Hazırda dünyanın bir çox ölkələrində fastfud qidaların istehlakı durmadan artır. Bəzən vaxtın az olması fastfud qidaların daha tez və asan başa gəlməsi onlardan istifadəni zəruri edir. Həmin qidalara qatılan dadlandırıcılar xüsusilə uşaqlarda həmin qidalara qarşı istək yaradır. Mütəxəssislər fastfudların kökəlməyə səbəb olmaqla yanaşı, eyni zamanda mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində əsas rol oynadığını qeyd edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib: ”Fastfudlarla qidalanma müasir dövrün ən aktual problemlərindən biridir. Onunla qidalanma nəticəsində bir sıra xəstəliklərin artdığı və həmin xəstəliklər sırasında piylənmənin ön sırada gəldiyi müşahidə edilir. Fastfud qidaların yüksək kalorili və yağ miqdarının kəskin şəkildə çox olması nəticəsində piylənmə qlobal şəkildə artmaqda davam edir. Xüsusən uşaq yaşlarında fastfud qidaların qəbulu həmin qidaları qəbul etməyənlərlə müqayisədə piylənmə riski daha yüksəkdir”.
Bu cür qidalar qısa müddətdə aclığı aradan qaldırsa da, orqanizmə verdiyi zərərlər qaçılmazdır. Həkim-diyetoloq Gülsüm Hüseynovanın dediyinə görə, valideynlər uşaqlarını lap kiçik yaşlarından bu cür qidalara öyrəşdirməkdə səhvə yol verirlər: “Çox vaxt uşaqlar əsas qida qəbullarından imtina edirlər və onların rasionunun əsasını fastfudlar təşkil edir. Uşaqların fastfudlara meyl etməsinin səbəbi onun asanlıqla əldə edilməsi və geniş reklam olunmasıdır. Fastfudlar qəbul etdiklərinə görə onlar səhər, günorta və axşam yeməklərindən imtina edirlər. Ona görə də valideynlər uşaqlıqdan övladlarına sağlam qidaları sevdirməyə çalışmalıdırlar”.
Ayaqüstü yeyilən qidaların hazırlanması zamanı rəngləndiricilərdən, dadlandırıcılardan və digər qatqı maddələrindən istifadə edildiyi üçün insan orqanizmi zamanla zəhərlənməyə məruz qalır. Həmin qidaların gigiyenik baxımdan təmiz olmaması da infeksiya riskini artırır.