Qəhrəman şəhidlərimizin xatirəsi Əlincə zirvəsində əbədiləşdirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Naxçıvanda Zəfər yürüşü təşkil olunub. Qürur və fəxarət ünvanımız olan Şəhidlər Xiyabanından başlanan yürüş məğrurluq simvolumuz olan Əlincə zirvəsində başa çatıb. Yürüş iştirakçıları şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Əlincəqalanın məğrur zirvəsini “Şəhidlər zirvəsi” adlandırıb, xatirə lövhəsi vurublar.

Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanından start götürən yürüşdə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əllərində üçrəngli bayraq, dillərində qələbə şüarı, qəlblərində Vətən sevgisi ilə yüzlərlə soydaşımız Naxçıvan şəhərində yeni yaradılan Zəfər Parkını ziyarət edib. Ardınca yürüş əsrlərə meydan oxuyan, Naxçıvanın yenilməzlik simvolu olan Əlincəqalaya doğru davam etdirilib.

Əlincəqalada davam etdirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əlincəqala Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev bildirib ki, qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən tədbir Əlincəqalanın məğrur tarixində daha bir qürurverici səhifə açdı.

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının əməkdaşı Azər Məmmədov və Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva tədbirin keçirilməsinin xüsusi önəmini vurğulayaraq 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən söz açıb, yürüş iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.

Çıxış edənlər şəhid ailələrinə vətənpərvər və qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlıq edib, qazilərə sağlamlıq  arzulayıblar.

Şəhid valideynləri və qazi Əli Əlisoy çıxış edərək göstərilən qayğıya və yürüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Yürüşdə iştirak edən balaca vətənpərvərlər qələbə əzmli şeirlər səsləndiriblər.

Tədbirin ardınca iştirakçılar Əlincəqalanın məğrur zirvəsinə qalxıb, şəhidlərin xatirəsinə yaradılmış “Şəhidlər zirvəsi”nin  təqdimatında iştirak ediblər.

Məğrurluğu ilə tarix boyunca düşmənə sinə gərən Əlincə zirvəsi bu gün daha əzəmətli görünür. Çünki bu zirvə bu gün həm də ulu babalarımızın mübarizlik yolunu uğurla davam etdirən qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır.

Sevda Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: