Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti oktyabr ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2022-ci il 21 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilib. Qaydaya görə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsi sığorta ehtiyatına yönəldilir. Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatında vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır. Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 25 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanında avtomobil dayanacaq yerlərindən istifadəyə görə ödənişlərin məbləği”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən avtomobil dayanacaq yerlərindən istifadə zamanı 15 dəqiqəyədək müddət ödənişsiz müəyyən edilib.

Eyni zamanda Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası” təsdiq edilib. Qaydaya görə imtahan üzrə 60 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahandan keçməyən namizədlərin növbəti 3 dəfə yenidən imtahanda iştirak etmək hüququ vardır. Növbəti 3 dəfə imtahandan keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində təkrar iştirak etdikdən sonra imtahana buraxılırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: