Şahbuzda payızlıq taxıl əkinlərinə başlanılıb - FOTOLAR

A- A A+

Şahbuzun zəhmətkeşləri hər il taxılçılıqda yüksək məhsuldarlıq əldə edirlər. Dağlıq bölgədə daha əvvəllər suvarılmayan torpaqların münbitləşdirilərək əkin dövriyyəsinə qatılması, nasos stansiyalarının və suvarma şəbəkələrinin istifadəyə verilməsi nəticəsində bu il rayonda 1527 hektar sahədə 4 min tondan artıq taxıl yığılıb, hər hektarda məhsuldarlıq 27 sentnerə yaxın olub.

Hazırda növbəti mövsümün əkinləri aparılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, taxıl əkini ərəfəsində şumdan əvvəl sahələrə üzvi gübrə daşınır, ərazilərə səpilərək  şum qaldırılır, digər aqrotexniki tədbirlər həyata keçirilir. Payızlıq taxıl əkinində “Naxçıvan Aqrolizinq” ASC tərəfindən gətirilən 15-ə yaxın müasir texnika, şum traktoru və səpin aqreqatlarının qüvvəsindən istifadə edilir.

Qısa müddətdə 600 hektardan artıq sahədə şum qaldırılıb, 50 hektar sahədə isə taxıl əkilib. İlkin olaraq yüksək ərazilərdə,  dəmyə əkinçiliyi üçün münbit olan sahələrdə taxıl əkilir. Türkeş kəndi ərazisində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Qızıl nov massivində şumlama və taxıl əkini həyata keçirilir. Artıq 30 hektar sahədə əkin başa çatdırılıb.

Taxıl əkinində bölgənin torpaq-iqlim şəraitinə uyğun məhsuldar toxumlardan istifadə olunur. Daha çox “Qobustan”, “Fatimə”, “Bayraqdar”, “Konya-2002”, “Ceyhan-99” və digər dərmanlanmış toxum sortlarının əkini aparılır. Müasir səpin aqreqatları bu işi qısa müddətdə başa çatdırmağa imkan verir.

Qeyd edək ki, yüksək ərazilərlə yanaşı rayonun dağətəyi və aran zonalarında da payız əkini üçün lazımi hazırlıq işləri həyata keçirilir. Hazırda rayonun Türkeş, Sələsüz, Mərəlik, Daylaqlı, Külüs və digər kəndlərində payızlıq taxıl əkinləri üçün hazırlıq işləri aparılır, torpaqlar şumlanır, toxumluq material tədarük olunur və digər aqrotexniki tədbirlər həyata keçirilir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: