Sürücülər payız-qış mövsümündə nəyə diqqət etməlidirlər?

A- A A+

İlk növbədə hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlamalı və onun texniki parametrlərinə nəzarət etməlidir. Qarlı, yağışlı hava şəraitində sürücünün yolu normal görə bilməsi üçün avtomobillərin qabaq şüşəsindəki silgəclər və şüşəyuyanlar təhlükəsizlik baxımından əvəzolunmazdır. Ona görə də sürücülər şüşə silgəcləri və şüşəyuyanların saz vəziyyətdə olmasına həssaslıqla yanaşmalı, şüşəyuyanları donmuyan maye ilə təmin etməlidirlər.

Nəqliyyat vasitəsinin təhlükəsiz hərəkətində ən önəmli meyarlardan biri də onun şinlərinin normativ tələblərə uyğun olmasıdır. Yəni şinlərin protektorundakı naxışların qalmış hündürlüyü nəqliyyat vasitəsinin növündən asılı olaraq: minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobilləri üçün 1 mm-dən, avtobuslar üçün 2 mm-dən, motosikletlər üçün isə 0,8 mm-dən az olmamalıdır. Sürücülərin diqqətinə çatdıraq ki protektorların ölçüsü qeyd olunan normadan aşağı olduqda təkərlə yol örtüyü arasında ilişmə əmsalı nəzərə çarpacaq dərəcədə azalır ki, bu da tormozlanmanın zəifləməsinə və nəticədə nəqliyyat vasitəsinin sürüşməsinə səbəb olur. Və ən əsası şinlər ölçüsünə və yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlməlidir. Həmçinin nəqliyyat vasitəsinin bir oxuna protektoru müxtəlif naxışlı şinlərin geyindirilməsi yolverilməzdir.

Muxtar Respublikamızda qış fəsli sərt keçdiyindən sürücülər mütləq rezin şinlərdən istifadə etməlidirlər. Bu məqsədlə idarə və müəssisələrdə, avtovağzallarda sürücülər arasında, xüsusilə ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi sürücüləri arasında qış aylarında avtomobillərdə tətbiq olunan rezin şinlərin əhəmiyyəti barədə mütəmadi söhbətlər aparılır və sürücülərə zəruri tövsiyələr verilir. Ona görə də hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsində rezin şinlərin istifadəsində məsuliyyətli olmalı, qarlı, buzlu hava şəraitində sürət həddini nəzarətdə saxlamalı, bir sözlə, mümkün olan bütün təhlükəsizlik tələblərinə əməl etməlidir.

Unutmayaq ki, yol hərəkəti qaydalarını bilməmək və ya əməl etməmək acı sonluqla nəticələnir. Bu səbəbdən də bütün yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə və diqqətli olmağa çağırırıq.

                                                                                     

Ayaz İsmayılov

                                                                                  Polis kapitanı,

                                           DİN-nin DYPİ-nin Təbliğat üzrə baş inspektoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: