1992-ci ildən etibarən hər il oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün Dünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
Psixi Sağlamlıq Günü hər il müxtəlif mövzulara həsr edilir. Günün bu ilki mövzusu “Dəyişən dünyada gənclər və onların psixi sağlamlığı” başlığı altındadır.
NUHÇIXAN xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi müxtəlif xəstəliklərdən əziyyət çəkir və hər iki nəfərdən biri həyat boyu hansısa psixi problemlə üzləşə bilər. Ən geniş yayılmış psixi xəstəlik depressiyadır. Bu problemdən qadınların 26, kişilərin isə 12 faizi əziyyət çəkir.
Dünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Həmin gün beynəlxalq psixatrik təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir.
Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsin öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat stresslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır.
Yaşadığımız həyatda xeyli stress mənbələri var: sosial və iqtisadi çətinliklər, iş və ailədaxili problemlər, ictimai nəqliyyat və s. Bu və bu kimi səbəblər stressin yaranmasına, sonra isə depressiyaya aparıb çıxarır. Müasir həyatın tərkib hissəsinə çevrilən stresslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır.