Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir.
Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyəti qurumlar tərəfindən icra edilir. Avqust ayının 4-də keçirilmiş müşavirədə də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması, eləcə də bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması tapşırılıb.
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi, ilk növbədə, məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.
Uyğunluq sertifikatı olmadan idxal edilən qızdırıcı elektrik və qaz cihazları sərhəd-keçid məntəqələrində saxlanılır. Ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yerindəcə yoxlanılır və müsbət rəy alındıqdan sonra buraxılışına icazə verilir. Təbii ki, gömrük orqanları insanların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi malların standartlara uyğunluğunu, təhlükəsizliyini vizual şəkildə müəyyənləşdirə bilməz. Bunun üçün aidiyyəti dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı olmalıdır. Xaricdən uyğunluq sertifikatı olmadan gətirilən və standartlara uyğunluğuna dair müsbət rəy verilməyən qaz sobalarının gömrük orqanları tərəfindən saxlanılması təhlükəsizliyin təmin olunmasına, vətəndaşlara dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasına xidmət edir. Muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşaması fərdi yaşayış evlərində qazla işləyən cihazlara tələbatı artırmaqla yanaşı, onlardan istifadə zamanı təhlükəsizliyin təmin olunmasını da aktual edir. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin edilmədikdə bədbəxt hadisələr qaçılmaz olur. Yeri gəlmişkən qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli vəziyyətə çatanda qazın sobaya girişini avtomatik dayandıran xüsusi qurğu var. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar avtomatik qaz kranı, yəni qaztənzimləyici ilə təchiz edilir. Sınaq yoxlamalarının nəticələri göstərir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən xaricdən alınıb gətirilən sobaların heç də hamısı standartlara cavab vermir. Xarici uyğunluq sertifikatı olan qaz sobalarında bir çox hallarda müəyyən olunur ki, maya dəyərinin aşağı salınması və ya hər hansısa başqa bir səbəbdən onların üzərində bu qurğular olmur və ya sonradan açılıb çıxarılır. Məhz təkcə ötən il ərzində fiziki şəxslər tərəfindən gətirilmiş 197 sobanın 88-nin standartlara uyğun olmamasının müəyyən edilməsi və buraxılışına icazə verilməməsi bu sahədəki vəziyyəti əks etdirir. Adıçəkilən müşavirədə verilmiş tapşırıqların icrasıyla əlaqədar xaricdən gətirilən, o cümlədən satışa çıxarılan qızdırıcı elektrik və qaz cihazlarının milli sertifikatlaşmaya uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən daxili bazarda birgə reydlər də təşkil olunur, maarifləndirici tədbirlər aparılır. Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə xaricdən gətirilən və milli sertifikatlaşmadan keçməyən elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən bu tip cihazların gətirilməsinə icazə verilməsi üçün yeganə əsas aidiyyəti dövlət orqanı tərəfindən aparılmış müayinədən sonra verilmiş və ya tanınmış uyğunluq sertifikatıdır.