İlham Əliyev tariximizin ən qüdrətli sərkərdəsi, ən güclü Komandanı, Qarabağın Xilaskarıdır - FOTOLAR

Polkovnik Tehran Mənsimovun 30 il öncə Qarabağdan başlayıb,Şuşanın azadlığından keçən və Zəfərdə əbədiləşən ömür yolu...

A- A A+

... Noyabrın 6-sı idi. 

Vətən savaşının 41-ci günü...

Onun savaşının isə 28-ci ildönümü...

1992-ci ilin yanvarında 64 azərbaycanlı əsgər yoldaşı ilə Özbəkistandakı xidməti tərk edərək könüllü gəldiyi I Qarabağ müharibəsində intiqam arzusu yarımçıq qalmışdı... 

Amma döyüşçü missiyası davam etmişdi...

O, bütün bu illər ərzində son savaşına, Şuşa savaşına hazırlaşmışdı...

Onun savaşı

Heydər Əliyevdən 23 yaşında kapitan rütbəsi alanda da, hərbi-strateji hazırlığını akademik nəzəriyyə ilə təkmilləşdirəndə də, NATO-nun təlim və yarışlarında birincilik qazananda da - bunları Şuşaya doğru nə vaxtsa gerçəyə çevriləcək hərbi yürüşünə töhfələr kimi qəbul etdi...

Ali Baş Komandanından nəhayət ki, müharibəyə qatılmaq barədə əmr alanda da bilmirdi ki, savaşın dönüş məqamlarının birbaşa iştirakçısına çevriləcək, Şuşanın yolunu açan əsgərlərə rəhbərlik edəcək...

Oktyabrın 28-də Şuşa istiqaməti üzrə 4 briqadanın birləşmiş əməliyyat qruplaşmalarının rəhbəri təyin olunanda isə 28 illik arzusuna çatdığına sevindi... Rəbbinə şükürlər etdi... 

Döyüş qardaşları ilə Şuşa qayalarına dırmanaraq, yarğanları aşaraq, cığırlardan keçərək, günlərlə yatmayaraq irəliləmişdi. Bəzən ac-susuz, bəzən güllələri tükənərək, bəzən də qarşılarına çıxan düşmənə atəş açmadan, onu elə yalın əlləri ilə boğaraq zəfərin rəmzinə çatmışdılar...

Artıq Şuşadaydı, amma şəhərdə və ətrafında hələ də hərbi əməliyyat davam edirdi. Komandiri olduğu igid hərbçilər avtomat, tapança, bıçaq və səngər beli ilə silahlanaraq müqəddəs şəhərimizi ev-ev, məhəllə-məhəllə azad edirdi. Küçələrdə əlbəyaxa döyüşlər gedirdi...

Şuşa artıq bizdə idi, şəhidlərimizin, millətimizin qisası alınmışdı...

Şuşanı azad edən Əməliyyat qruplaşmasının rəhbəri kimi əmr etdi ki, şəhərin bütün yüksəkliklərində Azərbaycan bayrağı ucaldılsın...

Qoy hər tərəfdən Şuşaya baxanda Azərbaycan görünsün...

Hərbi komandanlığa mütəmadi verdiyi raportlar artıq tam qələbəyə köklənmişdi. Şuşanın təmizləndiyini qərargaha çatdırdı. İndi rahat nəfəs almaq olardı, amma dincəlmək yox!

Əsas o idi ki, Ali Baş Komandanın etimadını doğrultmuşdular. Onun "Şuşaya doğru irəli!" əmrini ləyaqətlə icra etmişdilər.

Onun "Dəmir yumruq" hərbi əməliyyatını qələbə ilə yekunlaşdırmışdılar... 

Bu məşəqqətli yola şərəf qatan şəhid qardaşlarını xatırladı, əslində, onları heç unudurdumu?.. Günlərlə davam edən döyüşlər boyu onların gözlərini yumaraq, yarımçıq qalmış Kəlmeyi-şəhadətlərini özü bitirərək Tanrıya yalvarırdı ki, şəhidlərin qisasını sonadək alsın... 

Savaş müddətində ilk dəfə kövrəldi, hönkürdü... Bu, həm sevinc göz yaşları idi, həm də bəziləri elə qucağında can verən şəhid qardaşlarına ağı idi...

Noyabrın 8-də müzəffər sərkərdəmiz Şəhidlər xiyabanından Şuşanın azadlığını bütün dünyaya elan edəndə isə 28 illik savaşın artıq bitdiyini bütün varlığı ilə hiss etdi...
Bu, yalnız Azərbaycanın savaşı deyildi, həm də onun - Tehranın özünün müqəddəs savaşı idi...
Polkovnik Tehran Mənsimovun - Azərbaycanda kiçikdən-böyüyə hər kəsin canlı əfsanə kimi sevdiyi, tərənnüm etdiyi Kişinin savaşı...

Tanımadığımız tanınmış

Tehran Mənsimovu bu məmləkətdə tanımayanmı var? Əlbəttə ki, yox!
Onu xalqımız ilk dəfə məşhur fotosu ilə - Naxçıvan xüsusi təyinatlılarını Qarabağda döyüşə gətirən təyyarədə çəkdiyi "selfi"si ilə tanıdı. Dərhal on minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılan bu fotoya milyondan artıq bəyənmə gəldi (bəli, vaxtilə sosial şəbəkələrdə ən böyük rezonansı Qarabağ savaşı, onun qəhrəmanları yaradırdı, indi isə...). Bir şəklin doğurduğu böyük coşquya sonradan Tehran Mənsimovun Hadrut, Şuşa şücaətləri həyəcan qatdı...

Onun haqqında son iki ildə hamı danışır, hətta miflər dolaşır, rəvayətlər söylənilir. Onların bəzisində igidliyi əskik göstərilir, bəzisində isə şişirtmələr var, amma hamısında sevgi, heyrət və ehtiram olur...

O, savaşın, qələbənin simvollarındandır... Zəfərimizin səbəbkarı olan şəhidlərimizin, qazilərimizin, veteranların ümumiləşdirilmiş obrazlarındandır... Müzəffər Ali Baş Komandanının "Dəmir yumruğ"unun zərbə güclərindən biridir...

Cəmiyyətin əşhədü-ehtiyac duyduğu qəhrəman prototipinə uyğun komandirlərdəndir...

Amma təəssüf ki, geniş ictimaiyyət polkovniki ancaq Şuşa zəfərinə verdiyi töhfələrlə tanıyır. Düzdür, elə bu möhtəşəm zəfər özü hər bir insanın əsrlər boyu davam edəcək şöhrətinə səbəbdir. Ancaq onun Şuşaya qədərki həyatı, hərbi xidməti, qəhrəmanlığı böyük bir dastana real mövzudur. 

Zatən, qəhrəmanlarımızı tanımaqda gecirik... Əsl səngər qəhrəmanı, təpədən-dırnağa Azərbaycan sevdalısı Tehran Mənsimov ilə söhbətimiz də bu zərurətdən meydana gəldi...

1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olan Tehran Mənsimov orta təhsilini burada alıb və 1990-1991-ci illərdə sovet ordusunun sıralarında hərbi xidmət keçib. 1992-ci ilin yanvar ayından könüllü olaraq Azərbaycan Ordusunda xidmətə başlayıb. 1994-cü ildə keçirilən Horadiz əməliyyatının iştirakçısı olub. 
1994-2011-ci illərdə cəbhə xəttində taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə qədər xidmət yolu keçib. 2011-2013-cü illərdə təhsil aldığı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını birinciliklə bitirib. 2013-cü ildən xidmətini Əlahiddə Ümumqoşun Orduda davam etdirib.

I Qarabağ savaşının, Günnüt əməliyyatının və Vətən müharibəsinin iştirakçısıdır. Şuşanın azadlığını təmin edən hərbi əməliyyat qruplaşmalarının rəhbəri olub. "Azərbaycan Bayrağı" ordeni və "İgidliyə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik "Yubiley", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətlərə görə", 1-ci, 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə", "Silahlı Qüvvələrin veteranı" medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində fəaliyyətini davam etdirir.
Onun bu rəsmi bioqrafiyasındakı hər bir sətrin, təltifin arxasında böyük şücaət, fədakar ömür, gərgin zəhmət dayanır...

"19 yaşımda müdafiə naziri marşal  Yazova raport verdim"

Tehran Mənsimovla söhbətə lap əvvəldən başlayırıq. Uşaqlığını xatırlayır. Özünü tanıyandan idmana böyük həvəsi olub, əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Cüdo ilə məşğul olub, karate qadağan edildiyindən onu özbaşına öyrənib. Ən böyük arzusu isə beynəlxalq yarışlarda iştirak etmək idi. 1990-cı ildə hərbi xidmətə çağırılıb, Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edib. 

40-a yaxın millətin nümayəndəsinin xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olub. Bu qoşun növündə əlbəyaxa döyüş fəndlərini bilmək vacib imiş. Əlbəyaxa döyüş üzrə Düşənbədə təşkil olunan hərbi dairə birinciliyində altı ayın əsgəri olsa da, bütün rəqiblərinə qalib gələrək finala çıxıb, finalda isə erməni rəqibini məğlub edib. Bu uğuruna görə hərbi hissənin rəhbərliyi tərəfindən mükafatlandırılıb və Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilib. Burada da fiziki hazırlığına və bilik səviyyəsinə görə fərqlənir. Məktəbdə təhsil alan 347 nəfərdən buranı bitirərkən yalnız ona və başqa bir əsgərə serjant rütbəsi verilir, qalanları isə kiçik serjant olur. 

Bundan sonra onu Özbəkistanın Termez şəhərindəki nizam-intizamın çox aşağı olduğu, Əfqanıstandan qayıdan əsgərlərin xidmət etdiyi, "dedovşina"nın hökm sürdüyü tabora göndərirlər. "Hərbi hissədə gördüm ki, nizam qaydalarından əsər-əlamət yoxdur. Sanki kinolarda gördüyümüz hansısa həbsxanaya gəlmişdim. Hərbi hissə komandiri mənə böyük səlahiyyətlər verdi və qısa müddətdə nizam-intizamın qaydaya salınması üçün mühüm işlər gördüm. Artıq "dedovşina"nı yığışdırmışdım, yuxarıdan gedən əsgərlər hərbi intizam qaydalarına əməl edirdilər. Hətta əsgər və serjantlar zabitlərdən çox məndən çəkinirdilər" - o günləri gülə-gülə xatırlayır polkovnik....

Həmin dövrün bir başqa əlamətdar xatirəsi də var. Bir gün yuxarı komandanlıqdan məlumat gəlir ki, SSRİ müdafiə naziri marşal Dmitri Yazov hərbi hissəyə gəlir. Yazovun hərbi hissədə növbətçi əsgər və ya serjantla da salamlaşacağından hazırlıqlı hərbçi axtarışına çıxırlar. Hərbi hissədən yuxarı komandanlığa ən hazırlıqlı serjantın Mənsimov olduğu deyilir. Amma yuxarı komandanlıq etiraz edir ki, həmin hərbçi rus millətindən olmalıdır. Hərbi hissənin qərargah rəisi mayor Timofeyev "Mənsimov, səni rus kimi göstərək və məruzə et" - söyləsə də, o, dərhal etiraz edir. Nəhayət, serjant Mənsimovla razılaşırlar. 

Həmsöhbətimiz həmin əhvalatı xatırlayır: "Nazir, marşal Yazovun avtomobili mənim olduğum əsas kazarmanın qarşısında dayandı. "Farağat" komandası ilə dərhal irəli getdim və məruzə etdim. Yazov mənimlə salamlaşdı, vəzifəmlə bağlı suallar verdi. Daxili xidmət nizamnaməsində əks olunan növbətçinin vəzifə borclarını sərrast danışdım. Sual verdi ki, hardansan, dedim Azərbaycandan. Başqa suallar verdi və hamısına birnəfəsə cavab verdim. Axırda qayıtdı ki, mən sənə təşəkkür elan edirəm və dönüb arxada dayanan zabitlərə dedi ki, bu serjant hərbi dairədə gördüyüm zabitlərdən də yaxşı komandirdir, onu niyə zabit olmaq üçün oxumağa göndərmirsiz? Marşal Yazov gedəndən sonra mənə hərbi dairənin xidmət rəislərindən biri yaxınlaşdı və dedi ki, zabit olmaq istəyirsən? Dedim, yox, Azərbaycana qayıdacam. Çünki hər gün televiziyadan həyəcanlı xəbərlər eşidirdim. Ermənilər azərbaycanlılara, kəndlərimizə qarşı hücumlarını genişləndirirdilər..."

Birbaşa cəbhəyə

1991-ci ilin dekabrın son günlərində hərbi dairə üzrə xidmət edən azərbaycanlıları bir yerə yığaraq, Azərbaycana getmək istəyənə icazə verdiklərini deyirlər. 1992-ci ilin yanvar ayının ilk günlərində hərbi dairə üzrə 64 azərbaycanlı Tehran Mənsimovun rəhbərliyi ilə bilet alaraq Türkmənistana, oradan da bərə ilə Bakıya gəlirlər. Onların bir qismi evlərinə gedir, digərləri isə qərara alırlar ki, dərhal Biləcəridə hərbi komissarlığa müraciət edərək, Qarabağda könüllü döyüşmək üçün orduya yazılsınlar. Əlbəttə ki, Tehran Mənsimov bu qrupda idi...

Biləcəridə hərbi nümayəndələr Laçına göndərilmək üçün tabor hazırlandığını xəbər edirlər. Hərbi komissarlığın təlimatı ilə döyüş hazırlığını təkmilləşdirmək üçün o, Üçtəpədə yeni yaranan “N” saylı hərbi hissəyə gəlir. Hazırlığını, hərbi biliklərini yoxladıqdan sonra taqım komandiri təyin edilir. 

Növbəti gün təcili döyüş əmri verilərək, hərbi hissə Füzuliyə dislokasiya olunur. İlk döyüşünü elə indi də həyəcanla xatırlayır müsahibimiz: "400-ə yaxın şəxsi heyət hərbi texnikalarla kolon şəklində Füzuli rayonuna gəldik. 1992-ci il fevralın 6-da gecə saatlarında rayonun Qacar kəndinə çatdıq. Köndələnçayın üstündə bir körpü vardı və ordan maşınlar bir-bir keçib kəndə tərəf getməliydi. Təhlükəsizlik məqsədilə işıqları söndürdük. Elə bu vaxt raket zərbəsi ilə kolonun birinci və sonuncu avtomobilləri ermənilər tərəfindən vuruldu. Şəxsi heyət ermənilərin mövqeləri tərəfdən görünməyən bir əraziyə çəkildi. Səhər tezdən ermənilərlə aramızda atışma başladı. Orada Qırmızı Bazardan Füzuliyə gələn yolun üstündə strateji yüksəklik vardı, şərti olaraq "320.9" adlanırdı. Oranı hərbi əməliyyatla azad etdik və müdafiəni təşkil etdik. İlk döyüşlərdə 4 şəhidimiz oldu, amma ermənilərin hücumlarının qarşısını alaraq geri oturtduq. Xocalı soyqırımının baş verməsi hər birimizə dərindən təsir etdi, bütün günü ancaq qisas barəsində düşünürdük. Aprel ayının 4-də Hadrut-Tuğ yolunda ermənilərin avtokarvanını pusquya salaraq 47 nəfər hərbçisini məhv etdik".

Taqım komandiri vəzifəsini icra etsə də, rütbəsi yox idi. Briqada komandiri Heydər Piriyev bir gün deyir ki, səni zabit kimi görürəm və hökmən oxumalısan. Beləlikə, 1992-ci ildə təqdimatla Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə kəşfiyyat ixtisası üzrə oxumağa göndərilir. Orduda kadr, zabit çatışmazlığına və şiddətli döyüşlərin getdiyinə görə çox qısa kurs keçməli, sonda isə kiçik leytenant rütbəsi alaraq xidmətə başlamalı idilər. 1993-cü ilin mart ayında təhsilini başa vurur və 354 nəfərin içində yalnız o, leytenant rütbəsi alaraq, taqım komandiri təyin olunur. 

Yenidən Füzuliyə döyüşlərə qayıdır. 1993-cü ilin aprel ayında ermənilər Füzulinin Qacar, Divanalılar və Govşatlı kəndlərinə hücum edirlər. Tehran Mənsimov düşmənin hücuma çox güclü hazırlaşdığını acı-acı xatırlayır: "Bütün kəndləri işğal etdilər, yalnız Cəmilli kəndinin üst tərəfində mənim rəhbərlik etdiyim taqımın nəzarətindəki mövqeni ala bilmədilər. Döyüş zamanı gördük ki, Qırmızıbazar istiqamətindən 6 tank gəlir. Zenit qurğularını da bizim mövqeyə tərəf tuşlayıblar. Bir də baxdıq ki, 400-ə qədər erməni əsgəri üstümüzə gəlir. Artıq 4 nəfər yaralımız var idi. Bu zaman Ramazan adlı əsgərim tanklardan birini vurdu, bunu görən arxadakı tanklar dayandı. Dərhal minaatanlardan başladıq erməniləri atəşə tutmağa. Təəssüf ki, həmin vaxt arxadan bizə dəstək gəlmədi. Son gülləmizə qədər döyüşdük. Həm sursatımız bitmişdi, həm də qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməli olduq. Tam mühasirə vəziyyətində idik. Xoşbəxtlikdən havaya duman çökdü və biz geri çəkiləndə ətrafda olan ermənilər bizi görmədilər. Çayın içi ilə hərəkət etdik ki, yolda düşmənlə rastlaşmayaq. Çayın üstündəki körpünün altından keçəndə ermənilərin hərbi texnikaları ilə qarşılaşdıq. Hamısı keçdi, amma bir PDM dayandı. Tərslikdən heç birimizdə patron yox idi. PDM-in ekipajı aşağı enib söhbət etməyə başladılar. Fikirləşdim ki, ekipajda 3 nəfər, ətrafında da 7 nəfərlik desant heyəti olur. Gülləmiz çatmasa da, hər şeyə hazırıq. Pusqu quraraq 3 nəfəri yerindəcə məhv etdik və baxdıq ki, PDM-də başqa heç kim yoxdu. Ermənilərin yay aylarında hücumları güclənsə də, onları dəf etdik. Hətta rəhbərlik etdiyim hissə ilə Məngilanata yüksəkliyini geri almışdıq".

"Heydər Əliyev məni 23 yaşımda kapitan rütbəsi ilə mükafatlandırdı" 

Həmin vaxtlar məğlubiyyətimizin əsas səbəbini ölkədə siyasi rəhbərliyin avantüralarında, orduya komandanlığın isə hərb işini bilməyənlərin əlində olmağında görən Tehran Mənsimov hücum əməliyyatlarının da qeyri-peşəkar hazırlandığını söyləyir. Ulu Öndərin hakimiyyətə gəlişi ilə vəziyyət nəhayət ki, müsbətə doğru dəyişir. 
Ardını polkovnikin dilindən dinləyək:

 - 1993-cü ilin avqustunda polkovnik Şair Ramaldanov hərbi hissəyə komandir təyin olundu. Sentyabr ayında növbəti tapşırıqları dəqiqləşdirmək üçün qərargaha gəlmişdim. İçəri daxil olarkən deyildi ki, komandir Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevlə danışır. Polkovnik Ramaldanov hərbi hissədəki çatışmazlıqlar, döyüş qabiliyyətinin aşağı olması barədə Heydər Əliyevə məruzə etdi. Ulu Öndərin tapışırığı ilə bizim hərbi hissəni yenidən komplektləşdirmək və döyüş qabiliyyətini artırmaq üçün Seyfəli poliqonuna göndərdilər. Bunun üçün cəmi 3 ay vaxt verilmişdi. Dərhal hazırlıqlara başladıq.

1993-cü il noyabrın 2-də Ümummilli Lider Heydər Əliyev xalqa müraciət etdi. Təsadüfi deyil ki, həmin tarix orduda islahatların başlanğıcı hesab edilir. Bu dövrdən etibarən struktur dəyişiklikləri, kadr təmizləmələri, vahid komandanlıq altında hərbi əməliyyatların planlaşdırılması, hərbi hissələrin müvafiq hərbi qayda-qanunlarla, üsullarla idarə olunması və digər vacib işlər həyata keçirilməyə başlandı. Artıq vahid komandanlıq var idi, hərbi hissələrin komandiri vəzifələrinə peşəkar zabitlər cəlb olundular, istedadlı hərbçilər irəli çəkildilər. Orduda nizam-intizam tam təmin edilirdi. Bütün bunları bizim hərbi hissənin də timsalında görmək mümkün idi. Artıq mən də hərbi hissədə tabor komandirinin müavini idim.
3 aydan sonra Heydər Əliyev hərbi hissənin döyüş təlimini izləmək üçün poliqona gəldi. Biz Ulu Öndərin qarşısında taborun döyüş atışlı təlimini keçirdik. Ulu Öndər bizə inanırdı və biz də onun inamını doğrultmalı idik. 1994-cü ilin yanvarında Füzuli istiqamətində həyata keçirilən hərbi əməliyyat, 22 kənd və bir qəsəbənin işğaldan azad edilməsi bu inamın özünü doğrultmasının təsdiqi idi.

Həmin vaxt hərbi hissə Beyləqanın Daşburun qəsəbəsində yerləşdi. 3 gündən sonra məni qərargaha çağırdılar. Polkovnik Ramaldanovun yanında generallar da var idi. Dedi ki, Mənsimov, sən kəşfiyyatçı olduğun üçün əməliyyatın ən mühüm detalı ilə bağlı sənə bir tapşırıq verilir. Biz düşmənin arxasına keçməli, Füzulidən Şükürbəyli və Əhmədbəyli kəndlərinə gedən, kənd Horadizdən gələn yolları bağlamalı, strateji yüksəkliyi tutmalıydıq. Tapşırığı icra etmək üçün ən azı 27 km dərinliyində düşmənin arxasına keçməli olduq. Hava qarlı, şaxta mənfi 17 dərəcə idi. Tapşırığı icra etmək üçün tabeliyimə kəşfiyyat bölüyü və könüllülərdən ibarət bir dəstə verdilər. Beləliklə, 160 nəfərlə gecə saatlarında Araz boyu istiqamətində düşmənin arxasına keçməyə başladıq. Əsas qüvvələrimiz artilleriya atəşinə başlayanda biz hücum üçün əlverişli şərait yaratmalıydıq. Eyni zamanda düşmənin ehtiyatda olan qüvvələrinin öz döyüş mövqelərinə çıxmasına imkan verməməliydik.
Keçdik düşmən arxasına, əvvəlcə Şükürbəyli kəndinə dönən yolda yüksəklikləri tutduq, yolları nəzarətə götürdük, döyüş əmrlərini icra etdik. O zaman ermənilərin əsas qüvvələri Qafan və 14-cü Martuni motoatıcı alaylarından ibarət idi. Qərargahımıza məlumat verdim ki, tapşırıqları yerinə yetirmişik. Səhərə yaxın artilleriya atəşi ilə Azərbaycan Ordusu hücuma keçdi. Artilleriyamız düşmənin dərinliklərindəki komanda məntəqələrini də vurmağa başladı. Birdən gördük ki, düşmənin tankları, PDM-ləri kolon şəklində döyüşə gedirlər, o cümlədən artilleriya divizionu atəş mövqeyinə çıxmağa hazırlaşır. Şükürbəyli istiqamətindən isə 12 Kamaz gəlirdi. Biz gizləndiyimiz mövqelərdən düşmənin texnikalarını darmadağın etdik, 313 erməni əsgərini öldürdük, yaralılarının sayı-hesabı yox idi. Bir divizionu və bir taboru tam məhv etdik. Dağıdılan zirehli texnikaların içində xaricdən gəlmiş snayper qadınlar da var idi.

Əməliyyat uğurla başa çatdırıldı, Füzulinin böyük bir hissəsi işğaldan azad edildi. Ermənilər geri çəkilərək Lələtəpədə mövqeləndilər. Əməliyyat tam başa çatdıqdan sonra Ulu Öndər Heydər Əliyev cəbhə xəttinə gəldi. Hamımız düzülmüşük və gördüm ki, məni Heydər Əliyevə göstərirlər. Ulu Öndər durduğumuz sıraya yaxınlaşdı, əlimi sıxaraq dedi, "Sən qəhrəmansan, sənə Milli Qəhrəman adı verəcəm". Mən də dedim, "Cənab Prezident, olarmı Milli Qəhrəman adını bu əməliyyatın icrasında şəhid olan kapitan Elxan Zülfuqarova verəsiniz?" Ulu Öndər mənə gülümsəyərək baxdı və soruşdu ki, rütbən nədir? Dedim baş leytenant. Heydər Əliyev də bildirdi ki, bu gündən kapitansan. Ulu Öndər kapitan rütbəsini mənə verdi, döyüşdə xidmətləri olan hər kəsi mükafatlandırdı. Bir müddət sonra isə kapitan Elxan Zülfüqarov Milli Qəhrəman adı ilə təltif olundu.

Kapitan rütbəsi mənim üçün böyük mükafat idi. Cəmi 23 yaşımda bu rütbəyə layiq görülmüşdüm, həm də onu mənə Heydər Əliyev vermişdi! Ona görə daha məsuliyyətli, daha diqqətli olmalı idim...

NATO yarışında birincilik və Prezident İlham Əliyevin mükafatı 

Tehran Mənsimov 1994-cü ildən taqım komandiri, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, kəşfiyyat hərbi hissəsinin komandiri, briqada komandirinin müavini, briqadanın qərargah rəisi, briqadanın komandiri vəzifələrində xidmət edir. 
Cəmi 23 yaşında tabor komandiri vəzifəsinə təyinat alır, 4 briqadanın komandiri olur. Taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə kimi xidmət etdiyi dövrdə Füzuli, Beyləqan, Ağdam, Xocavənd rayonlarının hər bir məntəqəsini, keçidini, az qala cığırını əzbər öyrənir. Hərbçi peşəsinin çətinliklərindən biri də ailənin bəzən dözülməz şəraitlərdə yaşaması olur. Onunla birlikdə ailəsi də bu çətinlikləri görüb, əziyyətlərə qatlaşıblar. Tale ona övladlarının bu müqəddəs torpaqlarda dünyaya gəlmələrini nəsib edir. Özü də deyir ki, ona görə həyatları indi də daha çox Qarabağ torpağı ilə bağlıdır. 

Taqım, tabor və briqada komandiri kimi həmişə diqqət yetirdiyi ən mühüm məsələlərdən biri şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olması idi. Belə hesab edir ki, komandir həmişə əsgəri üçün nümunə olmalıdır. Atəşkəs dövründə cəbhə xəttində bir çox əməliyyatlar keçirərək düşmənə ağır zərbələr vurur, çoxsaylı itkilərə məruz qoyur. Bütün bunlar hamısı hərbi hissədə yayılaraq əsgərlər arasında ruh yüksəkliyini daha da artırırdı.

Tehran Mənsimovun xidmət etdiyi ikinci ordu korpusunun müdafiə zolağının qarşısında Ermənistanın birinci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının 1-ci, 2-ci, 3-cü alayları dururdu. Dördüncü alayın nömrəsi isə məlum deyildi. 2009-cu ildə ordu korpusunun komanda-qərargah təlimində müdafiə naziri tərəfindən irad bildirilir ki, nə vaxta qədər həmin alayın nömrəsi naməlum qalacaq. Həmin vaxt artıq kəşfiyyat hərbi hissəsinin komandiri olmasa da (motoatıcı briqadaya komandir təyin edilmişdi), briqadanın kəşfiyyat bölüyünü toplayır və düşmənin arxasına keçir. Müxtəlif kəşfiyyat hərəkətlərindən sonra dəqiqləşdirir ki, naməlum alayın nömrəsi 9-dur. Təəssüf ki, bunun kimi onlarla kəşfiyyat və elə döyüş əməliyyatları barədə faktların hələ də məxfilik baxımından söylənilməsi mümkün deyil...

2011-ci ildə hərbi təlimlər zamanı göstərdiyi yüksək hərbi döyüş hazırlığı potensialı müsbət qiymətləndirilir və hərbi təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına göndərilməsi təklifi səslənir. İmtahanlarda ən yüksək nəticəni göstərərək akademiyaya qəbul olunur. Bundan sonra ikiillik akademik hərbi təhsil müddəti başlayır.

2012-ci ildə Türkiyədə NATO üzvü olan dövlətlərin ordu qərargahları arasında qərar qəbuletmə prosesi ilə bağlı keçirilən yarışda Azərbaycan Ordusunun hərbçilərinə Tehran Mənsimov rəhbərlik edir. Həmin yarışı həmsöhbətimiz böyük qürurla xatırlayır: "Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisinin də iştirak etdiyi yarışda növbə mənə çatdı. Müdafiədə qəbul etdiyim qərarı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisinə məruzə etdim. Həmçinin Baş qərargah rəisi tərəfindən mənə verilən çoxsaylı sualları da cavablandırdım. Növbəti günü Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında bizim şərəfimizə ziyafət verildi. Ziyafətin sonunda akademiya rəisi dedi ki, 13 ölkə arasında birinci yeri Azərbaycandan olan qardaşlarımız tutublar. Mənə Azərbaycanın müdafiə nazirinə çatdırılması üçün möhürlü zərf verdilər. Bakıya qayıtdıqdan sonra müdafiə naziri məni qəbul edərək, birinci yeri tutmağım münasibətilə təbrik etdi. Zərfi nazirə təqdim etdim, mən bilirdim ki, birinci yerə çıxmışıq, amma zərfdə nə yazıldığından məlumatım yox idi. Nazir zərfi açdı, məlum oldu ki, məktubda yarışda iştirak edən hər bir azərbaycanlı hərbçinin fərdi göstəriciləri yer alıb. Fərdi qaydada da 100 ballıq qiymətləndirmə ilə ən yüksək göstəricilər əldə etmişdim. Deməli, həm komanda, həm də fərdi şəkildə birinci yeri tutmuşduq. Bu uğura görə mənə polkovnik rütbəsi verildi və cənab Prezident, Ali Baş Komandan İlham Əliyev 20 il qüsursuz xidmətlərimə görə mənzil hədiyyə etdi".

Naxçıvanda yazılan qəhrəmanlıq dastanları

2013-cü ildə imtahanlarda ən yüksək nəticəni göstərərək akademiyanı birinciliklə bitirən Tehran Mənsimovun həyatının Naxçıvan dövrü başlayır. Ovaxtkı beşinci ordu korpusunun "N" saylı dağatıcı briqadasının komandiri kimi dövlət sərhədinin 96 km-lik hissəsində müdafiə tapşırığını yerinə yetirir. İrəvandan gələn yollar, o cümlədən Laçın dəhlizi briqadanın müşahidəsi altında idi. Cəbhə xəttindən fərqli olaraq Naxçıvan istiqamətində atəşkəsin pozulması nadir hallarda olurdu və Azərbaycan Ordusu dərhal düşmənin cavabını verirdi. 

2015-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri nəzarətsiz iki yüksəkliyi ələ keçirməyə cəhd edirlər. Əgər o yüksəklikləri tutsaydılar, sərhəd bölgəsində strateji üstünlük əldə edər, bizim təminat yollarını nəzarətə götürər və atəş altında saxlayardılar. Bunun da nəticəsində nə vaxtsa hərbi əməliyyatlar baş versəydi, Azərbaycan hərbi bölmələrinin fəaliyyəti iflic ola bilərdi. 

Tehran Mənsimov peşəkar hərbçi fəhmi ilə anlayırdı ki, ermənilər bu yüksəklikləri ələ keçirmək istəyəcəklər. Ona görə briqadanın müvafiq bölmələrinə müdafiəni gücləndirmələri barədə tapşırıqlar verir. Elə bu ərəfədə qərargah rəisi məruzə edərək bildirir ki, təxminən 70 nəfərdən ibarət erməni yüksəkliyə tərəf irəliləyir. Həmin gün Bakıda Avropa Oyunlarının bağlanış mərasimi keçirilirdi. Polkovnik minaatanların və zenit qurğularının atəş mövqelərinə çıxarılması, düşmənin dərhal məhv edilməsi əmrini verir. Böyük risk idi, çünki o, yuxarı komandanlığa məruzə edənə qədər düşmən yüksəklikləri zəbt edə bilərdi. Təxminən 8 saat döyüş gedir və düşmən əvvəlki mövqelərinə qovularaq, həmin yüksəkliklərdə özümüz mövqe tuturuq. Döyüşdə ermənilərin bir zabiti və 4 əsgəri məhv edilir. 

Bir neçə gündən sonra Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov əraziyə gəlir, baxış keçirir. Vəziyyət barədə məruzə edən, döyüşün səbəbləri, nəticələri haqda məlumat verən Tehran Mənsimovun vaxtında verdiyi döyüş qərarı təqdir edilir, yüksək qiymətləndirilir. Ramazan ayı olduğu üçün yüksəkliklərdəki mövqelərə Ramazan postu adı verilir. 

Həmsöhbətimiz xatırlayır ki, Naxçıvanda Ermənistanla dövlət sərhədində Kərətəpə adlanan yüksəklikdə posta çatmaq üçün 574 pillə çıxmaq lazım idi. Əsgərlərin bütün tədarükü, sursatlar həmin narahat pilləkən vasitəsilə həyata keçirilirdi və olduqca böyük çətinliklər yaradırdı. Posta yolu isə yalnız Ermənistanla dövlət sərhədi istiqamətində çəkmək mümkün idi. Həmin vaxt müdafiə mövqelərini daha da möhkəmləndirmək üçün hərbi hissəyə xüsusi texnikalar verilmişdi. 2017-ci ildə Tehran Mənsimov qərar qəbul edir ki, təminat və təxliyə məqsədilə mütləq posta yol çəkmək lazımdır. Çünki düşmən birdən ora hücum etsəydi, vaxtında kömək edilə bilməzdi. Yol çəkilməyə başlanan vaxt ermənilər ekskavatoru vururlar. Polkovnik ani qərar verir: düşmən postu darmadağın edilməlidir. Şəxsən zenit qurğusunun arxasında oturaraq düşmənin pilotsuz uçuş aparatını vurmaq adı altında erməni postunu 135 mərmi ilə darmadağın edir.

Bundan sonra rahat şəkildə yolu çəkməyə başlayırlar və 3 aya başa çatdırırlar. Posta çəkilən yolla tanış olan Əlahiddə Ümumqoşun Ordu komandanı onu müdafiənin təşkili və döyüş tapşırıqlarının yerinə yetirilməsi baxımından tarixi hadisə kimi qiymətləndirir. Qısa vaxtda yeni kazarma da tikilir. 

2017-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əraziyə baxış keçirir, dərin təşəkkürünü bildirir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən "Vətən uğrunda" medalını Tehran Mənsimova təqdim edir.

2018-ci ilin may ayında polkovnik T.Mənsimovun hərbçi bioqrafiyasına növbəti şərəf səhifəsi yazılır. Əlahiddə Ümumqoşun Ordu tərəfindən keçirilən Günnüt əməliyyatı Aprel zəfərindən sonra ordumuzun yeni uğuru oldu. Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirildi. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alındı. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti Yerevan-Yexeqnazor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsi idi. Ümumilikdə, 11 min hektar ərazi düşməndən azad edildi.

2018-ci ilin avqustunda Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsi yaradılır və Tehran Mənsimov bura rəis təyin edilir. Müsahibimiz həmin dövrü belə xatırlayır: "İlk işim xüsusi təyinatlı qrupla Qarsda 28 ölkənin hərbçilərinin qatıldığı qış hərbi təlimlərində iştirak etmək oldu. Təlimi yenə də birinci yerdə başa vurduq, bu münasibətlə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar tərəfindən hədiyyə və sertifikat aldıq. Bu təlimdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev, şəhid leytenant Zahir Feyzullayev, şəhid Bağır Ələkbərov və digərləri iştirak etmiş, yüksək nəticələr göstərmişdilər. Mənfi 33 dərəcə şaxtada paraşütlə hoppanmaq kimi hərəkətləri yalnız Azərbaycan hərbçiləri yerinə yetirdilər. 2019-cu ilin yayında Türkiyə və Azərbaycan orduları arasında "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimdə də yüksək nəticələr göstərdik. Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi kimi Naxçıvandakı bütün hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə olmasını xüsusi diqqət mərkəzində saxlayırdım. Əsas diqqət yetirdiyim məsələ həm də xüsusi təyinatlıların döyüş vərdişlərinin daha da təkmilləşdirilməsi idi. Bir çox kurslar keçdiyim, təlimlərdə iştirak etdiyim və kəşfiyyatçı olduğum üçün təcrübəm də formalaşmışdı. Gecə-gündüz döyüş atışlı təlimlər keçirirdik. Dostum, general-mayor Polad Həşimovun 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində şəhid olmasından sonra artıq əmin idim ki, Ermənistanın təxribatlarının sonu müharibədir..."
Tehran Mənsimov artıq ən böyük arzusunun reallaşacağı günün tezləşdiyini aydın hiss edirdi. Polkovnik bilirdi ki, müharibə başlayacaq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında on minlərlə hərbçi ilə bərabər şəxsən o da Paşinyana sübut edəcək ki, "Qarabağ Azərbaycandır!"... 

Hadrut zəfəri ilə başlanan savaş

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatına qarşı Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlananda ən çox sevinənlərdən biri də qəhrəmanımız olur. O, hələ I Qarabağ savaşında ən gərgin döyüşləri gördüyündən, birbaşa cəbhə xəttində uzun illər hərbi xidmət keçdiyindən əmin idi ki, qələbəyə daha çox töhfə verə bilər. Döyüşlər başlayan gün yuxarı komandanlığa müraciət edərək cəbhəyə yollanmaq arzusunda olduğunu bildirir. 

Yoldaşları ilə hər gün cəbhədən gələn xəbərləri təhlil edir, nəticələri dəyərləndirir və səbirsizliklə döyüşə getmək barədə əmr gözləyirdilər. Ali Baş Komandan İlham Əliyevin Suqovuşanın və Cəbrayılın azad edilməsi barədə müjdələrini Naxçıvanda bayram kimi qarşılayırlar. Amma bu döyüşlərdə iştirak edə bilmədikləri üçün həm də təəssüflənirlər. 

Əlahiddə Ümumqoşun Ordunun Zəfər yolunu Tehran Mənsimov böyük həyəcanla, qürurla xatırladır: 

- Oktyabr ayının 10-da müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayevin yanında keçirilən hərbi müşavirədəydim. Birdən Ali Məclisin Sədrindən zəng gəldi. Komandan telefonla danışarkən mənə baxdı. İntuitiv başa düşdüm ki, Vasif Talıbov Ali Baş Komandanın taleyüklü əmrini çatdırır, artıq bizim növbəmizdir, getməliyik. Komandan dedi ki, Mənsimov, iki saat vaxtınız var, 300 nəfərlik heyətlə hava limanında olmalısız. Biz onsuz da hazır idik, 27 sentyabrdan çantalarımız qapımızın qarşısında idi, yəni bizə yarım saat da bəs edərdi. Xüsusi təyinatlıların istisnasız olaraq hər bir hərbçisi bu xəbərdən böyük sevinc içində idi. İki saatdan da tez müddətdə komandana məruzə edərək bildirdim ki, tam heyətlə hava limanındayıq.

Oktyabrın 10-da təyyarə ilə Bakıya gəldik. Müdafiə Nazirliyinə gedərək tapşırığı dəqiqləşdirdim. Səhər tezdən avtobuslarla döyüş bölgəsinə yola düşdük. Yolda korpus komandiri general-mayor Mais Bərxudarova zəng edərək təchizatla bağlı bəzi məsələləri müəyyənləşdirdim. Daha sonra xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyevlə görüşdüm, döyüş əmrini dəqiqləşdirdim. Bundan sonra Naxçıvandan gələn xüsusi təyinatlıları iki hissəyə ayırdım. Olduğumuz yerdən sağa, yəni Füzuli-Xocavənd istiqamətinə gedən bölməyə polkovnik-leytenant Anar Əliyev rəhbərlik etdi. 150 nəfərdən ibarət digər hissə isə mənim rəhbərliyimlə sola - Hadrut-Şuşa istiqamətinə hərəkət etdik.

Artıq ordumuz xeyli irəliləmiş, Hadrut azad olunmuşdu. Şəxsi heyəti 12 qrupa böldüm. Oktyabrın 12-dən döyüşlərə girdik və ilk savaş Füzulinin Qarakollu kəndində oldu. Şəxsi heyətin döyüş hazırlığı ən yüksək səviyyədə idi, bu baxımdan əsgər və zabitlərimə tam arxayın idim. Amma onu da bilirdim ki, təlimlərdə ən yaxşı göstəriciləri olan bu igidlərin əksəriyyəti əsl müharibə görməyib. Bir həqiqət var: ən peşəkar səviyyədə hazırlanan təlim belə kiçik savaş qədər real deyil. Təlimdə ölüm yoxdur, savaşda isə var. Necə ki Qarakolluda ilk şəhidlərimizi verdik, 5 qardaşımız Vətən uğrunda canını fəda etdi. 

Canımdan can getmişdi, ancaq anlayırdım ki, bu, hələ ilk mərhələdir. Savaşın sonrakı günlərində daha neçə-neçə qardaşımı qurban verməli olacağam, elə özüm də şəhadətə yüksələ bilərəm. Heyəti bir yerə toplayıb söhbət etdim. Dedim ki, "Hamımız bir gün öləcəyik. Lazım gəlsə, hamımız burada, Qarabağda öləcəyik. Ola bilər ki, hamımız məhv olacağıq, bəlkə də ermənilər bizə işgəncə verib öldürəcəklər, amma heç vaxt təslim olmayacağıq. Heç vaxt təslim ola bilmərik. Savaşın dəhşətindən qorxmayacağıq. Kimsənin torpağında gözümüz yoxdur, indi öz torpağımızdayıq və bu torpağı daha heç kimə buraxmayacağıq. Bu bizim haqqımızdır və bu savaş da bizim haqq mübarizəmizdir".

Bu sözlərimdən sonra şəxsi heyətdə böyük ruh yüksəkliyi yarandı. Hamısı "Şəhidlər ölməz!" sözlərini təkrarlayırdı. Onlar artıq gerçək savaşı, gerçək şəhidliyi görmüşdülər, ən əsası isə ilk zəfəri qazanmışdılar.

Qısa zamanda Füzulinin Qarakollu, Aygestan yaşayış məntəqələrini, Hadrut-Qarakollu yolunu, daha sonra Qaracuq, Şiştəpə, Hadrut qəsəbəsini, üç strateji yüksəkliyi azad etdik, Ərgünəş, eləcə də Güllükar, Tuğ dağlarını ələ keçirtdik. Oktyabr ayının 19-na kimi bu ərazidə düşmənin hücumlarının qarşısını alaraq, onu geri çəkilməyə məcbur etdik. Döyüşlər zamanı Naxçıvandan gələn heyət ilk iki gün ərzində Hadrut qəsəbəsi və onun ətrafındakı meşələrdə ayrıca döyüşərək 80-ə yaxın ermənini məhv etdi. Qeyd edim ki, məhv edilən düşmən qüvvəsi araşdırılarkən, bir neçəsinin cibindən Suriya və İraq pasportları çıxdı. Onların PKK-YPG terror qruplaşmasının üzvləri olduğu məlum idi. Sonrakı günlərdə "N" saylı xüsusi təyinatlı hərbi hissənin bölmələri ilə birlikdə döyüşdük.

Hərbi əməliyyatlar zamanı bütün şəxsi heyət Ali Baş Komandan qarşısında daşıdığı şəxsi məsuliyyəti də unutmurdu. Bu haqda tabeliyimdəki birləşmələrin hərbçiləri ilə mütəmadi söhbətlər aparırdım. Söyləyirdim ki, döyüşlərə Azərbaycan Prezidentinin və xalqının çağırışı ilə gəlmişik və bizə böyük ümidlər bəslənir. Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün döyüş hazırlığımızı daha da gücləndirməli, daha effektli etməliyik. 

Bütün döyüş tapşırıqları uğurla yekunlaşdı

Tehran Mənsimovun rəhbərlik etdiyi hərbi birləşmələr növbəti günlərdə erməni qruplaşmalarını məhv edə-edə Hadrutdan Tuğa gedən yolun üstündəki mühüm strateji yüksəkliyə yetişir. Polkovnikin qarşısında yeni döyüş tapşırıqlarının icrası vardı:
- Cəbrayıla gələrək müvəqqəti komanda məntəqəsində general-leytenant Kərim Vəliyevlə (hazırda general-polkovnik rütbəsi ilə müdafiə nazirinin birinci müavini, Baş qərargah rəisi vəzifəsindədir) görüşdüm. Qeyd edim ki, təcrübəli hərbçi-döyüşçü, bizim dillə desək, səngər generalı olan Kərim Vəliyevin bu istiqamətdəki hərbi əməliyyatları peşəkarlıqla koordinasiya etməsi döyüşlərin uğurlu gedişinə mühüm töhfə verirdi. Döyüşlərin gərgin mərhələlərinin getdiyi Xocavənd rayonunun icra hakimiyyətinin başçısı, I Qarabağ müharibəsində könüllü özünümüdafiə dəstələrinin komandiri olmuş Eyvaz Hüseynovun da iştirak etdiyi görüşdə əməliyyat şəraitini, döyüş tapşırıqlarını dəqiqləşdirdik, geniş məsləhətləşmə keçirdik. Hərbi komandanlığın yeni qərarlarını söyləyən Kərim Vəliyev qarşıdakı strateji hədəflər barədə məxfi məlumatları diqqətimə çatdırdı. Kərim Vəliyev Ali Baş Komandanın hazırlayıb təsdiq etdiyi Şuşa əməliyyatı barədə vacib məqamları dedi və ordu rəhbərliyinin tapşırıqları haqda məlumat verdi. Mənə artıq hər şey məlum idi...

Sonra Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim.

Döyüşlər şiddətlə davam edirdi. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralandım. Zərbə qüvvəsi məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqələrdə özümdən getmişdim, sonra şoka girdim. Ancaq təxliyə olunmağı düşünmədim, savaşı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı. Ümumiyyətlə isə, tək mən yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu. 

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfindən müdafiə nazirinin adından növbəti tapşırıq elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Divanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev dedi ki, bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sənin bu döyüş planını uğurla həyata keçirəcəyinə inanırıq. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissədən də əlavə 52 nəfər hərbçi ayrıldı. Planı nəzərdən keçirərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfindən hücum edəcəyimizi gözləyirlər. Gecə ikən dronu havaya qaldıraraq ermənilərin mövqelərinə tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbçisi saydım. Səhər tezdən hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladıq. Arxamızdan da həmlə taborumuz gəlirdi. 2 saata 4,8 km irəliləyərək 2 km-lik silsiləni gərgin döyüşlər nəticəsində ələ keçirdik və 58 nəfər ermənidən biri də sağ çıxa bilmədi. Bizim isə sadəcə 3 yaralımız vardı.

Silsilə hər tərəfdən ermənilərin mühasirəsində olduğu üçün müdafiə mövqeləri qurduq. Çünki həm Yağlıvənd, həm Divanalılar tərəfdən atəş altında idik. Qərara aldım ki, Yağlıvənd kəndini dərhal azad edək. Kəndi azad etmək üçün əvvəlcə ətrafdakı yüksəklikləri tutmaq lazım idi. Yağlıvəndin ətrafında isə 5 yüksəklik var. Kəndi azad etmək barədə qərarıma yuxarı komandanlıq da dərhal razılıq verdi. Oktyabrın 23-də gecə yüksəkliklərin beşini ələ keçirdik və kəndin özünü də azad etdik. 
Döyüşlərin qızğın vaxtında gördüm ki, ermənilər 3 Kamazla öz birləşmələrinə köməyə gəlirlər. Əgər həmin Kamazlar gəlib çatsaydı, hücumda olan bölmələrimiz mühasirəyə düşə bilərdilər. Dərhal Kamazları məhv etdik və psixoloji üstünlüyümüz daha da artdı. Təkcə 35 düşmən cəsədini kəndin içində saydım, bu hücumun nəticəsi olaraq Dilağarda və Qodu Dilağarda kəndlərini də azad etdik. Ümumilikdə ilk həmlədə 3 kənd və 12 yüksəkliyi düşməndən geri aldıq. 

Artıq düşmənin dərinliyinə 9 km girmişdik. Yuxarı komandanlıqdan dedilər ki, əlavə qüvvə göndərilir, onlar gələnə qədər oktyabrın 24-də gecə daha bir yüksəkliyi də azad etdik. 

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan olan kimi mütləq dövlət başçısının müraciətlərinə radio ilə qulaq asırdıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur, Azərbaycanın bu müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi. Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyətini göstərirdi. Biz həmin günlərdə dövlət başçısının vətənpərvərliyinin, vətən sevgisinin, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq. Dövlət başçısının dediyi "dəmir yumruq" isə biz idik, bütün Azərbaycan idi...

Şuşaya doğru...

Oktyabr ayının 28-də Azərbaycan müdafiə nazirinin əmri ilə Tehran Mənsimov Şuşa istiqaməti üzrə əməliyyat qruplaşmalarının rəhbəri təyin olunur. Döyüşlərdə iştirak edən "N" saylı iki motoatıcı briqadanı və digər iki briqadanın taborları onun tabeliyinə verilir. Hadrut ətrafında mövqe tutan hərbi birləşmələrin istiqaməti Daşaltı və Şuşa idi. Tehran Mənsimovun həyatının əsas missiyası başlayırdı:

- Bizdən sağ tərəfdə "N" saylı digər briqada və həmlə taboru, sol tərəfdən isə xüsusi təyinatlılar Şuşaya doğru hücuma keçməliydik. Noyabrın 1-də hücuma başlayaraq ermənilərin qarşımızdakı mövqelərini darmadağın etdik və gəlib Xocalı rayonunun Sığnaq kəndinə çatdıq. Burdan da Çanaqçı kəndinə doğru irəlilədik. Hərbi texnika ilə 200-dən artıq hərbçi 31 avtomobildə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi. 

Motoatıcı dəstələrin önündə gedən kəşfiyyatçılar, xüsusi təyinatlılar artıq döyüşürdülər və bizimlə hava rabitəsi ilə əlaqə saxlamaları da əməliyyatın məxfiliyi baxımından qadağan edilmişdi. Hər tərəfdən düşmənlə əhatələnmiş, hər cığırında erməni mövqeyinin yerləşdiyi ərazidə hərbi texnikanı və şəxsi heyəti hərəkət etdirmək böyük risk idi.

Öncə Meçtaqlar ərazisində "Cəhənnəm dərəsi" deyilən yerdə düşmən mühasirəsinə düşdük. Ağır artilleriya zərbələrindən əlavə onların dronları da davamlı təhlükə yaradırdı. Çətinliklə mühasirəni yarıb, Çanaqçıya çatarkən meşədə növbəti mühasirəyə düşdük. 

Yenə də ağır artilleriya hədəfində idik. Erməni artilleriyası maşın kolonunun ön və arxa avtomobillərini sıradan çıxartdı. Həm qarşıya, həm də geriyə hərəkətimiz mümkünsüz idi. Düşmənin zərbələrini dəf etmək üçün şəxsi heyətlə maşınlardan düşərək kiçik daldalanacaqda mövqe tutduq. Mühasirəni yarmaq üçün kəşfiyyat komandiri kapitan Elmar Allahverdiyevə əmr etdim ki, kolonun önündəki zədələnmiş URAL maşınını dərəyə ataraq yolu açsınlar. Polkovnik-leytenant Cahandar Əhmədov və kapitan Elmar Allahverdiyev 15 nəfərlə birgə yanan maşını yoldan kənarlaşdırıb dərəyə atdılar. Ağır artilleriya zərbələri altında irəliləməyə başladıq. Hərbi qaydalara görə, sonda irəliləməyim gərəksə də, vəziyyətin çox gərgin və həssas olduğunu nəzərə alaraq, ilk URAL-a əyləşərək kolonu mühasirədən çıxarda bildim. 

Çanaqçıya çətinliklə çatdıq. Burada da düşmən çox ciddi müqavimət göstərirdi. Bu zaman qərargahdan növbəti gizli döyüş tapşırığı gəldi. Məxfiliyi qorumaq üçün əmr əldən-ələ ötürülmək şərtilə zərfdə göndərilmişdi. Tapşırığın istiqamətini öyrənən kimi zərfi içindəki yazı ilə bərabər dərhal yandırdım. Növbəti hədəf Daşaltı idi. Həmin gecə Sığnaqla Daşaltının arasındakı strateji yüksəklikdə mövqe tutduq. 

Daha sonra buradan ərazinin kəşfiyyatını həyata keçirərək Daşaltıya hücumu dəqiqləşdirdik. Müəyyən etdik ki, sağdan, soldan və mərkəzdən hansı bölmələr hücum edəcək. Ermənilər güclü müdafiə mövqeləri qurmuş və xeyli ağır texnika, şəxsi heyət cəlb etmişdilər. Biz isə yalnız atıcı silahlarla silahlanmışdıq: avtomat, pulemyot və snayper. 

Düzgün döyüş planlaşdırması, hərbçilərimizin peşəkarlığı və əsgərlərimizin qəhrəmanlığı nəticəsində noyabr ayının 4-də Daşaltı kəndini işğaldan azad etdik. Çox yaxın məsafədən döyüş getdi və kəndi azad etdikdən sonra 190 erməni meyiti saydıq. Bundan sonra ermənilər kəndi aramsız artilleriya atəşinə tutdular və əks-hücumlarla geri qaytarmağa cəhd etdilər, amma hər dəfə itki verərək geri çəkilməyə məcbur oldular.

Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıqdı. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərik. Dərhal qabaqlayıcı tədbirlər gördük və Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulova iki saat müddətində 13 nəfərlik qrupla Laçından gələn yolu bağlamağı əmr etdim. Bir qədər rahat oldum ki, sol tərəfdən düşmənin yolu bağlanıb. 

Həmin gün ermənilər bütün iriçaplı silahlardan - minaatanlardan, "Qrad" qurğusundan, "Şilka"dan Daşaltını atəşə tutaraq dəfələrlə hücuma keçdilər. Lakin tabeçiliyimdə olan şəxsi heyət bir addım da geri çəkilmədi və qəhrəmancasına kəndi saxladılar. Onlardan 67 nəfər şəhid oldu, 120 nəfər yaralandı. Bu döyüşdə nə qədər erməni məhv etdiyimizi dəqiq bilmədik, çünki bütün ətraf yüzlərlə erməni cəsədi ilə dolu idi.

Artıq Xankəndi-Şuşa, Laçın-Şuşa yollarını bağlamış, düşmənin hərəkətini tam dayandırmışdıq. Şimal-qərbdən Şuşa hüdudlarına daxil olmuşduq. Rəhbərlik etdiyim bölmələrimlə noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil olduq. İsa bulağı tərəfdən dolayı yollarla gəlib Xankəndi yolunda digər istiqamətdən polkovnik Fuad Qasımovun rəhbərliyi ilə hücum edən Xüsusi Təyinatlı Qüvvələrimizlə birləşdik. Burda ermənilərin əks-hücumlarını dəf etdik, 18 şəhidimiz oldu. Artıq tabeçiliyimdə 94 nəfər qalmışdı.

Güclü yağış başladı. Hamımız yorğun idik, şəxsən mən 4 gün idi yatmırdım. Qəfil məlumat gəldi ki, Şuşa, Şuşakənd, Xankəndi, Muxtarkənd tərəfdən ermənilər yenidən əks-hücuma keçdilər. Qabaqda gələn iki erməni tankını məhv etdik və döyüş başladı. Yuxarı komandanlığın tapşırığı ilə polkovnik Fuad Qasımovla bir yerdə qərar qəbul etdik ki, artıq Şuşaya daxil olmağın vaxtıdır. Tabeliyimdə olan 94 nəfərdən bir hissəsini meşədə saxladım ki, Keybalılar tərəfdən hücumun qarşısını alsınlar.

"N" saylı motoatıcı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyevə dedim ki, tanklar hazır olsun və Daşaltı tərəfdən Şuşaya girəcəklər. İki tankı da Laçından gələn yola çıxarmağı tapşırdım. Şəxsi heyətlə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başladıq. Qayalıqlarla dırmandıq, yaxın məsafədən qarşımızda mövqe tutan erməniləri məhv etdik. 

Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafəmiz 10 metrdən çox deyildi və həm də artıq elə bir vəziyyət yaranmışdı ki, əlbəyaxa döyüşürdük. Çünki silahı doldurmağa vaxtımız yox idi. Başımız üstündə pilotsuz uçan aparatları, hər addımbaşı aramsız artilleriya zərbələri, minomyotlardan mərmilər... Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürdük. 

Özü də düşmən hündürlükdə və 28 il möhkəmləndirdiyi güclü bir hərbi mövqedə idi. Bizim isə hər addımımız ermənilərin müşahidə və atış hədəfində idi. Onu da nəzərə alaq ki, ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi. Hər addımda erməni tələsi, mühasirə cəhdi, aldadıcı həmlələri vardı. 

Cənab Prezident çıxışlarında bu barədə dəfələrlə danışıb, həqiqətən Şuşa uğrunda döyüşün hərb tarixində analoqu yoxdur. Bütün şəxsi heyət aslanlar kimi döyüşürdü, qorxu, həyəcan bizə tamamilə yad idi, çünki bilirdik nəyin uğrunda döyüşürük. Bilirdik ki, Şuşanın azad edilməsi müharibənin gedişində ən böyük dönüş nöqtəsi olacaq və düşmənin beli tam qırılacaq. Ali Baş Komandanımızın ifadə etdiyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı. Bütün xalq və Ali Baş Komandan Şuşanın azad edilməsini gözləyirdi və biz bu inamı və etimadı mütləq doğrultmalıydıq. 

Ermənilər şəhərə hücumu Qırmızıbazar və Şuşakənd istiqamətindən gözləyirdilər. Amma biz tamamilə fərqli istiqamətdən şəhərə daxil olduq. 

Artıq noyabrın 6-da Şuşada idik. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdik. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdik, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədik. Qeyd edim ki, sonrakı günlərdə də Azərbaycan Ordusunun hərbi geyimində olan erməni xüsusi təyinatlıları və diversantlarına şəhərdə dəfələrlə rast gəlindi. 

Noyabrın 7-də ermənilər Şuşanı geri qaytarmaq üçün 1000 nəfərdən artıq heyətlə yenidən hücuma keçdilər. Yer-göy silkələnirdi, şəhər güclü artilleriya atəşinə tutulurdu. Həmin gün 4 əks-hücumun qarşısını aldıq. Şuşa yolu artıq təmizlənirdi və şəhərin müdafiəsinin təşkili üçün iki tank və bir piyada döyüş maşınının bura gətirilməsini əmr etdim. Artıq Xankəndinə gedən yolu nəzarətə götürmək lazım idi. 

Hərbi hissələrin nömrələrini məxfi saxlamaq vacibdir. Ancaq 181 saylı hərbi hissənin adını tarix üçün xüsusi qeyd etməyə borcluyam. Onlar Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərdilər. Polkovnik Vilayət Quliyevin rəhbərliyi altında bu hərbi hissə böyük şücaətlərə imza atdı. 

Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfimizdən Daşaltıya gedən yolu tutmaq üçün təxminən 200 nəfərlik şəxsi heyət yönləndirildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar. 

Noyabrın 8-də ermənilər şəhərə "İskəndər" raketi ilə zərbə endirdilər. Amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər. Bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqeləri tutmuşdular. Möhtərəm Prezidentimiz İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!" bəyanatı ən böyük milli bayramımıza, ən mühüm Zəfərimizə çevrildi!

Əlbəttə ki, düşmən bu təslimçiliyi ilə barışmaq istəmirdi. Birinci Qarabağ savaşından başlayan döyüş təcrübəmə əsasən bilirdim ki, ermənilər tərəfdən əks-hücum olacaq. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndiyə doğru qaçan erməni dəstələrini məhv edirdik. 

Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Muxtarkand-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hücuma keçdi. Şuşa və Xankəndiyə gedən yol eynidir və bizim nəzarətimizdə idi. Cəmi 50 döyüşçü ilə düşmənin intensiv artilleriya, raket və minaatan atəşi altında mövqelərimizi qoruyurduq. Hər metrə bir mərmi düşürdü. Düşmən onilliklər boyu əraziyə hakim olduğundan, coğrafi relyefi əla bilirdi, buna görə də şiddətli artilleriya atışı və çoxsaylı heyətlə hücuma əminliklə başladı. Ancaq geri oturduldu və böyük itki verdi. 

9 noyabrda düşmən yenidən geniş əks-hücum əməliyyatı keçirdi. Sübh tezdən başlayan hücum intensiv artilleriya atəşləri ilə davam etdi. Ermənistan cəbbəxanasında olan ən ağır və dağıdıcı bütün silahlarından - "Smerç" reaktiv raket və "TOS" ağır odsaçan artilleriya sistemlərindən, kaset mərmilərindən və digər bu kimi ağır artilleriya vasitələrindən istifadə etdi.

Şuşanın bütün binaları hədəfə alındı. Xüsusilə müdafiəni qurduğumuz qala şiddətli atəşə məruz qaldı. Əslində, bütün hədəflər düşmənə məlum idi, buna görə də hətta ən yüksək yerdə yerləşən qalanın hər qarışına bir mərmi düşürdü. Şəhərdə dəhşətli vəziyyət yaranmışdı. Axşam saat 7 radələrində düşmən yenidən əks-hücuma keçdi. 

Xankəndiyə gedən yolun sol tərəfində bir qüllənin və böyük xaçın yerləşdiyi yüksəklik tərəfdən 30 nəfər və Xankəndi tərəfdən isə 40 nəfər qara forma geyinmiş erməni silahlısı hücuma keçdi. Hiss olunurdu ki, bunlar xüsusi təlim keçmiş bölmələrdir. Polkovnik Vilayət Quliyev yüksəklikdən irəliləyən düşməni BMP-2 atəşi ilə, digər istiqamətdə yığılmış düşmən qrupunu isə iki tank əleyhinə idarə olunan raketlə məhv etdi. Həmin gün onların əks-hücumu yatırıldı, gecə isə pilotsuz təyyarələrimizin işinə mane olan "TOR" hava hücumundan müdafiə kompleksini məhv etdik. 

İlham Əliyevin yaratdığı şanlı tarix

Noyabrın 9-da Şuşada hər şey artıq başa çatmışdı, düşmən birdəfəlik məhv edilmiş, şəhər tam təmizlənmişdir. Tehran Mənsimovun rəhbərlik etdiyi əməliyyat qruplaşması Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini qələbə ilə icra etmişdilər. Artıq Zəfər qazanılmışdı. 

Tehran Mənsimov həmin günlərin qürurunu və həm də ağrısını hələ də eyni həyəcanla yaşayır:

- Noyabrın 9-da saat 23:45-də elan olundu ki, 15 dəqiqədən sonra atəşkəs qüvvəyə minir. Hesab etdim ki, bu da əvvəlkilər kimi simvolik atəşkəs olacaq. Ancaq bir müddət sonra Ermənistanın təslim olmasından xəbər tutduq. Sevincimizin hədd-hüdudu yox idi! Gün ərzində ermənilər dəfələrlə atəşkəsi pozdular və bizi cavab tədbirlərinə təhrik etməyə çalışdılar. Ancaq təxribata getmədik. 

Tarix üçün bir daha deyirəm, qoy heç kim unutmasın: Şuşa Xüsusi Təyinatlı Qüvvələr başda olmaqla, 4 hərbi hissənin (3 xüsusi təyinatlı və 181 saylı hərbi hissələr) hücumu ilə azad edildi!

Noyabrın 10-da daxili qoşunlarımızın bölmələri şəhərə daxil oldular. Mövqelərimizi daha da möhkəmləndirdik. Sonrakı günlərdə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə yüzlərlə erməni cəsədini qaytardıq. 

Şuşa uğrunda döyüşlərdə tabeçiliyimdə olan şəxsi heyətin 40 nəfəri qəhrəmancasına şəhid oldu. Ümumiyyətlə, Naxçıvan Xüsusi Təyinatlılarının heyətindən 81 nəfər şəhid oldu, 307 nəfər isə yaralandı. Bu igidlərin qəhrəmanlıqları daim xalqımızın yaddaşında yaşayacaq, hər zaman qürur mənbəyimiz olacaq.

Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nayihəmdə yırtıq əmələ gəlmişdi, sağ qulağımın pərdəsi cırılmışdı. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərinin yaradılmasını başa çatdırdıqdan sonra yaralarım kəskinləşib səhhətim pisləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşadan Bakıdakı Hərbi hospitala müalicəyə yollandım.

Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandir, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, bütün xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib. Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdığına, yüksək qayğı ilə əhatə olunduğuna görə Mehriban xanım Əliyevaya borcludur.

Azərbaycan xalqı bu müharibədə şanlı tarix yazdı. Bu tarixin baş müəllifləri Ali Baş Komandan İlham Əliyev, şəhidlərimiz və döyüşlərin bütün iştirakçılarıdır. Biz torpaqlarımızı cənab Prezidentin qətiyyəti sayəsində, şəhidlərimizin qanı bahasına və döyüşlərdə iştirak edən oğullarımızın qəhrəmanlığı nəticəsində azad etdik. 

Mənim üçün həm də ən mühümü o idi ki, Ali Baş Komandan bizə inanırdı və güvənirdi. Biz bu etimadı doğrultmalı idik. Fəxr edirəm ki, mən bu etimadı doğrultdum və bir zabit kimi öz şərəfli vəzifəmi ləyaqətlə yerinə yetirdim.

Müzəffər Ali Baş Komandan Şuşanın Xilaskarı, daha dəqiq desək, Qarabağın Xilaskarı oldu. Onun yaratdığı ordu dünyanın ən güclüləri sırasındadır. Möhtərəm Prezidentin hazırladığı hərbi əməliyyatlar onun yüksək strateqliyini təsdiqlədi və Zəfərimizi təmin etdi. Cənab İlham Əliyevin "dəmir yumruğ"u ikiəsrlik münaqişəyə və 32 illik müharibəyə son qoydu. Liderimizin müəllifi olduğu "Dəmir yumruq" əməliyyatı qlobal miqyaslı yeni nəsil hərbi taktikalar içərisində ən üst sırada dayandığından, o, artıq dünya səviyyəli sərkərdə, mükəmməl hərbi strateqdir. 

Tariximizin ən qüdrətli sərkərdəsi olan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə əbədi minnətdarıq...

Bir hərbçinin, komandirin, vətənpərvərin həyat hekayəsini qələmə aldıq... 

Onun ağrıları, itkiləri, sevinci, qüruru - bütün duyğuları ikinci ildönümünü qeyd etdiyimiz Zəfər məqamında - Şuşa zirvəsində əbədiləşir...

Bu, həm də bir əfsanənin, özü də canlı əfsanənin əsrlər boyu gənc nəslə örnək, nümunə olacaq ömür günlüyüdür. Zatən, 3 mindən artıq şəhidimizin, on minlərlə döyüşçümüzün və əlilin hər biri gerçək əfsanədir, igidlik dastanı qəhrəmanlarıdır.

Onları unutmuruq, öyrənirik, öyrədirik...

Tehran Mənsimovu da əsla unutmayaq, xidmətlərini, vətənpərvərliyini öyrənək və gələcək nəsillərə öyrədək...

İxtiyar Hüseynli 
"Azərbaycan" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: