5 oktyabr... bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir, bu günə dövlət səviyyəsində diqqət ayrılır.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirər, müəllim haqqında xoş sözlər söyləyərdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Müəllim... Adi söz deyil bu... Əsl müəllim bir günəşdir, ürəyinin istisini, beyninin odunu heç kəsdən əsirgəməyən bir günəş. Gözünün nurunu damla-damla şagirdlərinin yoluna səpən, bunun nəticəsində gözü nurdan düşsə də, özü daim məğrur, adı daim yüksək olan günəş...
Hər axşam qürub edən günəş hər səhər yenidən doğduğu kimi, müəllim də yaşının üstünə yaş gəldikcə ömrünün qürub çağını yaşasa da, şagirdlərinin simasında yenidən doğur, yenidən dünyaya gəlir. Deməli, əsl müəllim ədədi yaşayır.
Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən peşədir.
...Daşda naxış açan memara bax bir,
Bu sənət heç kəsə gəlməsin asan.
Gör sənin sənətin necə çətindir,
Canlı beyinlərdə naxış açırsan.
Alim kəşf eyləyir, yazır müttəsil,
Sənin də bunlarda var alın tərin.
Sən də yaradansan, kitablar deyil,
Alimin özüdür sənin əsərin.
Dünyanın dərk edilməsi elmlə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda, o cümlədən muxtar respublikamızda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğunu dərk edərək, onun adı qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır. Elm və savadla bərabər, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani keyfiyyətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu keyfiyyətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir.
Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək ki, dövlətin güclü silahı olan elmi inkişafdadır. XXI yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir.
Muxtar respublikamızda təhsilə verilən qiymət və diqqət artıq təhsilin keyfiyyətcə yeniləşməsinə gətirib çıxarıb Bu gün təhsilin keyfiyyətinin artırılması, daha savadlı kadrların seçilməsi məqsədi ilə müəllimlərin işə götürülməsi müsabiqə yolu ilə aparılır. Gələcəyin inkişafı onun təhsilindən başlayır. Ali Məclis sədrinin dediyi kimi “Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik”. Müəllim hər bir yeniliyi izləyərək, onu tətbiq etməlidir. Çünki o savadı və dünyagörüşü ilə böyük bir nəsli tərbiyə edir. Bütün dünyada gedən prosesləri izləyir və ölkəmiz üçün vacib olan məsələləri şagirdlərə çatdırır. Bu günün məktəblisi, gələcəyin əsgəri və vətəndaşıdır. Bu prizmadan çıxış edərək, yüksək bilikli şagird yetişdirməklə, müəllim cəmiyyətə sağlam ruhlu vətəndaş hazırlamalıdır. Müstəqil Azərbaycan XXI yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir.
Dərindən fikirləşsək, görərik ki, cəmiyyətdə müəllimin əməyi böyükdür və gələcəyin inkişaf etməsində, tərəqqisində bugünkü şagirdlərin böyük rolu olacaq. Təməli məktəb partaları arxasında qoyulan şagirdlər, məhz bu gün müəllimin böyük zəhməti sayəsində inkişaf edir.
Vətənə layiqli vətəndaş yetişdirən müəllimin əməyi çox böyük olduğundan, onun bu peşədən qürur duymağa və fəxr etməyə haqqı var.
“Yaxşı müəllim nə deməkdir” sualına V.A.Suxomlinski belə cavab verirdi: Müəllim kimdir ? “O, ilk növbədə uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.
İkincisi, yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, o vurğunluqla onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin problemlərindən də xəbərdardır. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...
Üçüncüsü, yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss və dərk edən insan olmalıdır.
Dördüncüsü, yaxşı müəllim öz peşəsinin ustası olmalıdır”. (V.A.Suxomlinski, İzbrannıye pedaqoqiçeskiye soçineniya, 3-cü cild, səh. 43, Moskva - 1980).
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir.
Bu barədə dahi Ü.Hacıbəyov belə yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəşhi - ruzi vasitəsi axtarsın”. (Ü.Hacıbəyov. Seçilmiş əsərləri, Bakı - 1985. səh.128-129).
Müəllimlər gələcəyin əsgərləri, cəmiyyəti maarifləndirənlərdir. Müəllim yeri gəldikdə valideyn, yeri gəldikdə bacı və ya qardaş, yeri gəldikdə dostdur. Şagirdinin hər hansı narahatçılığını darıxmadan dinləyən, onu olduğu kimi qəbul etməyi bacaran və bizi mühakimə etməyən müqəddəs dəyərdir. Müəllim ilk növbədə şagirdinə vətənə, topluma, cəmiyyətə qarşı layiqli insan, vətəndaş olmağı, insanlıq üçün faydalı işlər görməyi öyrədəndir.
Hər bir insanın həyatında çoxlu müəllimlər olur, onlar insan həyatında silinməz izlər buraxır. Xüsusilə ibtidai sinif müəllimi məktəblə, dərslərlə, hətta həyatla qarşılaşdığımız ilk anda əlimizdən tutub bizimlə var olur. Nə vaxtsa büdrədiyimiz zaman bizi qaldırır, bilmədiklərimizi söyləyir, cəsarətsiz anımızda bizi ruhlandırır, səhvlərimizi düzəldir. Bir sözlə, onun əlində xəmir kimi formalaşdırılıb işlənirik. Bu mənada ibtidai siniflərdə ilk müəllimlərimizin təsiri inanılmazdır.
Dünyada gözəl, nəcib peşələr çoxdur. Fəqət müəllimlik bütün peşələrin fövqündə dayanır. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq.
Ona əlindən tutub əlifbanın ilk hərfini, “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın kəşməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik.
Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin-Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
Həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Şair bu misralarında insanların ilk müəllimləri ilə bağlı xoş arzularını səmimi şəkildə nə gözəl ifadə edib:
Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!
Abdulla Əsgərov
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri