Şişqayadan çıxarkən... - Söz tələbə jurnalistlərindir

A- A A+

Onunla hər zaman olduğu kimi “Xəbərlər”ə baxırdıq. Azad olunmuş kənd və şəhərlərimizin bərpasından, inşasından və əhalinin öz ata-baba yurduna qayıtmasından danışırdılar. Nənəm kövrək bir səslə, “Kaş bizi də ata-baba yurdumuza qaytaraydılar”-deyib köks ötürdü.

-Hara, nənə? Niyə kövrəldin?    

Həmin an kövrək xatirələrini çətinliklə olsa da, canlandırmağa və ürəyinin dərinliyində neçə ildir ona əzab verənləri mənə danışmağa başladı. 

-Qızım, biz indiki Ermənistan ərazisindən ulu babalarımızın torpağı olan Göyçə mahalından zorla çıxarılmışıq. Sənin anan, atan da orada anadan olub. Ulu babalarımızın torpaqlarına mənfur düşmənlərimizi cəmi bir gecədə gətirib yığdılar. Sonra isə bizi öz elimizdən, evimizdən çıxmağa məcbur etdilər.

Nənəmdən bu söhbəti bir qədər ətraflı danışmağı xahiş etdim. O da sanki elə ürəyini boşaltmağa bənd imiş kimi sözə başladı. 

-Qızım, biz o zaman Sovet hökumətinin tərkibində Göyçədə ermənilərlə birgə yaşayırdıq. Göyçə həm böyük, həm də olduqca səfalı yerdir. Amma Sovet hökumətinin zamanında onu Ermənistana verdilər. Bizdən əvvəl babalarımızın vaxtında burda təkcə Azərbaycan türkləri və bizimlə dost olan başqa millətlər yaşayıb. Göyçənin Vedi, Şişqaya, Basarkeçər, Bala Məzrə, Böyük Məzrə kimi çox gözəl təbiəti, havası və suyu olan guşələri var. Göyçə gölünün gözəlliyinə doyum olmazdı. İnək dağı, Gəlin qayası kimi gözəl mənzərəli təbiəti, gözəllikləri indi də xatirimdədir. Buranın əhalisi daha çox heyvandarlıq və tütünçülüklə məşğul olardı. Kolxozun heyvanına kişilər baxır, tütünü isə qadınlar becərirdi. Biz gözəl, səfalı Şişqayada yaşayırdıq.

Bala, o dövrdə məktəblərdə öz tariximizi bir kənara qoyub rusun tarixini öyrədirdilər. Ruslar öz tarixlərini bizə öyrədə-öyrədə ən gözəl yerlərimizdə erməniləri yerləşdirirdi. Süfrəmizi bölüşdüyümüz ermənilərsə elə bizimlə “dost” ola-ola başladılar ki, bura bizimdir, çıxmalısınız. Yaxşı deyib atalarımız - “yersiz gəldi, yerli qaç”. Azərbaycanlılar çox narazılıq etdilər, hətta Sovet hökumətinə, Moskvaya şikayət etdilər ki, bura bizim dədə-baba vətənimizdir. Amma heç kim bizə qulaq asmadı, heç deyilənlərə məhəl qoyan tapılmadı. Özümüz deyib, özümüz eşitdik. 

O zaman kolxozda çoban olan baban ermənilərə hər zaman əl tutardı, ət, süd, yun verərdi. Yazığı gələrdi o lənətə gəlmişlərə. Hər gün olduğu kimi bir səhər də baban hazırlaşıb evdən çıxdı üzü kolxoza tərəf. Baxdım ki, titrək səslə məni çağırır.

-Nə oldu, niyə qayıtdın? - deyə soruşdum. Baban dedi ki, əl tutduğum ermənilərdən biri gəlmişdi gizlicə yanıma. Dedi ki, sən mənə o qədər hörmət etmisən ki, heç ermənilər mənə bu qədər kömək eləməyib. Ona görə də sənə deyirəm ki, bu gecə ermənilər kəndə silahlı basqın edəcəklər. Çalışın tez bir zamanda kənddən çıxın. Ancaq mənim dediyimi  heç kəs bilməsin, yoxsa məni burda yaşamağa qoymazlar. Biz babanla hər şeyi tez hazırlamağa başladıq, ancaq babanın çoban növbəsi olduğuna görə dağa getməliydi. Yoxsa cərimə yazacaqdılar, ya da ki getməmək səbəbini öyrənəcəkdilər. Mən evdə əşyalarımızı hazırlamağa başladım, baban isə dağa gedib qayıdacaqdı. Mənə demişdi ki, qohumların hamısına xəbər edim ki, hər kəs çıxsın. Mən hər şeyi hazır edib babanın gəlməyini gözləyirdim. Artıq axşamçağı idi, gün batırdı. Həyətə çıxdım ki, hər kəs kamazların üstünə əşyalarını yığıb mərkəzi yola doğru gedir. Mən tez babanın arxasınca dağa getdim. Dağın ətəyində dayanıb onu səslədim. “Gəlirəm, get evə, uşaqları niyə tək qoymusan”, deyərək mənə qışqırdı. Tez kəndə gəldim. Çox həyətlərdə maşınlar dolu qayıtmışdı. Qonşudan səbəbini soruşanda dedilər ki, əvvəldən gedənlər yolu keçiblər, biz keçə bilmədik, ermənilər yolu tutublar. Artıq maşınla gedə bilməyəcəyimizi bilirdim. Ancaq bəzi şeylər götürdüm. Uşaqlar da balacadır deyə onları qucaqda aparacaqdıq. Baban gəldi və biz evdən çıxdıq. Sonuncu dəfə dönüb evimizə baxdım. Doğma yurdumuzu öz əllərimizlə bizə dost görünən düşmənlərimizə təslim etdik. Bütün kənd əhalisi piyada kəndi tərk etməyə çalışırdı. Kiminin  qucağında, kiminin kürəyində körpəsi vardı. Evdən heç nə götürə bilməmişdik. Biz İnək dağından keçməli, sonra isə Gədəbəyə gəlməli idik. Dağın başı qarlı olduğundan tez-tez uçqun olurdu. Yaşlı insanlar yeriyə bilmirdilər. Qar dizdən yuxarı çıxmışdı. Dəhşətli soyuq insanın qanını damarında dondururdu. Havanın kəskin soyuq olması və tez -tez baş verən uçqunlara görə körpələr, qocalar, zəif insanlar həlak olurdular. Babanın 20 yaşlı əmisinəvəsi də qarın altında qaldı, sonra nə qədər gəzdilər tapa bilmədilər, sadəcə saatını tapdılar. Neçə yaşlı insan da yolda aclıqdan, soyuqdan donaraq öldü. Biz nə qədər tez-tez getməyə çalışsaq da, hava şəraiti buna imkan vermirdi. İnək dağını keçdik və Gədəbəyə çatmağa az qalmışdı ki, arxamızdan erməni dığalarının silahla gəldiyini gördük. Qabaqdakı kəndə çatan adamlar Gədəbəy əhalisini səsləyir, köməyə çağırırdılar. Hər kəs uşaqları qorumaq üçün kənddəki evlərə tərəf qaçırdı. Elə onda kənd camaatının əllərində bel, yaba ilə  bizi qorumaq üçün köməyə gəldiyini gördük. Evlərə girirdik, kənd camaatı isə ermənilərlə vuruşurdular, bəzi kəndçilərdə silah, tüfəng var idi. 

Bizi gözəl qarşıladılar. Uşaqlara, qocalara, hər kəsə yemək paltar verdilər, evlərində  yerləşdirdilər. Bir gecəni orada qaldıq. Ertəsi günü Bakıdan teleqramla bizə xəbər verdilər ki, Şəmkirə getməlisiniz, çünki Şəmkirdə olan ermənilərin çoxu buranı tərk edib Şişqaya kəndinə gediblər. Sanki evlərimizi dəyişirdik düşmənlə. Şəmkirin bir neçə kəndi və mərkəzdə olan evlər boşalmışdı. Bizə bir neçə kənddə yerləşməyimizi söylədilər. Onların dedikləri yerə gəldik, evlərin bəziləri tutulub, bəziləri isə boşaldılmamışdı. Bir evə girdik, yaşlı erməni qadını var idi. Ona burdan çıxmağını söylədik. Qayıtdı ki, oğlum, gəlinim gedib, məni isə burda qoyublar, özləri ilə aparmadılar. Öz valideynini burada qoyub tək qaçmaq murdar erməninin iç üzü idi.
Biz yeni sığınacaq tapdığımız evə heç cür uyğunlaşa bilmirdik. Əminlə Göyçəyə əşyalarımızı və heyvanlarımızı gətirməyə gedən baban deyirdi ki, biz maşınla yolu keçməyə çalışsaq da, onlar icazə vermirdilər. Qayıdıb dağ yolu ilə evimizə getməyə tələsdik. Evimizdə erməni ailəsini gördükdə sanki içimdə fırtına qopdu. Bizə aid olan əşyaları götürmək istəsəm də, onlar icazə vermədi. Tək götürəcəyim şey isə ailə şəkiləri oldu. Mənə kömək edən erməni dostumu axtardım. Ancaq eşitdim ki, onu bizə qaçmaq xəbərini verdiyi üçün işgəncə ilə öldürüblər. Biz gəldiyimiz yolla da geri qayıtdıq. Hava sakit olsa da, qəlbimiz, ruhumuz narahatlıqla dolu idi. 

Nənəm bunları danışdıqca yaylığının ucuyla göz yaşlarını silirdi. Sanki dünən baş veribmiş kimi bütün bunlar gözünün önündən acı xatirə kimi keçirdi.  

Ancaq nənəmin yeganə təsəllisi torpaqlarımızın işğaldan azad olunması idi. O, əlavə etdi ki, qızım, indi şükülər olsun Allaha ki, xarıbülbülün ətrinə, gözəl Qarabağımıza, əzəmətli Şuşa dağlarına qovuşmuşuq. Qarabağımızın səmasında zəfərdən qürurlanan bayrağımız dalğalanır. 

Nənəm yenə də əllərini göyə açıb dualarını əsirgəmir. Şükür olsun, ay bala, artıq yurd-yuvasından didərgin düşənlər yavaş-yavaş geri qaytarılır. Evlərin neçə illərdir yanmayan ocaqları yanır, gözlərdəki həsrət sona yetir. Nənəm hələ də ümidlidir... hər qarışı bizə candan əziz olan, doğulub boya-başa çatdığı torpağının qayıdacağı günü səbirsizliklə gözləyir. 

Mən də nənəmin arzularının tezliklə gerçəkləşəcəyinə sonsuz ümid hissilə o torpaqlara qayıdacağımıza inanıram...

Şəfa Yazar (Səfərova) 
NDU Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: