Günün şeiri

A- A A+

Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. NUHÇIXAN İnformasiya Agentliyi şair İslam Səfərlinin "Müəllim" şeirini oxuculara təqdim edir:

Müəllim

Müəllim! Bu sözün mənası dərin,
Onun hər ürəkdə öz yeri vardır.
Odur ilhamçısı gənc nəsillərin,
Fikri, düşüncəsi bir ilk bahardır.

Müəllim! Bu ada min dastan desəm,
Ne sözüm tükənər, nə qəlbim susar.
Ona canımı da mən qurban desəm,
Bir şair qəlbinin buna haqqı var.

Ağsaçlı, mehriban müəllimimi,
İndi də arabir hərdən görürəm.
Özümü itirib bir uşaq kimi,
Ayağa qalxaraq salam verirəm.

Dünyanın ən böyük dahilərini,
Müəllim yetirmiş parta dalından.
Onun qayğısını, alın tərini,
Dostlar, unutmayaq gəlin heç zaman.

Deyirəm, görəsən cahanda kimin,
Bir müəllim təki xidməti vardır.
Dahilərə dərs deyən bir müəllimin,
Milyon könüllərdə hörməti vardır.

Onun şərəfidir, onun öz adı,
Neçə gənc mühəndis, neçə həkim qız.
Cavan pilotlardır onun qanadı,
Odur ki, göyləri gəzir qayğısız.

Müəllim! Böyükdür, yüksəkdir bu ad,
Onu uca tutmaq şərəfdir bizə.
O, öz qayğısıyla firavan, azad,
Nəsillər yetirir ellərimizə.

Gəlin alqış deyək, dostlar, ürəkdən,
Əsl müəllim tək yaşayanlara.
Şerimlə gül-dəstə bağlayıram mən,
Bu adı şərəflə daşıyanlara!

İslam Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: