Tanrısı sevgi və gözəllik olan şair

A- A A+

Hər qulun cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim Tanrım gözəllikdir, sevgidir.

Azərbaycan ədəbiyyatında milli romantik şeirin və mənzum faciənin banisi sayılan Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan Hüseyn Cavid yaradıcılığını milli mədəniyyət ilə Şərqin estetik fikir tarixini, dünya romantizm ənənələrini sıx birləşdirərək ərsəyə gətirib. Lirikasının təməlini fəlsəfi fikirlərlə bəzəyən Hüseyn Cavid Azərbaycan ədəbiyyatında ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıraraq yaratdığı mənzum faciələri və tarixi dramları ilə dramaturgiyamızda yeni ədəbi mərhələ açıb. Ərtoğrol Cavidin “Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar” sözləri görkəmli dramaturqun həyat yolunu qısaca ifadə edir. Hüseyn Cavid yaradıcılığı, təfəkkürü, ideologiyası ilə bir günəş kimi doğdu. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb.

İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi. İstanbuldan qayıdan usta qələm sahibi Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Cavid Mişkinaz xanımla ailə qurub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardan olub. Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı əməliyyat olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır. Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasına yeni mərhələ gətirib. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdı. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub. Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alıb. Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” kəlmələri bu gün də aktualdır. Hüseyn Cavid 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə dünyasını dəyişib. Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq gеtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun nəşinin Sibirdən Azərbaycana gətirilməsi qüdrətli söz ustadına böyük sevgi və ehtiramın təzahürü idi. Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addımı ilə Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilib. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilən münasibətin yeganə cəsarətli nümunəsidir. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Hüseyn Cavid yaradıcılığında adi, məişət səviyyəsinə enən, dövrün ötəri tələbindən doğan fikir və mülahizə yoxdur. Ədibin bütün fikirləri ümummillidir, ümumbəşəridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan-türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, Vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.        

Bu mənada Ölkə Prezidenti İlham Əliyevin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam böyük şairin bədii irsinə verilən dəyərin mühüm ifadəsidir.           

               Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: