"Uzağı yaxın edən səs”. Biz adətən bu fikri radio üçün səsləndirib, onunla əlaqələndirmişik. Lakin uzağı yaxın edən sadəcə səsdirmi? Yaxud da sadəcə radio? Bəzən bir qoxu da bəs edir uzağın yaxın olmasına, bəzən də hansısa bir görüntü, bir xatirə və sair. Kim bilir daha nələr var bu məsafələri aşan, yıxan, yox edən... Bəzi uzaqlar bizə düşündüyümüzdən belə yaxındır. Çünki bizimdir, bizə aiddir. Və mütləq ki, onu bizə daha da yaxın hiss etdirən də məhz bu məxsusluğa duyulmayan şübhədir. Məsələn, illərlə gedə bilmirsən, görə bilmirsən, əyilib saf bulağından bircə qurtum su belə içə bilmirsən, amma bilirsən ki, ora sənindir. Ora sənin uzaqdakı yaxının, hətta bəlkə də elə ən yaxın uzağındır.
...Təqvimin bu günü bir səs eşidildi ekranlardan. Doğrudan da, nəinki uzağı yaxın edən, eyni zamanda bir bayraq altında birləşən hər kəsin qəlbini ortaq zaman kəsiyində həyəcanla döyündürən o səs. Eynilə belə deyilirdi: “Əziz Şuşa, sən azadsan!” Bax bu idi əsl uzaqdakı yaxınlıq. Sən demə, işin içinə duyğular da qarışdımı, o yaxınlıq qatbaqat artırmış.
Müxtəlif bölgələrdə, hətta müxtəlif ölkələrdə olmağımıza baxmayaraq, haqq davası başlayan gündən hər kəsin ağlı-fikri də, qəlbi də Qarabağda, ədaləti bərqərar etmək üçün vuruşan Vətən oğullarında idi. Bütün gün gözünü ekrana zilləyənlər, qulağını xoş xəbərə səksəyənlər, "Xudayar təsnifi" dilindən düşməyənlər, qələbə xəbəri ilə coşub-çağlayanlar və daha kimlər...
İllərlə ekranlardan izlədiyimiz əzəli torpaqlarımız artıq azaddır. İşğal altındaykən dərdi, qübarı, gözü yaşlı xarıbülbülü ilə Zəlimxan Yaqubun yuxusuna gəlmişdi Şuşa. Ah şair, kaş ki, sağ olsaydın və bu gün Şuşa yenidən yuxuna gəlsəydi. Görərdin, Şuşa tökübmü ətəyindən illərin yükünü? Silinibmi gözlərindən illərin həsrəti? Bəs quruyubmu xarıbülbülün yanağındakı nəm? Durulubmu İsa bulağının suyu? Dörd bir yanda "Qarabağ şikəstəsi" səslənirmi avaz-avaz?
Əziz Şuşa, sən azadsan. Torpaq, uğrunda ölən varsa, Vətəndir! Əziz Şuşa, sən, uğrunda canlar qurban verildiyi üçün Vətənsən! Əziz Şuşa, sən cənnətsən! Eyni zamanda onlarla igidin qəhrəmanlıq istəyi, cənnət arzusunu reallaşdıransan! Əziz Şuşa, sən artıq uzaq deyil, yaxınsan...
Torpaq naminə canından keçən qəhrəmanların xatirəsinə dərin ehtiramla...
Fatma Babayeva