıma ilk olaraq həmin adları daşıyan müəllimlərim gəlir. Bəlkə də zamanla bu adları daşıyan şagirdlərim gələcək xatirimə. Fikrimcə yaddaqalan müəllim olmaqla yanaşı, hafizələrdə yaşayan tələbə olmaq da qürurverici haldır. Yaddaşlarda yaşayan şagirdlərin, tələbələrin hafizəsindən bir ömür silinməməniz, daima xatırlanmanız diləyilə. Peşə bayramınız mübarək, əziz müəllimlər!

Müəllimdən müəllimlərə

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: