“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik ediləcək

A- A A+

Milli Məclis “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini birinci oxunuşda təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi insan hüquqları və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə hazırlanıb. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşdirmə aparılıb, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.

Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində ombudsmanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddəaların əlavə edilməsi zərurəti yaranıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: