Naxçıvan Dövlət Xalça Muzeyinə Kamil Əliyevin adının verilməsi onun yaradıcılığına yüksək qiymətin daha bir ifadəsidir - VİDEO

A- A A+

Azərbaycanın görkəmli xalçaçı-rəssamı kimi tarixə iz salmış Xalq rəssamı, professor Kamil Əliyev şaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə töhfələrini verib. 1921-ci ildə qədim Oğuz yurdu İrəvan şəhərində Əliyevlər ailəsində anadan olan sənətkar uşaq yaşlarından bu sənətə meyl göstərir. Elə bu maraq onun yolunu Bakı Rəssamlıq Məktəbindən salır. Kamil Əliyev burada tanınmış rəssam Əzim Əzimzadədən dərs alır.

Qısa zamanda kamil bir rəssam kimi formalaşan gənc istedad Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən respublikanın tətbiqi incəsənət ustası adının da ilk sahibi olub. 30-cu illərdə Bakı Rəssamlıq Məktəbində təhsil alarkən "Azərxalça" Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.

1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. Professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları yüksək dəyərə malikdir. Dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilən bu əsərlər sənətkara böyük nüfuz qazandırıb. Onun müəllifi olduğu portret-xalçalarda ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlərin, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər görkəmli ədiblərin əks olunması rəssamın tariximizə, mənəvi dəyərlərimizə, dövlətçiliyimizə bağlılığının təzahürüdür.

1999-cu ildə yaratdığı böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin yüksək bədii xüsusiyyətlər kəsb edən portreti bütövlükdə Kamil Əliyev yaradıcılığının zirvəsini təşkil edir. Dahi şəxsiyyətin general libasında portret xalçasını yaradan rəssamın bu əsəri ictimaiyyət arasında, xüsusilə sənət adamları tərəfindən böyük rəğbətlə qarşılanıb. Ümummilli liderimizin 75 illiyinə hədiyyə etdiyi bu əsər ən sıx ilmələrlə toxunan xalça olmaqla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin ən dəyərli nümunələri sırasındadır. Bura ziyarətə gələn hər kəs bu əsərin qarşısında ayaq saxlayır, onun mükəmməlliyi haqqında düşünür. Ulu öndər Heydər Əliyev özü xalçaya baxarkən susub, əlini ilmələr üzərində gəzdirərək deyib: "Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır". 

Görkəmli rəssamın yaradıcılığı dövlət tərəfindən daim yüksək dəyərləndirilib. O, bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 illiyi dövlət səviyyəsində qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 12 oktyabr tarixli Sərəncamı ilə görkəmli rəssamın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 16 oktyabr tarixli Sərəncamı ilə bu istiqamətdəTədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən ötən il diyarımızda “Kamil Əliyev-100” mövzusunda elmi konfrans keçirilib, Naxçıvan Dövlət Xalça Muzeyində ali təhsil müəssisələrində aid ixtisas üzrə təhsil alan tələbələr üçün açıq dərslər keçilib, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının bir nömrəsi Kamil Əliyevin həyat və yaradıcılığına həsr olunub, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xalq rəssamı Kamil Əliyevin yaradıcılığına həsr olunmuş sərgi açılıb. Bütün bunlar Azərbaycan xalçaçılıq və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm xidmətləri olan Kamil Əliyevin fəaliyyətinə verilən yüksək qiymət kimi böyük dəyərə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilib. Oktyabrın 22-də Ali Məclis Sədrinin iştirakı ilə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olub.

Muzeydə xalq rəssamı Kamil Əliyevlə bağlı guşəyə yaradılıb. Guşədə rəssamın ailəsi tərəfindən hədiyyə olunmuş ornamental xalçalar, xalça çeşniləri və kənarəsi, eləcə də rəssamın həyat və fəaliyyətini əks etdirən rəsmi sənədlər, xalça fotosurətləri, kitab, jurnal, qəzet və sənədli filmlər nümayiş olunur. Burada Kamil Əliyevin eskizi əsasında toxunan “Heydər Əliyev” portret-xalçalarının fotoları yer alır. Hazırda Kamil Əliyevin çeşniləri əsasında yeni xalçalar toxunur.

                                                                    Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: