Gülüstan türbəsi tarixin yadigarıdır

A- A A+

Gülüstan kəndi yaxınlığında yerləşən, XII əsr Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri olan, böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi bura qədəm qoyan hər kəsi heyrətləndirir.

Vaxtilə insanların ancaq uzaqdan seyr edə bildiyi, təbiətin sərt ruzigarına sinə gərərək tarixə şahidlik edən Gülüstan türbəsi bu gün bərpa olunub, əvvəlki görkəminə qaytarılıb, ətrafında abadlıq, yaşıllaşdırma işləri həyata keçirilib. Doğru deyiblər, xalqın kimliyini bilmək üçün onun abidələri nəzərə alınmalı, tədqiq olunub araşdırılmalıdır.

Qədim Naxçıvan torpağında Möminə xatın türbəsi, Yusif Küseyir oğlu türbəsi, Qarabağlar türbəsi, Gülüstan türbəsi və s. bir-birini tamamlayan, bir-birinə arxa duran bu məğrur abidələri yada saldıqca, həqiqətən də, yurdumuzu qoca Şərqdə ən zəngin abidələr ölkəsi, alınmaz qalalar məskəni kimi dəyərləndiririk.

Tarixi faktlardan aydın olur ki, yurdumuzda ucaldılan türbələrin böyük əksəriyyətini xalqımızın usta və memarları tikmiblər.  Dövrümüzə qədər gəlib çıxmış bu əvəzsiz sənət əsərlərinə babalarımızın düşüncəsi, alın təri, əllərinin qabarları hopub. Gülüstan türbəsi də bu cür zəhmətin bəhrəsidir. Bu türbə Naxçıvan torpağında tarixə şahidlik edən digər memarlıq nümunələri kimi əsrlərin keşməkeşinə sinə gərərək naxışlanmış daşlarla ulu tariximizin əbədiləşmiş heykəlini xatırladır. Onun  mənalı görkəmində bir gözəllik, mehribanlıq duyulur. 800 ildən çox yaşı olan, əsasən yonulub naxışlanmış yerli daşlardan tikilən bu abidəyə indi yeni həyat verilib. Onu da qeyd edək ki, burada Araz çayı sahillərində XII əsrə aid körpü və karvansaranın  qalıqları da mövcuddur. Körpü və karvansara da yerli daşlardan tikilib. Bunlar isə deməyə əsas verir ki, ilk Orta əsrlərdə bu yerlərdə qaynar həyat olub.

Gülüstan türbəsinin üzərindəki həndəsi naxışlardan aydın olur ki, türbə XII əsrdə inşa edilib. Abidə görkəmi etibarilə də çox maraqlıdır. Öz memarlıq üslubu, ornamentlərinin müxtəlifliyi, naxışlarının rəmzi məna daşıması ilə seçilən Gülüstan türbəsi qədim Azərbaycanın qülləvari tikilən abidələrindəndir.

Türbə 12 üzlü, gövdəsi qırmızı günbəzdən, küncləri yonulmuş möhkəm sərt daşlardan ibarətdir. Maraqlı burasıdır ki, türbənin sərdabəsi yerüstü hissədə yerləşir. Orijinal üslubda tikilmiş türbənin səthi oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnib. Gövdənin duracaqlarla birləşən hissəsi, eləcə də künclərə keçid yeri stalaktiv şəkilli oyma qurşaqla əhatə edilib. Türbənin diametri 4,6 metrə bərabər olan yuxarı hissəsi düzgün çevrədən ibarətdir. Divarların qalınlığı 1,25 metrə, hündürlüyü 9,7 metrə, günbəzi 6,5 metrə çatır. Türbənin divar səthinə keçidi Səlcuq dövrü abidələri üçün səciyyəvi olan xüsusi  palmentalların köməyi ilə həyata keçirilib.

Əcəmi  Əbubəkr oğlu Naxçıvani sənət məktəbinin-sənətkarlığının yaratdığı diqqətəlayiq abidələrdən olan həndəsi naxışlı Gülüstan türbəsi mənəvi mədəniyyətimizin öyrənilməsində əvəzsiz xəzinələrdəndir.

Ədalət Əhmədov

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: