Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari ilin 9 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Belə ki, muxtar respublika üzrə 8166 nəfər sığortaolunana Fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr edilib. Bunlardan 243 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 367 nəfər sığortaolunana hamiləliyə və doğuma görə, 1578 nəfər sığortaolunana uşağın anadan olmasına, 5372 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib. Eyni zamanda vəfat etmiş 606 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə isə dəfn üçün müavinət verilib. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilib.
Qeyd edək ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir.
Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun həyata keçirilir.