NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.
Sentyabr ayı ərzində Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 16 əcnəbi aşkarlanıb. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşkarlanmış əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 906 müraciət daxil olub. Bu müraciətlərdən 178-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Sentyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 728 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 278-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.