Naxçıvanda ASAN Xidmət və DOST mərkəzlərinin inşası davam etdirilir - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində ASAN Xidmət və DOST mərkəzlərində inşaat işləri davam etdirilir. Bu mərkəzlərin fəaliyyətə başlaması ilə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid, daha operativ və əlaqələndirilmiş formada həyata keçirilməsi təmin ediləcək.
Son illər ölkəmizdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub.
Naxçıvan şəhərində inşa olunan ASAN Xidmət və DOST mərkəzlərinin inşası da bu sahədə mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən ASAN Xidmət Mərkəzinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə vəsait ayrılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə ASAN Xidmət Mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılaraq xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə fərqlənən bina inşa olunub.
Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv, digər mərtəbələrdə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün digər otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya yerləşir. Hazırda mərkəzdə son tamamlama işləri görülür, mebel və digər avadanlıqlar quraşdırılır, həyəti abadlaşdırılır.
Qeyd edək ki, mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən müxtəlif xidmətlər göstəriləcək. Mərkəzin kadr potensialını formalaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan da keçirilib.
Əhalinin məşğulluğunun, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması məqsədilə inşa olunan DOST Mərkəzində də inşaat işləri davam etdirilir. Mərkəzin zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət inzibati binasında notariat, sosial- psixoloji, həkim, səyyar xidmət və digər iş otaqları, eləcə də çağrı mərkəzi yerləşəcək. Hazırda binada inşaat işləri sürətlə davam etdirilir, fasadı müasir memarlıq üslubunda üzlənir.
Mərkəz fəaliyyətə başladıqdan sonra burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət” və digər xidmətlər göstəriləcək. Mərkəz vətəndaşların bütün xidmətlərdən “bir pəncərə” prinsipi əsasında faydalanmasına imkan verəcək. Burada vətəndaşlar üçün məsləhət və məlumat xidmətləri də fəaliyyət göstərəcək. Mərkəzdə bilavasitə telefon və ya internet vasitəsilə daxil olan müraciətlər əsasında, eləcə də səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək.
Novruz Məmmədov