Tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqları əsasında formalaşıb. Azərbaycan dövləti ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr XX və XXI əsrdə daha geniş şəkildə müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Bu münasibətlər istər türk birliyi çərçivəsində, istərsə də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində hər iki dövlətin birlikdə siyasi iradə nümayiş etdirdiyini göstərir. Bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, hər iki ölkə arasında qarşılıqlı münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni milli-mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir. Məhz elə bunun nəticəsi idi ki, XX yüzilliyin əvvəllərindən başlayaraq dünyada gedən geosiyasi proseslər Cənubi Qafqazda yaşayan xalqların da gələcək həyatlarının qurulmasına təsirsiz ötüşmədi.
Bölgənin ən böyük etnik birliyi olan Azərbaycan türklərinin rus çarizminin imperializm məngənəsində bir millət kimi zülmə məruz qalması, istibdad rejiminə qarşı təkbaşına mübarizə aparmağın çətin və mümkünsüz olduğunu ortaya çıxardı. Bu, o dövr idi ki, altı əsrlik mövcudluğu dövrünün ən çətin məqamlarını yaşayan Osmanlı dövlətini imperialist qüvvələr separatçı ünsürlər vasitəsilə birdəfəlik məhv etməyi planlaşdırırdı. Tarixdə “Balkan müharibələri” kimi iz qoyan və Osmanlı dövlətinə ciddi zərbələr vuran qanlı toqquşmalarda yerli türk və digər xalqlar müharibənin acı nəticələrinə qatlaşmalı oldular. 1912-1913-cü illərdə baş vermiş hadisələrdə müharibə dəhşətlərindən əziyyət çəkən Osmanlı dövlətinin dinc əhalisi bu çətin zamanlarda qardaş Azərbaycan türkləri tərəfindən maddi yardımlarla təchiz edildi. Həmin vaxtlarda Bakıda fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri İsmailiyyə binasında toplaşaraq başda Hacı Zeynəlabdin Tağıyev olmaqla (Tağıyevin özü şəxsən yarım milyon qızıl pul təqdim etmişdi) azərbaycanlı milyonçular ən azı 100 min manat qardaş Türkiyəyə yardımlar göndərib və müharibə bitənə qədər yardımların göndəriləcəyi qərarını alıblar. Müsəlman Xeyriyyə Cəmiyyəti I Dünya müharibəsi illərində Qafqaz cəbhəsində çətin vəziyyətdə qalmış kimsəsiz və yetim uşaqları Bakıda, həmçinin digər şəhərlərdə ailələrə verməklə onların yaşayışının təmin olunmasında lazımi işlər həyata keçirib.
1915-ci ildə uğursuzluqla nəticələnmiş Sarıqamış əməliyyatı zamanı əsir götürülmüş türk zabit və əsgərləri, eləcə də Qars, Ərzurum və Anadolunun digər bölgələrindən əsir götürlmüş mülki əhali Rusiyanın ayrı-ayrı vilayətlərinə göndərilib. Rusiya hökuməti əsir götürdüyü türk əhalinin böyük bir qismini “Cəhənnəm adası” olan Narginə gətirilməsi barədə göstəriş verib. 7000 mindən çox əsgər və mülki əhalidən ibarət olan türk əsirlər həddən artıq çətin və dözülməz şəraitdə olan Nargin həbsxanasında ölümlə üz-üzə qalıblar. Həmin dövrün sənədlərinə əsasən hər gün ən azı 30 nəfər insan həlak olub. Belə bir vaxtda Azərbaycanda fəaliyyət göstərən müsəlman cəmiyyətləri türk qardaşlarına hər cür yardım göstərməyə çalışıblar. “Qardaş köməyi”, “Türk əsirlərinə yardım komitəsi”, “Möhtaclara kömək” və Bakı İslam Xeyriyyə Cəmiyyətləri, Müsəlman Qadınlarının Xeyriyyə Təşkilatının əsas məqsədləri əsirlərə yardım etmək, onların vətənlərinə dönüşünü gerçəkləşdirmək, kimsəsiz uşaqlara, ahıllara, xəstələrə kömək əlini uzatmaq məqsədlərini hər vasitə ilə reallaşdırmağa çalışırdılar. Bunlardan əlavə azərbaycanlı sahibkarlar Nargin adasından əsirlərin gizli yolla qaçırılmasını, onların öz evlərində və dükanlarında saxlanmasını təşkil ediblər.
Həmin zamanlar “xalqlar həbsxanası” olan Çar Rusiyasına qarşı başlamış milli oyanış imperiyanın dağılması ilə nəticələndi. Şərqdə demokratik əsasları olan ilk türk-müsəlman dövlətini – Azərbaycan Xalq Cumhuriyyətini yaratmış azərbaycanlılar istər daxili, istərsə də xarici təsirlərə qarşı duruş gətirmək üçün qardaş Osmanlı dövləti ilə daha da yaxınlaşmaqla daxili sabitliyi bərpa edib, ordu quruculuğu işini möhkəmləndirib. Azərbaycan Xalq Cumhuriyyətini rəsmən tanıyan dövlət də məhz Osmanlı Türkiyəsi olub. Hələ müstəqilliyin elan edilməsi ərəfəsində formalaşdırılmasına başlanmış Müsəlman korpusunun hissə və bölmələri bolşevik-daşnak qoşunlarının və Stepan Şaumyanın dəstəklədiyi Andronikin qoşunlarının müqavimətini qırmaq üçün kifayət qədər hərbi gücə malik deyildi. Belə bir vəziyyətdə Azərbaycan hökuməti yardım üçün Osmanlı dövlətinə müraciət edib, soyqırıma məruz qalmış Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi hissələri ilə milli tərkibli qoşun hissələrinin əsasında Qafqaz İslam Ordusu yaradılıb. Həmin ordunun komandanı isə Nuru paşa təyin edilib. Məhz həmin ordunun bilavasitə iştirakı ilə Bakı və ətraf ərazilər daşnak-bolşevik qüvvələrindən azad edilib.
Azərbaycanla Türkiyə arasında qarşılıqlı əlaqələr Azərbaycan sovetləşdikdən sonra da davam edib. Belə ki, Türkiyənin istiqlalının ilk illərində Azərbaycandan Türkiyəyə maddi dəstək olaraq pul, qızıl, neft və neft məhsulları göndərilib.
Azərbaycan-Türkiyə münasibətləri özünü tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ilhaq edilməsinin qarşısının alınmasında da göstərib. Belə ki, sovet rəhbərliyi Azərbaycanın Zəngəzur və Naxçıvan əyalətlərini, habelə Qarabağı Ermənistana birləşdirməyə, Azərbaycan ərazisi hesabına ermənilərin “Böyük Ermənistan” xəyallarını gerçəkləşdirməsinə yardım etməkdə idilər. 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsindən sonra Naxçıvanın taleyinin həlli istiqamətində iş aparıldığı bir vaxtda qardaş Türkiyə sovet rəhbərliyi ilə danışıqlar aparmaqla bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində birdəfəlik həllində müstəsna rol oynadı. 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri ilə Naxçıvanın Azərbaycanın himayəsinə verilməsi, ərazisinin muxtariyyət statusu çərçivəsində Azərbaycan tərəfdən heç bir dövlətə güzəştə gedilməməsi öz təsdiqini tapdı.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyə Respublikası XX əsrin əvvəllərində olduğu kimi yenə Azərbaycanın yanında yer aldı. Qardaş ölkə Azərbaycanı ilk olaraq 1991-ci ilin 9 noyabr tarixində müstəqil dövlət kimi tanıdı. 14 yanvar 1992-ci ildən Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradıldı.
1990-cı illərin əvvəllərində Türkiyə - Azərbaycan münasibətlərində Naxçıvan xüsusi yer tuturdu. İstər iqtisadi, istərsə də sosial məsələlərin həlli istiqamətində ozamankı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevlə qarşılıqlı diplomatik əlaqələrin saxlanmasına üstünlük verilirdi. 1991-1993-cü illərdə muxtar respublika əhalisinin maddi sıxıntılarının aradan qaldırılması, gənclərin Türkiyənin müxtəlif şəhərlərində təhsilə cəlb edilməsi, Naxçıvanla Türkiyə arasında “Ümid” köprüsünün açılması (28 may 1992-ci il) ölkələrimiz arasında olan qardaşlıq əlaqələrinin əsas göstəricilərindən idi. 1992-ci ilin mart ayının 22-24-də Türkiyə Respublikasında səfərdə olan Ulu Öndər Heydər Əliyev iki ölkə arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafına təkan verdi. 1992-ci ildə Ermənistan Respublikası silahlı qüvvələrinin Naxçıvanın sərhəd bölgələrinə hücumlar təşkil etdiyi zaman Türkiyə Respublikası may ayının 18-də Ermənistanın hərbi təcavüzünü pisləyən bəyanat verdi. Bəyanata 57 dövlət qoşuldu.
1996–2003-cu illər Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığında keyfiyyətcə yeni bir mərhələni təşkil edib. İlk illər Turkiyə ilə xarici ticarətimizdə ixracın əsas hissəsi kimya məhsulları, metal və pambıq idisə, sonralar Azərbaycan Respublikasından Türkiyəyə ixracın 70 faizini neft məhsulları təşkil edib. 1996-cı ildə Azərbaycanın xarici ticarətində ixracın 6,2 faizi, idxalın isə 22,5 faizi Turkiyə Republikasının payına düşüb.
Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə 5 may 1997-ci ildə Türkiyəyə rəsmi səfərə gedən ulu öndər Heydər Əliyev “Çankaya köşkü”ndə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında sənədlərin imzalanması mərasimində iştirak edib. Prezidentlər Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın dərinləşməsi barədə bəyannamə imzalayıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış tərəfdaşlıq sənədləri dövlətlərimizin daha sıx əlaqələr yaratmasına şərait yaradıb.
2013-cü il iyunun 26-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Transanadolu Təbii Qaz Boru Kəməri layihəsi (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalanıb. Azərbaycan və Türkiyənin, habelə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə vacib töhfə kimi qiymətləndirilən TANAP Xəzər qazının Avropa ölkələrinə nəqlini təmin etməklə Azərbaycan Respublikasının beynəlxalq satış bazarlarına çıxışına və orada möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda layihənin reallaşması Azərbaycan Respublikası və Türkiyə Respublikasının iqtisadi potensialının, enerji təhlükəsizliyinin və strateji rolunun artmasına xidmət edir.
Azərbaycan Respublikasının ən ağrılı problemi olan Qarabağ məsələsində də qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq arenalarda dəstəkləyib. Türkiyə Respublikası Azərbaycan Respublikası Silahlı Qüvvələri mənsublarının qardaş ölkədə təlimlərdə iştirakını, onların ən yüksək səviyyədə hərbi sirlərə yiyələnməsini təmin edib. Azərbaycan ordusu istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif təlimlərdə əldə etdiyi döyüş qabiliyyətləri hesabına 2016-cı ildə Lələtəpə yüksəkliyinin alınmasında, 2018-ci ilin Günnüt zəfərində misilsiz rəşadət nümayiş etdirib. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törədilən genişmiqyaslı hərbi təxribatını pisləyən Türkiyə Respublikası hər zaman Azərbaycanın yanında olacağını bəyan edib. Azərbaycan Respublikasına bütün vasitələrlə dəstək olmağa hazır olduğunu deyən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada erməni diasporuna, erməni lobbilərinin bir növ əsirinə çevrilən dövlətlərə öz bəyanatı ilə mesaj vermiş oldu. Türkiyənin iqtidar və müxalifətinin, həmçinin mediyasının Azərbaycanın haqq savaşında yanında olması İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə əldə etməsində, Azərbaycana qarşı Ermənistanın işğalçı mövqeyinin ifşa olunmasında mühüm rol oynadı. Türkiyə Respublikasından alınmış ən müasir hərbi texnikaların, xüsusilə Bayraktar pilotsuz uçuş aparatlarının Azərbaycan əsgərinin yanında olması qələbənin təminatında çox böyük rol oynadı. Xüsusilə Azərbaycan mediası ilə birgə Qarabağ həqiqətlərinin işıqlandırılmasında rolu olan Türkiyə telekanallarının, xəbər portallarının, qəzetlərin, sosial şəbəkələrin müstəsna rolu tarixi Zəfərin qazanılmasında öz bəhrəsini verdi.
Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.
Cənubi Qafqaz regionunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qardaşlıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər ən yüksək səviyyəyə qaldırılıb. Azərbaycanla Türkiyə arasında 9 fevral 1994-cü il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, həmçinin 16 avqust 2010-cu il tarixdə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni əsas tutaraq 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə arasında müttəfiqlik müqaviləsi - “Şuşa bəyannaməsi” imzalandı. Bu və digər əməkdaşlıq protokolları Azərbaycanın istər iqtisadi, istərsə də hərbi baxımdan təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin istər siyasi, istərsə də hərbi cəhətdən Azərbaycan dövlətinin yanında olması ilə bağlı bəyanatları iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olmasını göstərir.
Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər nə bu günün, nə də dünənin iqtisadi maraqları əsasında formalaşıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Bizə yaxın olan təkcə yüz illik bir tariximizə nəzər saldıqda qardaşlıq münasibətlərinin necə qırılmaz tellərlə bağlı olduğunu müşahidə edirik. Türkiyə-Azərbaycan əlaqələrinin tədqiq edilməsi və gələcəkdə də yaranacaq əməkdaşlıq sahələri ilə bağlı ənənənin davam etdirilməsi baxımından tarixi reallıqların işıqlandırılması tarixçilərin, ümumiyyətlə bu sahə ilə bağlı araşdırma aparan hər bir mütəxəssisin qarşısında əsas tədqiqat obyekti olmalıdır.
Qadir Əkbərov
Tarix üzrə fəlsəfə doktoru