Naxçıvanda növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilir - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalına start verilib. Festivala  çıxarılan məhsulların çeşid zənginliyi və qiymətlərin münasib olması ailə təsərrüfatçıları və alıcılar tərəfindən razılıqla qarşılanır.  

Muxtar respublikada ailə təsərrüfatçılarının hazırladığı məhsulların satış imkanları xeyli genişlənib. Təsərrüfatçılar məhsullarını təkcə bazarlarda deyil, həm də festivallarda rahat şəkildə sata bilirlər. Hər il “Naxçıvanqala” Tarix və Memarlıq Muzey kompleksində keçirilən ənənəvi “Ailə təsərrüfatı məhsulları" festivalı bu baxımdan mühüm rol oynayır. Bu gündən start verilən və 3 gün davam edəcək növbəti festivalda muxtar respublikanın bərəkətli torpaqlarında təsərrüfat sahibləri tərəfindən hasilə gətirilən müxtəlif çeşidli və keyfiyyətli məhsullar alıcılara təklif olunur.

Festivala Naxçıvan şəhərindən və muxtar respublikanın rayonlarından ümumilikdə 572 ailə təsərrüfatı tərəfindən 67 min 337 qablaşdırılmış məhsul çıxarılıb. Məhsul çeşidinin çoxluğu və keyfiyyətin yüksəlməsi bilavasitə dövlətin ailə təsərrüfatlarına dəstəyi ilə bağlıdır. Verilən güzəştli kreditlər, texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin tikilib istifadəyə verilməsi Naxçıvanda ailə təsərrüfatlarının genişləndirilməsi ilə şərtlənir. Naxçıvan qovurması, xaması, qaymağı, pendiri, müxtəlif növ mürəbbə və şirniyyatları, sucuq, cəviz, badam, müxtəlif çeşidli meyvə şirələri, doşabları, sirkələri, şərablar və meyvə araqları, eləcə də turşular, kompotlar, cemlər, meyvə-tərəvəz quruları, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarının rəğbətini qazanıb.

Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri rəngarəng konsert proqramı ilə buraya təşrif buyuranların zövqünü oxşayıblar.

Festivalda istedadlı qadınların və məhkumların əl işlərinin sərgi-satışı da təşkil olunub. Satışa çıxarılan bəzək əşyaları, qolbaqlar, eləcə də digər müxtəlif məhsullar diqqəti cəlb edib. 

Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndələri və Avropa ölkələrinin səfirləri Naxçıvana işgüzar səfərləri çərçivəsində "Ailə təsərrüfatı məhsulları" festivalında da iştirak ediblər.

Qeyd edək ki, festivalda muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonları, eləcə də Naxçıvan şəhəri ayrıca stend və istehsal məhsulları ilə təmsil olunublar.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı noyabrın 5 və 6-sı da davam edəcək. Festival çərçivəsində “Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, qaliblərə diplomlar təqdim olunacaq.

Mahmud Hüseynov

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: