Son günlər günəş səthində baş verən dəyişikliklər yerə də təsirsiz ötüşməyəcək. Mütəxəssislərin fikrincə, bu ay ərzində iki dəfə maqnit qasırğası yaşana bilər. Onlardan birinin oktyabrın 11-nə, ikincisinin isə oktyabrın 18-20-nə təsadüf edəcəyi proqnozlaşdırılır.
Maqnit qasırğası meteohəssas insanların səhhətinə mənfi təsir göstərə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: “Qasırğa zamanı maqnit sahəsinin intensivliyinin artıb-azalması baş verir. Bu xroniki, nevroloji xəstələrdə, hipertoniklərdə, ürək-damar sistemi xəstələrində, insult keçirənlərdə və kəllədaxili təzyiqi olanlarda daha çox narahatlıq doğurur. Həmin günlər onlarda başağrısı, gərginlik, emosional qeyri-sabitlik və gücün azalması kimi əlamətlər müşahidə edilə bilər. Bundan başqa arterial təzyiqin yüksəlməsi və ürək tutmalarının olması da mümkündür. Ona görə də meteohəssas insanların həmin günlər dərman qəbulunda bir qədər ehtiyatlı olmağı məsləhətdir”.
Maqnit qasırğası azyaşlılara da mənfi təsir göstərə bilər. Həkim-kardioloqun dediyinə görə, həmin hal uşaqlarda oyanıqlıq əmələ gətirir, yuxu pozğunluğu yaradır. Uşaq səbəbsiz yerə ağlayır, yatmaq istəmir və narahat olur.
Mütəxəssislər belə narahatlığı olanlara açıq havada gəzməməyi və intensiv idman hərəkətləri etməməyi tövsiyə edirlər.