Naxçıvanda əsgərlərə isti qış geyimi hədiyyə edilib - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə isti qış geyimlərinin təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində bu günməhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş 1335 cüt yun corab və 114 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir. Corablardan 1000 cütü Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrinə, 335 cütü isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilir. Qeyd olunub ki, bu kimi tədbirlərməhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Niyaməddin Tağıyev tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub.Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər.Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə əsgər Yunis Abbaszadə əsgərlər adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Çıxışların ardından yun corab və şərflər hərbi hissə və zastavalara təhvil verilib.
Nəriman Nəcəfov