Ömrün payızıdır qocalıq

A- A A+

Haradasa bir şeirdə oxumuşdum:

Dağın əzəməti ucalığında,

İnsanın  hörməti qocalığında,

Həyatda yerini bilməsindədir.

Zövq alım indiki çağımdan,

Bədbinlik, küskünlük ömrü gödəldir.

Narazı deyiləm qocalığımdan,

Bu dövrü yaşamaq da gözəldir.

Zaman libasını geyib ömrün qürub çağına doğru sürətlə axıb gedən acılı, şirinli, nisgilli, xoşbəxt  anlardan ibarətdir həyat. Sən hiss etmədən bir-birinin ardınca gözdən itir. Hey çalışsan da çata bilmirsən, durdurmağa iqtidarın yetmir...Sadəcə onun hansısa məqamının, anının donmuş fotoları ilə  ötənlərə nəzər sala, bir də xatirələr cığırıyla geri qayıda bilirsən.

Həyat hər anında gözəldir. Bu ömür nərdivanının yaş dövrlərini elə pillə-pillə qalxır insan. Gündə bir kərpic düşür ömrün sarayından. İllər  ötdükcə sən dəyişilirsən. Uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş, bir də görürsən ki, ömrün zirvəsində dayanmısan. O zirvədən dönüb geriyə boylananda isə sadəcə ötən illərin xiffətini çəkirsən. Bu yaşda belin bükülüb,  müdrikləşmisən, üzünə düşən qırışların sayı-hesabı yoxdur, ağ saçlarındakı lap elə zirvədəki qar kimidir, bir azda dəymə-düşər olmusan. Dönüb geriyə baxanda düşünürsən: Nələr gördüm, nələr yaşadım, nə qazandım bu fani dünyada... Ömür dediyin nədir ki... Yanan bir şam, körpəcə bir fidan, yenidən doğan günəş, bir əlçim xatirə...

Onu hər səhər yaşadığımız binanın həyətində görürəm. Dünyadakı bütün ahıllar kimi bu gün onun  üçün də əlamətdardır. Diqqət, qayğı görür, xoş söz eşidir. Nurlu siması, asta yerişi, həlim danışığı, bəmbəyaz saçları var  74 yaşlı Ləzifə nənənin. Onun timsalında müdrik bir el ağbirçəyini  daha yaxından tanımaq, keçməkeşli ömür yoluna nəzər salmaq üçün qərara aldım ki, 1 oktyabr Beynəlxalq Ahıllar günündə görüşüb, ömür kitabını vərəqləyim.

Kiçiçik bir hədiyyə ilə səhər saatlarında yaşadığı evin qapısını döydüm. Ağ saçlarına sığal çəkə-çəkə açdı qapısını üzümə. Mehribanlıqla  evinə dəvət etdi. Masa arxasında əyləşdik. 1948-ci il 8 mart tarixində doğulub. Hamı kimi o da uşaq olub, gənc olub, ana olub...

Söhbət əsnasında xəyalən uşaqlıq illərinə baş çəkdi, atalı-analı  günlərindən danışdı. Öyrəndim ki, Ləzifə Məmmədova Naxçıvan xanlarından Əkbər xanın doğmaca nəvəsidir. Dediyinə görə şıltaq, ərköyün bir uşaq olub. Həyatda heç nədən çətinlik çəkməyib. Ən böyük arzusu, istəyi oxuyub müəllim olmaq imiş.  İllər quş olub uçub, o da böyüyüb arzusuna çatıb. O vaxtkı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnstitutunu ibtidai sinif müəllimliyi üzrə bitirib. 32 il Naxçıvan şəhərindəki 7 və 2 nömrəli məktəblərdə  körpə fidanlara dərs deyib. Elə il olub ki,  bir sinifdə 40-dan artıq  şagirdin qayğısını, diqqətini çəkib, onları elmin yollarına alışdırıb. Sinifdə hansı uşağa nə deyib, o ona necə cavab qaytarır, şagirdləri hansı uğurları qazanıb, hamısı  bircə-bircə yadındadır. Müəyyən səbəblərdən 48 yaşından pedoqoji fəaliyyətindən ayrılsa da bu gün də dərs dediyi  şagirdləri tərəfindən yada salınır, hər zaman minnətdarlıqa xatırlanır.

Daha beli bükülən, ayaqları da bir qədər sözünə baxmayan bu ağ saçlı qadın həyatda hər şeydən çox sadəliyi sevib. Deyir sadəlik insanın ən gözəl xüsusiyyətdir. Mən bunu  ailəmdən görüb, götürüb özümlə bugünədək gətirmişəm.

1964-cü ildə ailə qurub, 5 övlad böyüdüb tərbiyələndirən bu qoca çinarın müəyyən səbəblərdən ailə həyatı o qədər  yaxşı alınmasa da hər şeyə rəğmən  mübarizə aparıb həyatla. Günlər, aylar, illər ötüb bir də görüb ki, yola saldığı illər üzünə izlərini salıb, böyütdüyü  övladlar da quş olub yuvadan uçub. İndi 13 nəvə, 5 nəticə, ən əsası isə zəngin həyat təcrübəsinə sahib bir nənə, qaynana, bir el ağbirçəyidir. Tez-tez ötənləri yada salır, gənclərlə maraqlı söhbətlər edir, onlara öz nəsihətlərini verir, həyat təcrübəsini bölüşür. Deyir ki, həyatda nə olursunuz olun yaxşı insan olun, bərkə-boşa düşəndə də mübarizə aparmaqdan yorulmayan. Çünki həyatın özü mübarizədir.

Hamı kimi onun da səhvləri olub həyatda. İtirə-itirə, qazana-qazana  müdrikləşib.

-Səhvsiz insan olmaz. Əsas səhvini başa düşüb bir də təkrar etməməyindir. Başqalarının səhvini görmək asandır. Çətini odur ki, özün özünün güzgüsü olasan.

İnsan  yaşa dolduqca  daha ümidlərlə yox, xatirələrlə yaşayır. Ömrün payız çağının belə yola salan Ləzifə nənənin çuxura düşüb nurunu itirməkdə olan gözləri önündəki ağ-qara şəkillərə baxır. Ozünü axtarır o şəkillərdə. Uşaqlığını, gəncliyini, dərs dediyi şagirdləri, müəllim yoldaşlarını...Xatirindən nələr keçir görəsən?

Bir azdan   dillənir:  bax bu mənim uşaqlığımdır. Sonra  başqa bir şəkilə əlini uzadaraq müəllim yoldaşlarımla çəkdiyim şəkildir deyir. Bu da mənəm, qucağımdakı qızım Lalədir. Unudulmaz müğənnimiz, SSRİ Xalq artisti Rəşid Behbudovun oxuduğu “Lalələr” mahnısından götürmüşəm onun adını.

Gəncliyində o həm də gözəl mahnılar oxuyub, milli rəqslərimizi mahir ifa edib. Ömür-günü də bu qocaman şəhərdə keçib.  Bu şəhər elə onun gözlərinin önündə dəyişib. O dövrün Naxçıvanı ilə bu günün Naxçıvanını müqayisə edəndə isə qəlbi dağa dönür nur üzlü qocanın.

-Uşaqlığımın, gəncliyimin Naxçıvanı hara, bugünkü Naxçıvan hara. O vaxtlar belə yaraşıqlı binalar, belə gözəlliklər, yaxşı şərait yox idi. Məşəqqətli günlər çox idi. İndi  vaxtilə dərs dediyim məktəblərin  də yanından ötəndə də tanıya bilmirəm. Bu günkü nəsil həqiqətən xoşbəxtdir.

Bir ağbirçək kimi el içində hamının hörmətini qazanan Ləzifə nənə bu gün özünü həm də ona görə xoşbəxt hiss edir ki, Azərbaycanın ən şanlı tarixinə, zəfərinə, Qarabağın qayıdışına şahidlik edib.

Qocalığın ən böyük əlaməti  saçın ağarmasıdır. İllər onun da saçlarına dən düşürüb. Hər yaş dövrü gözəl olsa da, qocalıq çətindir deyir və ömrün bu çağını payızda yarpaqlarını tökən ağaclara bənzədir.

Böyük Nizami deyirdi  ki, gənclik nurlu səhərdir, qocalıq qərib axşam...

Hər doğan sabahın bir axşamı olduğu ki, hər gəncin də bir ixtiyar çağı var.  Amma hər insana da nəsib olmur qocalıq. Bu mənada ömrün ahıl çağını yaşayanlar da xoşbəxtdirlər. Bu gün o insanlar haradasa gənclikləri üçün təəssüflənsələr də onu yaxşı  bilirlər ki, qocalıq da bir sərvətdir. O sərvətdən isə  gənc nəsil sabahımız üçün  nələrsə əxz etməli və bilməlidir ki, qocalar həyatın bəzəyi, özəyidir. Onları sevmək, qayğısına qalmaq, bünövrəmizi bərkitmək, mənəvi dəyərlərimizi qorumaq deməkdir.

                                                        Türkanə Əmoyeva

                                                          “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: