Hər bir işləyən vətəndaşın gələcək təminatı onun sosial sığortasından asılıdır - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur rayon Təhsil şöbəsində “Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov qeyd edib ki, məcburi sosial sığorta ilə bağlı bütün işlər şöbə tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada həyata keçirilir. Həmçinin şöbənin müdiri bildirib ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir.
Bununla bağlı bütün işlərdə, istər aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsində, istərsə də işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsində şəxsən maraqlı olmalıdır. Çünki onun gələcəkdə alacağı əmək pensiyasının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır.
Həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirdə yeni əmək fəaliyyətinə başlayan təhsil işçilərinə sosial sığorta şəhadətnamələri təqdim edilib.
Qeyd edək ki, Fondun Şərur rayon şöbəsi tərəfindən ümumilikdə rayonun yeni əmək fəaliyyətinə başlayan 312 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib. Bunlardan 102 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 165 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar, 48 nəfər isə fiziki şəxslərdir. Hazırda rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 44 min 158 nəfərə çatıb.