Əlcəzairin “Əl Vasit” və “Şuruq” qəzetlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov İkinci Qarabağ müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi barədə ətraflı məlumat verib. Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində cəmi 44 gün ərzində darmadağın edilib.
Məqalədə qalib ölkə olan Azərbaycanın dayanıqlı sülhə nail olmaq istiqamətində səyləri, dövlətimizin regionda sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üzrə fəaliyyətindən də bəhs olunub. Müəllif diqqətə çatdırıb ki, indi Ermənistanın vəhşicəsinə dağıtdığı infrastruktur obyektləri, o cümlədən İslam abidələri və məscidlər bərpa olunur, Qarabağın dirçəlişi və məcburi köçkünlərin öz evlərinə qaytarılması üzrə proqram və layihələr həyata keçirilir.