Tütün yetişdirən torpaq mülkiyyətçilərinə ödənişlər edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzində muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyətçilərinə öz təsərrüfatlarında yetişdirdikləri məhsula görə ödəniş edilib.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Aparat rəhbəri Azər Cəfərov bildirib ki, muxtar respublikada tütün əkinləri ötən ildən həyata keçirilməyə başlayıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 11 tondan artıq quru tütün istehsal edilib. 2018-ci ildə isə bu rəqəm 41,1 hektara çatdırılıb. Vurğulanıb ki, hazırda muxtar respublikamızın Kəngərli, Şərur və Babək rayonlarında tütünçülük təssərüfatları fəaliyyət göstərir. Tütünçülüklə məşğul olan torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzinə həm yaş, həmdə quru halda təhvil verirlər. Yaş tütünün hər kiloqramı 30-50 qəpiyə, quru tütün isə 1-3 manata alınır. Hazırda mərkəzə yaş tütün tədarük olunur. Diqqətə çatdırılıb ki, mərkəz yaradılandan bu günə kimi muxtar respublikanın 500 sakini tütün qurudulmasında mövsümu işlə təmin olunub.
Tütünçülüklə məşğul olan torpaq mülkiyyətçiləri onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, bundan sonra da öz təsərrüfatlarını daha da genişləndirəcəklərini bildiriblər.
Sonra tütünçülüklə məşğul olan 22 torpaq mülkiyyətçisinə yetişdirdikləri məhsula görə ödəniş edilib.
Cavid Səfərli