NUHÇIXAN xəbər verir ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib. Tədbirdə İnstitutun rektoru Elburus İsayev müəllimin cəmiyyətimizdə tutduğu mövqe, yer və gənc nəslin tərbiyəsində gördüyü işləri vurğulayıb.
Qeyd olunub ki, ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük qayğı ilə yanaşıb.
Rektor onu da vurğulayıb ki, ölkəmizdə və muxtar respublikamızda son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işişçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Bildirilib ki, İnistitutun qayəsi, dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş mütəxəssislər yetişdirərək Azərbaycanın tərəqqisinə xidmət etməkdədir.
Elburus İsayev şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edib.
Digər çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə öz minətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində İnistitut tələbələrinin ifasında bir birindən maraqlı şeir və mahnılar səsləndirilib.
Sonda Müəllimlər günü münasibətilə təşkil olunan sərgiyə baxış olub.
Vüsal Muradov