Naxçıvanda yol infrastrukturu yenilənir 

A- A A+

NUHÇIXAN xəbər verir ki, hazırda Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsi icra olunur. Layihə Heydər Əliyev prospektini, o cümlədən 20 küçə və məhəlləni əhatə edir. Yenidən qurulan avtomobil yollarının ümumi uzunluğu 25 kilometrdir. Dörd və altı hərəkət zolağından ibarət şəhərdaxili yollara keyfiyyətli və dayanıqlı yeni asfalt örtük salınır, piyadaların və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilir. 

Əziz Əliyev küçəsindən başlanan işlər hazırda digər küçələrdə sürətlə və keyfiyyətlə davam etdirilir. Yollarda çat və çökək hissələr qazılaraq yenidən bərpa edilir və üzərindən asfalt örtük verilir. İndiyədək Heydər Əliyev prospektində, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, Atatürk, Azərbaycan küçələrində, Atabəylər və Əlincə məhəllələrində avtomobil yolları keyfiyyətli şəkildə yenidən bərpa olunub. Bir neçə gündür ki, Əziz Əliyev prospektində yol nişanları çəkilir. Yol inşaatçıları hazırda Nəsirəddin Tusi küçəsində işləyirlər.  

Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin icrası çərçivəsində həyata keçirilir. Su-kanalizasiya şəbəkələrinin çəkilişi başa çatan ərazilərdə bütün yollar bərpa edilərək asfaltlanır. 

Bundan başqa Culfa-Ordubad magistral avtomobil yolu yenidən tikilir. Yolun tikintisi muxtar respublikada şəhərlərarası yenilənən  yollar arasında sonuncu layihədir. Bundan əvvəl digər istiqamətlərdə olan Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları yenidən tikilərək istifadəyə verilib. 

 

                                                                       Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: