Son illər muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərə böyük diqqət və qayğı göstərilir. Bu, həmin qəbildən olan uşaqlar üçün daha çox önəm kəsb edir.
Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi də belə bir xeyirxah məqsədlə yaradılıb. 2007-ci ildən fəaliyyət göstərən mərkəzə fiziki və əqli imkanları məhdud olan uşaqlar cəlb ediliblər. Onlar burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hər birinin özünəməxsus xarakteri, öz dünyası var o uşaqların. Bu dünyanın sirlərini ancaq özləri bilir. Belə uşaqların, sözün həqiqi mənasında, nazı ilə oynamalı, onların istəklərini duymalı, ana nəvazişi ilə yanaşmalısan. Hər bir uşaq mərkəzin tərbiyəçisini öz anası gözündə görməlidir. Mərkəzdə biz də bu doğma münasibətin şahidi olduq.
Körpələr Evində 2 tərbiyəçi müəllim növbəli şəkildə uşaqların xəstəliklərinə uyğun olan xüsusi proqram əsasında məşğələlər keçir. Onlara yazmaq, oxumaq öyrədilir və əqli inkişafları üçün xüsusi oyunlar təşkil edilir.
Qeyd edək ki, mərkəzdə tədris, 2 oyun, 8 yataq otağı, mətbəx, yeməkxana, hamam var. Eyni zamanda Körpələr Evinin həyətində uşaq əyləncə qurğuları, yelləncəklər qurulub, istirahət guşəsi yaradılıb.
Bu məktəbdənkənar müəssisə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, onların valideynlərinə də böyük dayaqdır. İşlə əlaqədar vaxt məhdudiyyətləri olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla işləmək bacarıqları yetərli olmayan valideynlər övladlarını bu ünvana əminliklə etibar edə bilirlər. Burada yaradılmış şərait, təcrübəli kollektivin xüsusi diqqət və qayğı tələb edən uşaqlarla işləmək bacarığı onlara bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verir.
Mərkəzin baş həkimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Rəsmiyyə Xasayeva söhbət zamanı bildirdi ki, buraya cəlb olunan uşaqların valideynləri tam arxayındırlar. Çünki onların övladları mərkəzdə hərtərəfli qayğı ilə əhatə olunur, cəmiyyətə inteqrasiyaları üçün psixi-pedaqoji üsullardan istifadə edilir. Məsələn, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloq və loqoped müəllimləri ay ərzində 4 dəfə könüllü olaraq buraya gəlir, məşğələlər təşkil edir və uşaqların valideynləri ilə maarifləndirici söhbətlər aparırlar. Baş həkim onu da diqqətimizə çatdırdı ki, kollektiv üzvləri bu uşaqların yaxşı vaxt keçirməsi, inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Onların diqqətə, qayğıya olan ehtiyaclarını qarşılamağa çalışırlar. Məqsədimiz uşaqlara vaxtında tibbi xidmət göstərmək, sağlamlıqlarını diqqət mərkəzində saxlamaqdır.
Bəli, mərkəzə cəlb olunmuş uşaqlar da bizim gələcəyimizdir. Burada onlara sevgi və məhəbbətlə yanaşılır, qayğı ilə əhatə olunur, həyat yollarında inamla addımlamaq bacarıqları aşılanır. Bu, həmin uşaqların cəmiyyətə yararlı fərd kimi yetişmələrinə, onlarda özlərinə inam hissinin formalaşmasına şərait yaradır.
Aygün BAĞIROVA
“Şərq qapısı” qəzeti