Hüseyn Cavidin 140 illiyi Naxçıvanda qeyd edilib - FOTOLAR
Bu gün filosof-şair, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasından 140 il ötür. Ümummilli lider Heydər Əliyev deyirdi: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün, gələcək nəsillər üçün dərslik kitabıdır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dahi sənətkarın anadan olmasının 140 illiyi ilə bağlı təsdiq olunan Tədbirlər Planına əsasən Naxçıvanda Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümü və “Hüseyn Cavid Poeziya Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu Cavidlər məqbərəsini ziyarət edib, güllər düzüblər.
Sonra tədbir Naxçıvan Dövlət Milli Dram Teatrında davam etdirilib. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradan Hüseyn Cavid öz yaradıcılığı ilə Şərqin estetik fikir tarixini və dünya romantizm ənənələrini yeni ideyalarla zənginləşdirib. “Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamilliyinə möhkəm inam öz əksini tapıb. Ədibin lirik yaradıcılığının ədəbiyyatımıza bir töhfəsi də söz sənətimizə ümumtürk məfkurəsi gətirməsi olub.
Bildirilib ki, ömrünün son anına qədər öz böyük iradəsindən və ümumbəşəri əqidəsindən dönməyən Cavid 1937-ci ilin qanlı burulğanının qurbanı olub, 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat edib. Hüseyn Cavidin, onun yaradıcılığının xalqımıza qaytarılmasında və təbliğində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açan nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olunub. Bu keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsi idi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldılıb, Naxçıvanda və Bakıda Hüseyn Cavidin ev muzeyləri açılıb. Ümummilli liderimizin himayəsi ilə 1982-ci ildə Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edilib. 2002 və 2012-ci illərdə böyük ədibin 120 və 130 illiyi Ölkə Prezidentinin sərəncamları ilə Azərbaycanda geniş qeyd olunub. Prezident İlham Əliyevin tapşırığı əsasında Hüseyn Cavidin külliyyatı 5 cilddə nəfis şəkildə çap olunub, dram əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulub.
Qeyd olunub ki, Prezident İlham Əliyev görkəmli dramaturqun 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb, Naxçıvanda Tədbirlər Planı təsdiq olunub. Plana uyğun olaraq tədbirlər, konfranslar, poeziya günü keçirilib və digər layihələr reallaşdırılıb. Hazırda görkəmli ədibin ev muzeyində təmir-bərpa işləri aparılır. Bütün bunlar dahi sənətkarın ümumbəşəri yaradıcılığının və yenilməz şəxsiyyətinin təbliğinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Asim Əliyev və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev çıxış edərək dahi mütəfəkkirin keşməkeşli həyat yolundan və Azərbaycan ədəbiyyatına bəxş etdiyi bənzərsiz yaradıcılıq irsindən bəhs ediblər.
Sonra Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Turab Hacızadə