Babək rayonunda 269 nəfərə sosial sığorta şəhadətnaməsi təqdim olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi “Sirab” ASC-nin akt zalında rayonda yeni əmək fəaliyyətinə başlayan sığorta olunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili ilə bağlı maarifləndirici tədbir keçirib. 

Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov tədbirdə qeyd edib ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Tədbirdə həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.nakhchivan.az internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Tədbirdə Fondun Babək rayon şöbəsi tərəfindən “Sirab” ASC-də yeni əmək fəaliyyətinə başlayan 7 nəfər sığortaolunan və Sirab kəndində yaşayan 4 nəfər torpaq mülkiyyətçilərinə sosial sığorta şəhadətnaməsi təqdim edilib. 

Qeyd edək ki, Babək rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 269 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib. Bunlardan 96 nəfər müəssisə və təşkilatlarda, 121 nəfər yerli özəl müəssisədə çalışan sığortaolunanlardır. Bundan başqa 4 nəfər sığortaolunan torpaq mülkiyyətçisi, 48 nəfər isə fiziki şəxslər olub. Nəticədə rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 26 min 126 nəfərə çatmışdır.

Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılıb. 

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: