Şahbuz rayonunun yeni quruculuq ünvanları - FOTOLAR

A- A A+

Müstəqillik əldə etdikdən sonra inamla addımlayan ölkəmiz başdan-başa dəyişib, gözəlləşib. Aparılan sosial-iqtisadi islahatlar, dövlət proqramları, həyata keçirilən kompleks tədbirlər insanların maddi-rifah halını yaxşılaşdırmış, həyat səviyyəsini yüksəltmişdir. Bu tərəqqi və inkişafdan muxtar respublikamıza, o cümlədən Şahbuz  rayonuna da pay düşüb. Bu günlərdə yolu Şahbuz şəhərinə düşən hər bir kəs rayonun dəyişən simasını görəndə fikirləşər ki, bu yerin  insanları ancaq bir amalla, qurub-yaratmaq  eşqi ilə yaşayıblar.

2007-ci ildən  şəhər statusu alan Şahbuzdakı yeniləşmə indi göz oxşayır. Yüksəliş, tərəqqi  bu yeniliklərin sayını günlər keçdikcə artırır. Bir-birindən yaraşıqlı binalar, abad küçələr, parklarla yanaşı, təmizlik, səliqə-sahman işləri də şəhərin ab-havasını da dəyişib.

Bu gün Şahbuz şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Yəqin ki, bu işlər də başa çatdırılandan sonra onlar şəhərimizə yeni bir görkəm bəxş edəcəkdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 2018-ci ildə də rayonda quruculuq işlərinin sahəsi genişlənib.  Şahbuz şəhərinin giriş hissəsində, “Ömər dərəsi” adlanan ərazidə rayonun kanalizasiya sularının axıdılması, təmizlənib suvarma suyu kimi istifadə olunmasını təmin etmək məqsədilə Çirkab Sutəmizləyici Qurğular Kompleksi tikilir. Bu qurğu vasitəsilə gündə 2800 kubmetr su təmizlənərək təsərrüfat üçün yararlı vəziyyətə gətiriləcək. Nəticədə kənd təsərrüfatı üçün əlverişli zonada yerləşən rayonumuzda əkin sahələrinin suvarılması üçün heç bir çətinlik yaşanmayacaq. Hazırda qurğuda son tamamlama işləri aparılır.

Şəhərimizin hüsnünə yaraşıq verən digər bir quruculuq ünvanı da artıq təhvilə hazırlanan Mədəniyyət Evinin binasıdır. 2017-ci ilin sentyabr ayında binanın əsaslı şəkildə inşasına başlanılıb. İki mərtəbədən ibarət binada rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları üçün iş otaqları, bufet, dekorasiya və məşq otaqları, 280 yerlik tamaşa zalı yerləşəcək. Burada da hazırda son tamamlama işləri gedir. Binanın həyətyanı sahəsində səkilər salınır, gül kolları əkilir. Yaxın bir zamanda bina mədəniyyət işçilərinin istifadəsinə        veriləcək.

Şahbuz şəhərinin abadlaşan görkəmində daha iki obyektin-Aviakassa və ictimai yaşayış binalarının tikintisi aparılır. Heydər Əliyev prospektində inşa olunan hər iki quruculuq ünvanının tikintisində işlər sürətlə davam edir. Aviakassa binası istifadəyə verildikdən sonra rayon sakinləri Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakı şəhərindən  başqa ölkələrə getmək üçün asanlıqla bilet əldə edə biləcəklər. İctimai yaşayış binasının inşası isə rayonda gənc ailələrin mənzilə olan tələbatının ödənilməsinə şərait yaradacaq. Yeni yaşayış binasından gənclər ipoteka kreditindən yararlanmaqla mənzil sahibi ola biləcəklər.

Bu gün quruculuq-abadlıq işləri təkcə Şahbuz şəhərində  yox, kəndlərimizdə də aparılır. Ağbulaq  kəndində eyni vaxtda bir neçə yerdə tikinti-quruculuq işləri aparılır. Yaşayış evlərinin dam örtükləri dəyişdirilib, divarları rənglənib, həyətlərdə səkilər salınıb, səliqə-sahman yaradılıb. Heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin həyətində mal-qaranın saxlanması üçün yardımçı tikililər inşa olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq iyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma mərasimi keçirilib. Hazırda bu istiqamətdə də işlər gedir. Qış turizmi üçün çox vacib sahə sayılan xizəkçilik nəinki muxtar respublika, o cümlədən yaxın regionların turistlərini də özünə cəlb edəcək.

Badamlı qəsəbəsində tikilən “Badamlı” Mineral  Sular Zavodunda hazırda inşaat işləri sürətlə davam etdirilir.  Burada inzibati bina, istehsal sahələri, anbarlar tikilib. Böyük və yüksək texniki imkanlara malik olacaq zavodun suyun mənbəyində qurulması məhsul istehsalının artmasına və qəsəbə sakinləri üçün yeni iş yerinin açılmasına zəmin yaradacaq. Həmçinin “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac imkanlarını da artıracaq.

Qəsəbənin yolları da yenidən qurulur. Yol yatağı genişləndirilir. Yolun üzərində yerləşən körpü də yenidən inşa olunur, yeni su keçidləri tikilir. 3 kilometr olan yol yatağının 10 metr enində olması nəzərdə tutulub.

Quruculuq işlərinin mahiyyəti bütün qurulanlar, yaradılanlar fonunda insanların rahatlığı, sağlamlığı, inkişafı deməkdir.

         Hicran Əliyeva

“Oğuz səsi ” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: