Ulu Cavid işığında - Söz tələbə jurnalistlərindir

A- A A+

Payızda dünyaya gəlmişdi böyük və unudulmaz ustad. Adətən oktyabra "Cavidlər ayı" deyirlər. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda doğulublar. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin özünün doğum günüdür.

Dahi şəxsiyyət Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin Ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Cavidin söykəndiyi həqiqətin bircə mənası vardı: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb.

Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindəndir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək deyib: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir".

Yaradıcılığa şeirlə başlayan Cavid ilk pyesi "Ana"nı 1910-cu ildə yazıb. 1937-ci ilə kimi bir-birinin ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. "Maral", "Şeyx Sənan", "Uçurum", "Şeyda", İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı", "Atilla", "Koroğlu" ssenarisi, yarımçıq "Azər" poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır.

Millətini, xalqını canından artıq sevən böyük mütəfəkkir 1937-ci ilin qəzəbli möhürünə - "vətən xaini" kimi iyrənc ifadəyə məruz qaldı. Özünü həmişə "hüsni-Xuda şairi" sayan, xəyalı səmalara qanadlanan Cavid dillər əzbəri olan "Mənim tanrım" adlı şeirində deyirdi:

Hər gülün cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var.

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim tanrım gözəllikdir, sevgidir!

Hüseyn Cavid elə bir həqiqətin əsiri idi ki, o, altun saraylara, daş zindanlara, vəhşi pəncələrə, tikanlı məftillərə  meydan oxuyurdu. Cavid elə bir həqiqətin aşiqi idi ki, qumral gözəllərə, sevdalı könüllərə öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı. Bu gün söz sahibimizin, qüdrətli şairimizin, böyük dramaturqumuzun doğum günüdür! Bu gün Cavid həqiqətinin gül açdığı gündür!

Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikildi, Bakıda və Naxçıvanda Hüseyn Cavidin ev muzeyi açıldı. 120 illik yubileyinin təntənəli keçirilməsi də Hüseyn Cavidin adı ilə bağlanan üçüncü böyük sevinc idi ki, məhz dövlət müstəqilliyimizi qazandıqdan sonra baş tutdu.

Şərqin qapısı sayılan Naxçıvanda işıq kimi ətrafa nur səpən bir məqbərə var - Cavidlər məqbərəsi! Müqəddəs torpağın sakinləri də, bura gələn qonaqlar da həmişə üç ünvanı ziyarət etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Mömünə xatun türbəsi və Cavidlər məqbərəsi! Sovet quruluşunun həyata keçirdiyi repressiyalar nəticəsində bir-birindən ayrı düşən Cavidlər məhz bu məqbərədə bir-birinə qovuşaraq rahatlıq tapdılar.

"Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb-yaradan Hüseyn Cavidin əsərləri bu gün də aktual və mənalı səslənir. Doğum günün mübarək, böyük ustad! Sən elə zirvədəsən ki, sənə nə əl çatar, nə söz yetər! Hər zaman səni sevən hər kəsin - səni sevənlərin qəlbində yaşayacaqsan!

Aysel İsazadə

Jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: