9 Oktyabr Beynəlxalq Poçt Günüdür

Muxtar respublikada poçt sistemi müasir tələblər səviyyəsində qurulub

A- A A+

1969-cu ildə Yaponiyada keçirilmiş Ümumdünya Poçt İttifaqının Konqresində qəbul edilmiş qərarla hər il oktyabrın 9-u Ümumdünya Poçt Günü kimi qeyd olunur.

Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrünə təsadüf edir. Həmin illərdə ölkəmizin rabitə sistemində əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi qurulmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra isə ulu öndərin rəhbərliyi ilə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Muxtar respublikada son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompyuter şəbəkələrinin yaradılması poçt sahəsində xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt şöbəsi, 7 rayon poçt filialı və 177 poçt bölməsi fəaliyyət göstərir. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 172 ədəd POS terminal qoyulub. Həmçinin Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tərkibində yaradılan yeni “NAXTEL” 4G mobil operatoru ilə müqavilə bağlanılıb, nömrələrin və danışıq kartlarının satışı poçt şöbə və bölmələri tərəfindən həyata keçirilməsi təşkil olunub.

Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə də tələbatı artırıb. Çünki, elektron imzadan istifadə vaxta qənaət etməyə imkan yaratdığı qədər həm də harada olmasından asılı olmayaraq istənilən sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz olaraq göndərməyə imkan verir. Bundan başqa fiziki və ya hüquqi şəxslər müəyyən elektron xidmətlərdən hər hansı sayt üzərindən istifadə etmək üçün elektron imzadan istifadə edə bilirlər. Bunun üçün Naxçıvan şəhərində server, kompyuterlər, kart və pin kodların çapı üçün printerlər qoyulub, əməliyyat zalında ərizələrin qəbulu üçün bölmə yaradılıb. İnsanların bu xidmətə olan tələbatını ödəmək məqsədilə elektron imza kartının  mərkəzi poçt şöbələrində verilməsi təşkil edilib.

Naxçıvan şəhərində qaz və elektrik sayğacları daha təkmil olan SMART kart tipli sayğaclarla dəyişdirilir. Poçt bölmələrində həmin kartların yüklənməsi işi təşkil olunub. Bunun üçün Naxçıvan şəhər rabitə idarəsinin texniki binasında server qoyulub, şəbəkəyə qoşulub, Naxçıvan şəhərində 18 poçt məntəqəsində yeni kompüter, kart oxuyucuları qurulub, elektrik və qaz təsərrüfatı ilə məşğul olan idarələrdəki kompyuterlər də həmin şəbəkəyə qoşulub.

Naxçıvan Muxtar Respublikasında 2016-cı ilin dekabr ayından “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “İtirilmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlayıb. Bu xidmət rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılıb. Vətəndaşlar “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında yerləşdirilmiş “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları, yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Tapılan əşya poçt xidməti vasitəsi ilə sahibinə çatdırılır.

Bu gün muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir. Bundan başqa Naxçıvanda beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda  göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır.

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə nümunəvi xidmət göstərəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: