Naxçıvan Dövlət Universitetinin kollektivi Qarabağlar Türbə Kompleksində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN-a universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən verilən xəbərə görə, ziyarətçilərə abidə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalan kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindirin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Vurğulanıb ki, kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Binadakı təndirlərin yaranma tarixi kompleksin yaranma tarixi ilə eyni vaxta düşüb, xalqımızın həmin dövr üçün əsas məşğuliyyətini, adət-ənənələrini və yaşayış tərzini özündə əks etdirir. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: