Yaşat, qadın! Yaşadanlar ölməz olur - FOTOLAR

A- A A+

Qadın zərif cinsin nümayəndəsidir. Bu ifadəni, demək olar ki, saysız-hesabsız yerlərdə eşitmişik və bu ifadə zamanla hər birimizdə refleks yaratmağı bacarıb. Necəmi? Məsələn, ictimai nəqliyyatda, yaxud da digər məkanlarda, eləcə də qapının önündə yolumuz bir qadınla kəsişən zaman. Bəli, yolumuz bir qadınla kəsişirsə, ilk addımı, sözümüz kəsişirsə, ilk fikri dilə gətirməyi ona icazə verərik. Elin gözü tərəzidir, deyirlər. Həqiqətən də, bəzən kişilərin mənəvi keyfiyyətlərini məhz bu zərif cinsin nümayəndələri ilə rəftarı müəyyənləşdirir.

Bəlkə də bu cür nəzakətli davranışların səbəbi sadəcə qadının mənsub olduğu cins məsələsi deyil. Çünki hamıya məlumdur ki, zərifliyindən asılı olmayaraq, qadın yeri gəlsə, qırıcı, yeri də gəlsə, qurucudur. Bu həyatdakı bir çox şey onun zərif əlləri, qəlbi ilə güclü iradəsinin məhsuludur. Bütün bunları nəzərə alsaq, yuxarıda sadalananları bir ehtiram nümunəsi olaraq da dəyərləndirmək olar.

Cəmiyyətimizdə belə bir qavram var ki, hər kəs oxumalıdır. Əlbəttə, təhsil bir ölkənin, eləcə də fərdin irəli getməsi üçün əsas faktordur. Lakin “hər kəs ali təhsilli olmalıdır” fikri də yanlışdır. Bu gün o qədər dəyərli peşələr var ki, məhz bu düşüncələr, qavramlar səbəbilə nəinki öz əhəmiyyətini itirir, hətta, onunla sevərək məşğul olacaq kimsə belə tapılmır.

Əlbəttə, bu məsələdəki yanlış övladının, yaxud da hansısa bir yaxınının təhsil almasını istəmək deyil. Həmin insanın yalnız ali təhsil alarsa, faydalı biri olacağına, kimlərinsə həyatına toxuna biləcəyinə inanmaq və o şəxsi də buna inandırmaqdır. Necə deyərlər, həyatında yalnız bir şeyə köklənmək doğru deyil. Bir gün müəyyən səbəblə onu həyatından çıxararsan, yaxud da tutunduğun hər nədirsə onu həyata keçirə bilməzsən, bax o zaman səni yenidən nələrəsə inandırmaq çox çətin məsələ olar. Buna görə də hər mövzunun sonu ali təhsilə deyil, potensiala və faydalılıq əmsalına dayanmalıdır. Məsələn, ailəm məni hər zaman müəllim olaraq görmək istəyib. Xoşbəxtlikdən, istəklərimiz üst-üstə düşdü və bu gün mən həm onların, həm də öz arzularımın hədəfi olan yerdə qərarlaşmışam. Bəs məqsəd nə idi? Bünövrəsi sağlam gənclik, bəzən kənar təsirlərlə dəyişə bilən düşüncələr, fikirlər, yanaşma tərzi, bütün bunların nəticəsində yaxşıya doğru dəyişən həyatlar. Bütünləşməyən, püxtələşməyən hisslər, duyğulara ustalıqla yön verilməsi, sevginin, səxavətin, dürüstlüyün böyüdülməsi, yaxşı işlərin çoxaldılması və sair. Açıqcası, məqsəd bu idi. Lakin həyatda qarşılaşdığımız bəzi məqamlarda başa düşürük ki, bu, düşündüyümüz qədər də mahiyyətli məsələ deyil.

Pedaqoji fəaliyyətim əsnasında təhsilsiz olduğu halda, yaxşı təşkilatçılıq, əl qabiliyyəti, yaxşı zövqü, yaxşı esse yazma bacarığı olan insanlarla çalışdım. Hətta möhtəşəm şirniyyat ustaları ilə də. Sözügedən köməkçilərimdən ən məharətliləri isə, övladlarına dəstək göstərənlər idi.  Bəli, onların hər biri mənim şagirdlərimin valideynləri idilər.

Qısaca, hər qadın təhsil almaya bilər, lakin hər qadın öz izdihamını ortaya qoymalıdır. Yaxın günlərdə üz tutduğum muxtar respublikada keçirilən məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda bu izlə gedən, əlinin zərifliyi ilə sözünü deyən onlarla qadın tanıdım. O qadınlar ki cəmiyyətdə hər kəsin eyni deyil, hərənin bir missiyası olduğunu sübut edən qadınlardandır.

Sərgi-satışda sulu və yağlı boya ilə işlənən tablolardan tutmuş, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar kimi gözoxşayan yaradıcılıq nümunələrinə rastlamaq olar.

İstedad, bacarıq, qabiliyyət gizlətməyə çalışsan belə, kölgədə qalmaz. Mütləq ki, yeməyə atdığın bircə fərqli təamda, kağıza əlavə etdiyin incə cizgidə, yaxud da zümzümə etdiyin bir mahnıda özünü büruzə verər. Bəli, büruzə verər. Lakin ortaya çıxarmaq, ərsəyə gətirmək üçün mütləq dəstək olmalıdır. Dövlətimiz tərəfindən istedadlı qadınlar üçün yaradılan şəraitə, atılan addımlara nəzər yetirəndə, bunun bu gün üçün daha asan yollarla həyata keçdiyinin şahidi oluruq. Hazırlanan və həyata keçirilən, atılan hər addım bütün istedadlı qadınların öz işığını kəşf etməsinə xidmət edir. Hətta bununla da kifayətlənməyərək, o işığı ətrafa saçmaq üçün də lazımi dəstək göstərilir.

Məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması isə bu istiqamətdə atılan addımlardan biridir. Sərgidə gəzərkən düşünməmək əldə deyildi. Bütün gördüklərim hər hansı bir fabrika, dəzgah, kompüter, makinə işi deyil, bir qadın - ana, bacı, qızın gözünün nuru, əlinin nasırıdır. Oturduğu yerdə, bəzən də müəyyən məhdudiyyətlərlə belə gözəlliklərin memarı olan qadın, Tanrının bəlkə də ən mükəmməl əsəri idi. Və bu əsər möcüzələr yaratmağa qadirdir. Yarat, qadın! Yaradanlar ölməz olur. Sən ömrünü ömrümüzdə yaşadırsan. Yaşat, qadın, yaşadanlar ölməz olur...

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: