Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin sayı artır

A- A A+

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı tvininq layihəsinin açılış tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, tədqiqatlar göstərir ki, son 10 ildə 25 metr/saniyədən artıq güclü küləklərin sayı 12 dəfə artıb: “Bakı, Gəncə və Mingəçevir şəhərlərində fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə müşahidə edilirdisə, hazırda il ərzində 3-dən çox belə hadisələrlə üzləşirik”.

U.Tağıyeva yağıntıların azalması fonunda leysan xarakterli yağışların miqdarının artığını qeyd edib: “Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur.

Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb”.

Xidmət rəisi qeyd edib ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir: “Son illərdə dövlət investisiyası çərçivəsində vəsaitlər ayrılıb və milli hidrometeorologiya şəbəkəmiz müasirləşdirilib”.

O bildirib ki, “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı tvininq layihəsi çərçivəsində hidrometeorologiya haqqında qanunun təkmilləşdirilməsi, xidmətin və müşahidələrin optimallaşdırılması, xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun kadrların seçilməsi, əməyin qiymətləndirilməsində stimullaşdırıcı addımlar atılması vacibdir.

U.Tağıyevanın sözlərinə görə, "Xidmətin genişləndirilməsi hesabına dövlət büdcəsindən asılılıq azaldılmalı, erkən xəbərdarlıq sistemi yaradılmalı və müasir standartlara uyğun ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır. Hazırda Milli Hidrometeorologiya Xidməti 1075 nəfərlə öz fəaliyyətini davam etdirir. 16 mərkəz və 7 regional idarəmiz var. Sistemlərin avtomatlaşdırılması sayəsində son 5 ildə ştatların optimallaşdırılması işləri aparılıb, 36 yeni avtomat müşahidə sistemi tətbiq edilib".

2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında hidrometeoroloji fəaliyyətin bərpa olunması çərçivəsində 10 çayda 11 hidrometeoroloji stansiya quraşdırılıb, hazırda test rejimində fəaliyyət göstərir. İlin sonuna qədər isə 5 avtomat stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu bildirən xidmət rəisi bu ilin sonuna qədər respublikanın çaylarında daha 6 hidroloji və 12 meteoroloji stansiyanın qurulmasının planlaşdırıldığını deyib. “Bundan başqa aqrometeoroloji stansiyaların inkişafına da xüsusi diqqət yetiririk. Hazırda bu stansiyaların sayı 11-ə çatdırılıb",- deyə U.Tağıyeva bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: