Qazanxana maşinistləri baş verəcək xoşagəlməz hallarla bağlı məşğələ keçiblər - FOTOLAR
Naxçıvan şəhər Peşə Liseyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə “Qazanxana maşinistləri qazanxanada baş verə biləcək yanğın və digər xoşagəlməz hallara daima hazır olmalıdır” mövzusunda əməli məşğələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, məşğələnin keçirilməsində əsas məqsəd qazanxanalarda baş verə biləcək yanğın və dəm qazından zəhərlənmə hallarını şərti olaraq canlandırmaq, bu cür xoşagəlməz hallarda düzgün davranış qaydalarını müdavimlərə aşılamaqdır.
Məşğələ zamanı qazanxana müdavimlərindən təşkil olunmuş 3komanda texnogen xarakterli fövqəladə hallar zamanı özlərini və zərərçəkənləri necə xilas edəcəklərini əyani şəkildə göstəriblər. Məşğələdə ən yaxşı yanğınsöndürən adını qazanmaq üçün tərkibi 4 nəfərdən ibarət 2 komanda da yarışıb. Yarışın keçirilməsində əsas məqsəd qazanxanada baş verə biləcək yanğın zamanı qazanxana maşinistlərinin hadisəyə cəld və çevik reaksiya verməsidir.
Məşğələdə həmçinin 4 nəfərdən ibarət 2 komanda fərdi mühafizə vasitələrinin istifadə qaydalarını təqdim edib, əleyhqazı düzgün və cəld geyinən komanda yarışın qalibi olub. Bu yarış dəm qazı ilə zəhrlənmə və digər xoşagəlməz hadisələr zamanı qazanxana işçilərinin özünü necə qorumaq vərdişlərinin təkmilləşdirilməsi üçündür.
Keçirilən əməli məşğələdə 45 qazanxana maşinisti olmaqla ümumilikdə, 57 müdavim iştirak edib. Beləliklə sertifikatını almağa hazırlaşan qazanxana maşinistləri öz sahələri ilə yanaşı, bu əməli məşğələ vasitəsilə iş prosesində onları və başqalarını gözləyən təhlükələrə hazırlıqlarını təkmilləşdiriblər.
Tədbirin sonunda fəal iştirak edən müdavimlərə diplomlar təqdim olunub.