Məhkəmə ekspertizası üzrə fəaliyyətə dair tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi və Naxçıvan Muxtar Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvanda bu sahədə fəaliyyətə dair tədbir təşkil olunub.
“Naxçıvan Muxtar Respublikasında məhkəmə ekspertizasının səmərəli aparılmasının təmin edilməsi” mövzusuna həsr olunan tədbirdə muxtar respublikada ekspertiza təyinetmə səlahiyyətlərinə malik olan bütün orqanların əməkdaşları və Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov muxtar respublikada məhkəmə ekspertizasının yaranması və inkişaf perspektivləri barədə məlumat verib. Qeyd edib ki, muxtar respublikanın mövcud coğrafi şəraiti nəzərə alınaraq ekspertizaların dəqiq keçirilməsi, maddi sübutların Bakı şəhərinə göndərilmə çətinliyinin aradan qaldırılması, araşdırma operativliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qəbul etdiyi qərarlar əsasında Məhkəmə Ekspertiza Mərkəzi yaradılıb. Mərkəz müasir avadanlıqlarla təmin edilib və ekspertlərlə komplektləşdirilib. Bu da ekspertiza işlərinin dəqiq və yüksək səviyyədə aparılmasına, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına şərait yaradır.
Daşqın Rəhimov bildirib ki, bu gün mərkəzdə ekspertizaların bir çoxunun icrası qanunvericiliklə müəyyən olunmuş müddətdən daha tez başa çatdırılır. Çünki istintaq və məhkəmə araşdırmasında xüsusi bilik tələb edən sahələrin araşdırılması ədalət mühakiməsinin səmərəliliyinə mühüm təsir göstərir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Rəhim Rəhimov ölkəmizdə məhkəmə ekspertizasının təşkili məsələləri barədə ətraflı məlumat verib, bu sahədə aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə muxtar respublikanın müvafiq qurumu arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Zəruri sahələr üzrə mütəxəssislərin hazırlanması məqsədilə muxtar respublikadan göndərilmiş ekspertlər Bakı şəhərində təkmilləşdirmə kursu keçir, eləcə də əlavə imza hüququ almaq üçün təcrübə kurslarına, təlimlərə cəlb edilir və ekspertiza sahələri üzrə qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olurlar.
Sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirliklərinin Məhkəmə Ekspertizası mərkəzlərinin təcrübəli ekspertlərinin məhkəmə ballistik, trasoloji, daktiloskopik, narkotik vasitələr, yol-nəqliyyat hadisələri və psixoloji ekspertizaların aparılmasının xüsusiyyətləri barədə məruzələri dinlənilib.
Tədbirdə təkliflər dinlənilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Həmçinin iştirakçılara ekspertiza fəaliyyətindən bəhs edən metodiki vəsaitlər toplusu təqdim edilib.
Hafizə Əliyeva