NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rayon mədəniyyət sarayında davam etdirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının ilk təşkilatı 1992-ci il noyabrın 22-də Sədərək rayonunda yaradılıb. Bu gün Sədərək Rayon Təşkilatı sıralarında 2 min 23 nəfəri birləşdirir. Onların 468-i qadın, 482-si gənclərdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva Sədərək rayonunun yaranması və inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlayıb, 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işğaldan qorunub. İşğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonu bu gün müasir yaşayış məntəqəsinə çevrilib. Müstəqillik illərində Heydər Əliyev ideyalarının işığında Heydərabad qəsəbəsində və rayonun kəndlərində quruculuq işlərinin miqyası genişlənib, davamlı inkişafa nail olunub, məskunlaşma artıb. Sədərək rayonunun yaradılması və müasir inkişafı Yeni Azərbaycan Partiyasının quruculuq konsepsiyasının bir rayonun timsalında dolğun ifadəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva, partiya veteranı Həsən Rzayev, partiya üzvü Ayaz Əliyev çıxış ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə hədiyyələr və partiya sıralarına yeni qəbul olunanlara vəsiqələr təqdim olunub.
Tədbir rayon Mədəniyyət Sarayının musiqi kollektivinin konsert proqramı ilə başa çatıb.
Hafizə Əliyeva