Hüseyn Cavidin ev muzeyində təmir – bərpa işləri aparılır - FOTOLAR
Muxtar respublikada aparılan quruculuq-abadlıq işləri muzeyləri də əhatə edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair-filosof Hüseyn Cavidin ev muzeyində təmir-bərpa işləri aparılır.
Böyük filosof – şair Hüseyn Cavidin ev muzeyində 10 mindən artıq eksponat toplanıb. Muzeydə aparılan təmir-bərpa işləri görkəmli dramaturqun irsinə verilən yüksək qiymətin təzahürüdür.
Xatırladaq ki, muzey xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il iyul ayının 21-də Hüseyn Cavidin uşaqlıq və gənclik illərini yaşadığı evdə yaradılıb, muzeyin yaxınlığında Cavidlər məqbərəsi ucaldılıb
2022-ci ildə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyev ölkəmizdə şair-dramaturqun 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq edilib.
Adilə Səfərova