BMT-nin məruzəsi: İstixana qazları tullantılarının həcmi və sürəti azalır, lakin bu proses çox ləng gedir
İstixana qazları tullantılarının həcmi azalır, lakin bu proses ləng gedir, onun sürəti qlobal istiləşməni cilovlamaq – bu əsrin sonuna qədər temperaturun Selsi şkalası ilə 1,5 dərəcədən çox yüksəlməsinə yol verməmək üçün kifayət deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər BMT-nin yeni məruzəsində öz əksini tapıb. Məruzə müəlliflərinin hesablamalarına görə, Paris sazişini imzalamış 193 tərəfin iqlim barədə götürdükləri öhdəliklərin indiki vəziyyətində XXI əsrin sonuna qədər istiləşmə Selsi şkalası ilə 2,5 dərəcəyə çata bilər. Mövcud trayektoriyada 2030-cu ilə qədər tullantıların həcmi 2010-cu ilin səviyyəsi ilə müqayisədə 10,6 faiz artacaq. Əvvəl nəzərdə tutulmuşdu ki, bu müddətdə emissiyalar 13,7 faiz artacaq. Beləliklə, artım trayektoriyasını bir qədər azaltmaq mümkün olub.
BMT-nin bundan əvvəlki məruzəsində deyilirdi ki, istixana qazları tullantılarının artması 2030-cu ildən sonra da davam edəcək. Yeni tədqiqatın müəllifləri bildirirlər ki, bu ssenarinin qarşısını almaq mümkün olub, lakin 8 ildən sonra da tullantıların sürətlə azalacağı gözlənilmir.
BMT-nin iqlim dəyişmələri barədə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib: “2030-cu ilə qədər tullantıların azalması meyli onu göstərir ki, ölkələr bu məsələdə müəyyən tərəqqiyə nail olublar. Lakin qlobal temperatur artımının Selsi şkalası ilə 1,5 dərəcə həddində qalması üçün tullantıların azalmasının zəruri həcminə və sürətinə hələ də yaxınlaşmamışıq”.
BMT-nin iqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu 2018-ci ildə bəyan etmişdi ki, 2030-cu ilə qədər tullantıların həcmini 2010-cu ilin səviyyəsi ilə müqayisədə 45 faiz azaltmaq zəruri olacaq. Bu il həmin ekspertlər yeni elmi məlumatlara istinad edərək bildirirlər ki, azalmanın 43 faiz səviyyəsində olması da kifayətdir.
Keçən il Qlazqoda keçirilmiş BMT-nin iqlim dəyişmələri üzrə konfransında bütün ölkələr öz planlarını yenidən nəzərdən keçirmək barədə razılığa gəliblər, lakin cəmi 24 ölkə öz vədlərini yerinə yetirib. Saymon Stil deyib: “BMT-nin iqlim məsələləri üzrə Katibliyinin bu il ikinci məruzəsi keçənilki əsas məruzənin yenilənmiş variantıdır. Ümumi nəticələr təsəlliverici olmasa da, hər halda yeni məruzədə ümid yeri var”.
Məruzə müəllifləri bildirirlər ki, bir sıra ölkələr təqribən bu əsrin ortalarına qədər tullantıları sıfıra endirmək planlarını təqdim ediblər. Məruzədə göstərilir ki, əgər bütün strategiyalar tam həcmdə və vaxtında reallaşdırılsa, 2050-ci ildə həmin dövlətlərdə istixana qazları tullantıları 2019-cu illə müqayisədə təqribən 68 faiz aşağı ola bilər.
Bir neçə həftədən sonra Misirdə BMT-nin iqlim dəyişmələri üzrə konfransı keçiriləcək. İcraçı katib Saymon Stil bütün dövlətlərə müraciət edərək bu hadisədən iqlimlə bağlı planlarını yenidən nəzərdən keçirmək üçün istifadə etməyə çağırıb.
BMT-nin iqlim dəyişmələri üzrə konfransı bu il noyabrın 6-dan 18-dək Şarm-əl-Şeyxdə (Misir) keçiriləcək.