Səyyahlar Naxçıvanla bağlı video və fotolar paylaşıblar - FOTOLAR - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu yaxınlarda Əlincəqalada olan Nigeriyalı səyyah Yoliandri Susilo burada çəkdiyi videogörüntünü özünün facebook səhifəsində paylaşıb.
Qala haqqında kadrarxası məlumat verən nigeriyalı qonaq deyir ki, “Qala xarabalıqlar üzərində yenidən qurulub. Orta əsrlərdə bura Atabəylər dövlətinin iqamətgahı və ən güclü, böyük qalalarından olub. Azərbaycana məxsus olan Naxçıvandakı dağın zirvəsində yerləşir. Qalaya qalxmaq üçün 35-45 dəqiqə lazımdır. Bu qalanı fəth etmək istəyən yadellilər, o cümlədən 14-cü əsrdə Əmir Teymur bunu bacarmayıblar”. Yoliandri Susilo həmçinin Əlincəqalanın yerləşdiyi dağlar və coğrafi mövqe haqqında da öz izləyicilərinə məlumat verib.
Qazaxıstanın crovn-travel turizm agentliyinə məxsus olan crovn_travel.kz adlı istifadəçi isə Duzdağ mağarası haqında öz səhifəsində geniş məlumat və Naxçıvan Televiziyasının hazırladığı videoçarxı yerləşdirib. Duzdağın müalicəvi əhəmiyyəti, keçmiş SSRİ ölkələri arasında ən faydalı müalicə mərkəzi olduğunu vurğulayıb. Duzdağda müalicə edilən xəstəliklərin siyahısı da burada yer alıb.
Türkiyəli Erol Akcan adlı instagram istifadəçisi Naxçıvan şəhərindən olan fotoları paylaşıb. Atam torpağı Naxçıvan başlıqlı fotolarda Naxçıvandakı memarlıq üslubu ilə fərqlənən tikililər öz əksini tapıb.
Qazaxıstanlı Lira Xassen öz instaqram səhifəsində artıq 3-cü dəfədir ki, balaca qızı ilə Naxçıvana gəldiyini və məşhur Duzdağda müalicə aldıqlarını qeyd edib. Duzdağın müalicəvi əhəmiyyəti haqqında öz izləyicilərinə geniş məlumat verən Almatılı xanım buranı tanrının möcüzəsi adlandırır. Həmçinin qədim tarixi abidələrin fotolarını paylaşıb.
Bankoklu instagram istifadəçisi yok-pirmattra isə “İslam Mədəniyyətinin Paytaxtı” başlığı ilə Naxçıvandakı Şərq hamamının görüntüsünü öz səhifəsində yerləşdirib. Müxtəlif məqamları əks etdirən fotolar qədim abidə haqqında izləyicilərə məlumat verir.
Türkiyənin www.gezerdoner.com saytında Əshabi–Kəhf ziyarətgahı ilə bağlı qısa videomaterial yerləşdirilib. İstifadəçi Qurani-Kərimdə adı çəkilən bu nadir dini ziyarətgah haqqında məlumat verir. Videomaterial ilə buradan tanış ola bilərsiz.