Şərur rayonunda botulizmə qarşı maarifləndirici söhbət aparılıb - FOTOLAR
İlin bu vaxtından başlayaraq, xüsusilə qış fəslində konservləşdirilmiş məhsullardan istifadə artır. Ev şəraitində düzgün hazırlanmayan bu məhsullar bəzən ağır zəhərlənmələrə səbəb ola bilir. Belə zəhərlənmələrlə bağlı yaranan xəstəlik “botulizm” adlanır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında keçirilən maarifləndirici tədbirdə bu xəstəliyin yaranması, əlamətləri və ondan qorunma üsulları barədə ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova botulizm xəstəliyi barədə məlumat verib. Qeyd edib ki, bu, ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Onun törədicisi torpaqda yaşayır və oradan qida məhsullarına, meyvə və tərəvəzlərə keçir. Botulizm əsasən düzgün konservləşdirilməmiş qida məhsullarının istifadəsi zamanı yaranır.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İradə İbrahimova xəstəliyin əlamətlərindən bəhs edərək deyib ki, xəstəlik qəfildən başlayır. Xəstələr əksər hallarda başağrısı, başgicəllənmə, ürək döyünməsi və ağızda quruluqdan şikayətlənirlər. Xəstəlik inkişaf etdikcə oftalmoloji simptomlar da özünü göstərir, göz qapaqlarının bağlanması və görmə qabiliyyətinin pisləşməsi halları baş verir.
Qeyd edilib ki, müasir tibb nə qədər inkişaf etsə də, belə xəstəliklərdə ölüm faizi yenə də qalır. Əgər xəstəyə vaxtında tibbi müdaxilə olmasa, onu itirmək riski daha da yüksək olar. Buna görə də botulizm şübhəsi olan şəxs mütləq ya təcili həkimə aparılmalı, ya da təcili yardım çağırılmalıdır.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin müəllimi Abbas Əliyev bildirib ki, məhsulların emal edilməsi, daşınması və saxlanması zamanı sanitar-gigiyenik qaydalara düzgün riayət etməklə botulizm riski aradan qaldırılır. Bunun üçün ev şəraitində hazırlanan konservləri yalnız təmiz yuyulmuş keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlamaq məsləhətdir. Bundan başqa, konservlər mütləq soyuq yerdə saxlanmalıdır. Əgər konserv bankasının qapağında qabarma müşahidə olunarsa, ondan istifadə etmək yolverilməzdir.
O da diqqətə çatdırılıb ki, sənaye üsulu ilə hazırlanmış qida konservlərindən istifadə edərkən də botulizm hallarına qarşı diqqətli olmaq lazımdır. Xüsusilə konservləşdirilmiş qida məhsulları alarkən qabaşdırılmasına, üzərindəki istehsal tarixinə və ya son istifadə müddətinə, eləcə də saxlanma şəraitinə diqqət edilməlidir.
Mədinə Rəhimli