Bu il görkəmli alim, Azərbaycan fızika məktəbinin banisi, Əməkdar elm xadimi, 10 ildən artıq Azərbaycan Elmlər Akademiyasına rəhbərlik etmiş akademik Həsən Abdullayevin 100 yaşı tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Həsən Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalaması alimin Vətəni və xalqı qarşısında böyük xidmətlərindən xəbər verir.
Həyatını elmə, təhsilə, maarifçiliyə həsr etmiş böyük alim, ziyalı və təcrübəli elm təşkilatçısı olan akademik H.Abdullayev Azərbaycan elm tarixinə adını böyük hərflərlə yazmış şəxsiyyətlərdəndir. Ölkəmizdə fizika elminin inkişafı, əsasən yarımkeçiricilər fızikası alimin adı ilə bağlıdır. Həsən Abdullayev respublikada yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi ölkədə elmin təşkili işinə dəyərli töhfələr vermiş, milli elmimizin beynəlxalq elm məkanına inteqrasiyasında mühüm rol oynamışdır.
Həsən Məmmədbağır oğlu Abdullayev 1918-ci il avqustun 20-də Naxçıvanın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirən H.Abdullayevin bütün sonrakı ömrü və fəaliyyəti Elmlər Akademiyası ilə bağlı olmuşdur. Burada o laborantlıqdan akademikliyə, Azərbaycan Elmlər Akademiyasının rəhbəri vəzifəsinə qədər şərəfli yol keçmişdir.
1948-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1954-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə professor elmi adını almış Həsən müəllim 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1967-ci ildə AMEA-nın həqiqi üzvü, 1970-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. 1944-cü ildən AEA Fizika İnstitutunda aspirant, elmi işçi, direktor müavini, 1957-ci ildən ömrünün axırınadək direktor olmuşdur.1968-1970-ci illərdə AEA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi, 1970-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışmışdır.
Həsən Abdullayev məhsuldar elmi fəaliyyəti ilə fərqlənən alimlərdən olmuşdur. Görkəmli alimin ömür yoluna, fəaliyyətinə, qazandığı nailiyyətlərə nəzər saldıqda, onun ölkədə fizika məktəbinin yaradılması, elmin inkişaf etdirilməsi, yüksək ixtisaslı kadr hazırlığı kimi məsələləri qarşısına məqsəd qoyduğu, bacarıqlı elm təşkilatçısı olduğu göz önündə canlanır.
H.Abdullayev dünya elmində ilk olaraq selen yarımkeçiriciləri istiqamətini, onun əsasında öz elmi məktəbini və Azərbaycanda yarımkeçiricilər üzrə ilk elmi-tədqiqat müəssisəsi olaraq Elmlər Akademiyasının Fizika İnstitutunu yaratmışdır. Keçmiş SSRİ ali məktəbləri arasında ilk olaraq 1954-cü ildə Bakı Dövlət Universitetində yanmkeçiricilər fızikası üzrə kafedra təşkil etmişdir.
Həsən Abdullayev yarımkeçiricilər fızikası və yarımkeçiricilər elektronikası, kondensə olunmuş mühit fızikası sahələrində böyük alim idi və bu gün də bir sıra fundamental istiqamətlərin inkişafı onun adı ilə bağlıdır. Alimin bir çox elmi nəticələri fızikanın yeni tətbiqi sahələrinin inkişafının başlanğıcını, yarımkeçirici çeviriciləri və digər elektron cihazların müasir istehsal texnologiyasının təməlini qoymuşdur.
1970-ci illərdə akademiyanın Fizika İnstitutunda Həsən Abdullayev və onun tələbələri tərəfindən yarımkeçiricilər sahəsində aparılan elmi tədqiqatlar nəticəsində respublikada elektron, radioquraşdırma sənaye kompleksinin yaranmasının əsası qoyulmuşdur. Hələ o illərdə Fizika İnstitutunun nəzdində elektronika sahəsində xüsusi konstruktor bölməsi yaranmışdır və burada Azərbaycanın ilk stolüstü elektron saatları istehsal edilmişdir. Sonralar bu tədqiqatlar nəticəsində respublikada Radioquraşdırma İstehsalat Birliyi, Bakı şəhərində Elektron hesablama maşınları zavodu, “Ulduz” Elm İstehsalat Birliyi, “Nord” Elm İstehsalat Birliyi, Gəncədə “Billur” Elm İstehsalat Birliyi, “Azon”, “İskra” zavodları yaradılmışdır. H.Abdullayevin təşkilatçılığı, işgüzarlığı bu müəssisələrin elmi-texniki problemlərinin həllində, yüksəkixtisaslı kadrlarla təminatında böyük rol oynamışdır.
Alim savadlı, peşəkar kadrların yetişdirilməsi məsələlərinə hər zaman böyük qayğı ilə yanaşmışdır. Ölkədə mövcud intellektual potensialın inkişaf etdirilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması onun fəaliyyətində başlıca hədəflərdən idi. Həsən müəllimin fizika sahəsində çoxlu sayda mütəxəssislərin, alimlərin hazırlanmasında böyük xidmətləri olmuşdur. O, gənclərin gələcək taleyinə heç zaman biganə qalmamış, onların işlə təmin olunması və inkişafına böyük qayğı göstərmişdir. Həmin illərdə ölkə rəhbərliyinin, şəxsən Heydər Əliyevin böyük qayğısı nəticəsində respublikadan kənarda təhsil alan tələbələrin əksəriyyəti Həsən Abdullayev tərəfındən akademiyada işlə təmin olunmuş, onların əsl mütəxəssis kimi yetişməsinə şərait yaradılmışdır. Məşhur rus fiziki, akademik A.F.İoffe demişdir: "Azərbaycanda fızika elmi tarixində bir çox parlaq adlar vardır, lakin onun əsl inkişafı, əsasən, yarımkeçiricilər fızikası Həsən Abdullayevin adı ilə bağlıdır. 1959-cu ildə Fizika İnstitutunun direktoru olan Həsən Abdullayev faktiki olaraq institutu yenidən qurmağa başladı. O, çox gözəl anlayırdı ki, "Hər şeyi həll edən kadrlardır" düsturu elmdə xüsusilə aktualdır. O, inadla, bacarıqla Moskvada, Leninqradda kadrların hazırlanması üçün hər bir imkandan istifadə edirdi. Bu işdə onun böyük xidmətləri vardır. Məhz bu keyfıyyəti Həsən müəllimə nisbətən qısa müddət ərzində kadrlar hazırlamaq və onları yarımkeçiricilərin çox geniş spektrli tədqiqatlarına yönəltmək, tanınmış elmi məktəb qurmaq imkanı yaradırdı”.
Görkəmli elm xadimi, akademik Həsən Abdullayev istedadlı fizikləri birləşdirən böyük bir məktəb yaratmışdır. Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fızikası sahəsində əldə etdiyi elmi nəticələr dünyanın məşhur alimləri tərəfındən təsdiq edilmişdir. Danılmaz faktdır ki, Azərbaycanın istedadlı fızikləri və mütəxəssisləri bu məktəbin yetirmələri olmuşlar. Hazırda ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Orta Asiya respublikalarının nüfuzlu ali məktəblərində, elmi-tədqiqat müəssisələrində müvəffəqiyyətlə çalışan bir çox yüksək ixtisaslı mütəxəssislər gənc vaxtlarında burada elmi hazırlıq məktəbi keçmişlər.
H.Abdullayevin respublikanın ayrı-ayrı şəhərlərində akademiyanın müxtəlif elmi-texniki müəssisələrinin yaranmasında da böyük xidmətləri olmuşdur. O, akademiyanın institutlarında fundamental tədqiqatların genişləndirilməsi, alınan elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi ilə yanaşı, respublikanın ayrı-ayrı təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara da üstünlük verirdi. Alim bütün fəaliyyətini elmi-tədqiqat mərkəzləri ilə, universitetlərlə və müxtəlif ölkələrin müvafiq təşkilatları ilə geniş və hərtərəfli beynəlxalq əməkdaşlıq əsasında qurmuşdur.
Analitik təhlil və düşüncə qabiliyyəti, dərin elmi intuisiya, elmdə yeniliyə və perspektivliyə yönəlmiş güclü maraq Həsən Abdullayevdə idarəçilik qabiliyyəti ilə vəhdət təşkil etmişdir. Ümummilli lider Heydər Əliyev də elmi kadrların seçilməsi və yerləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, bu problemlərin həllində həmişə elmi məhsuldarlıq, uzaqgörənlik, idarəetmə qabiliyyəti və digər bu kimi keyfıyyətlərin olmasına üstünlük vermişdir. Məhz bu xüsusiyyətlərinə görə o, Həsən Abdullayevi respublika elminin ali məbədi olan Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsinə haqqı olan bir alim kimi irəli çəkmişdi. Akademiya prezidenti kimi işə başlayan Həsən müəllim respublikada elmi tədqiqatların daha geniş miqyasda inkişafı, elmlə xalq təsərrüfatının müxtəlif sahələri arasında əlaqələrin güclənməsi üçün yeni mərhələnin təməlini qoymuşdur. O, akademiyada fundamental tədqiqatların aparılması imkanlarını xeyli genişləndirməyə xüsusi şərait yaratmaqla bərabər, bilavasitə istehsalın artmasına, onun səmərəsinin yüksəldilməsinə, ayrı-ayrı təbii sərvətlərdən daha faydalı istifadə edilməsinə yönəldilən elmi araşdırmaların aparılmasına da diqqət yetirmişdir. Elə bu məqsədlə Həsən müəllim akademiyada bir sıra xüsusi konstruktor bürolarının və təcrübə zavodlarının yaradılmasının əsas təşəbbüskarı olmuşdur. Akademiyanın prezidenti kimi alimin mühüm xidmətlərindən biri də ondan ibarət idi ki, o, istər fundamental tədqiqatların, istərsə də tətbiqi araşdırmaların aparılmasında respublikanın ali məktəblərinin və sahə institutlarının elmi potensialının birgə istifadə edilməsinə son dərəcə böyük əhəmiyyət verirdi.
Həsən Abdullayev akademiyaya on ildən artıq bir müddət ərzində rəhbərlik etmişdir. Bu dövrlərdə respublikanın ayrı-ayrı bölgələrində akademiyanın fılialları açılmışdır. Naxçıvan və Şəkidə yaradılan elmi mərkəzlər onun fəaliyyətinin nəticəsidir. Elmlər Akademiyasının nəzdində bir neçə elmi-tədqiqat institutu məhz akademik Həsən Abdullayevin rəhbərliyi dövründə fəaliyyətə başlamışdır. Bu institutların elmi kadrlarla təmin olunması üçün yaradılan şərait də alimin adı ilə bağlıdır.
Elmin ayrı-ayrı sahələri üzrə əməkdaşlığa yüksək önəm verən H.Abdullayev, xüsusilə akademiyanın prezidenti olduğu dövrdə fızika, riyaziyyat, kimya elmlərinin qarşılıqlı əlaqələrinin güclənməsi yolunda böyük işlər görmüşdür. Akademik respublikada neft-kimya sənayesinin inkişafına görə elmin bu sahəsinə xüsusi diqqət ayırmış, onun təşəbbüsü və rəhbərliyi ilə elmi nəticələrin tətbiqi və reallaşdırılması üçün Neft-Kimya Prosesləri İnstitutu nəzdində Təcrübə sənaye zavodu (1972) və Reagentlər üzrə XKTB (1982), habelə Aşqarlar Kimyası İnstitutu nəzdində “Aşqar” XTB (1980) yaradılmışdır.
Akademik H.Abdullayev ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ümummilli strateji vəzifələrin, o cümlədən, elmi quruculuq işlərinin həyata keçirilməsində Milli Elmlər Akademiyasının prezidenti kimi ən fəal mövqedə duran şəxslərdən biri olmuşdur. Alim öz tükənməz enerjisi, məqsədyönlü fəaliyyəti ilə 70-80-ci illərin gənclərinə örnək idi. O, ixtisasından asılı olmayaraq, gənc alimlərin fəaliyyəti ilə yaxından maraqlanar, onlara əlindən gələn qayğı, maddi və mənəvi yardım göstərilməsini özünə borc hesab edərdi. H.Abdullayev akademiyanın intellektual potensialının inkişaf səviyyəsinin yüksəldilməsinə nail olmuşdur. Məhz buna görə də qısa müddətdə akademiya işçilərinin, aparıcı elmi-tədqiqat institutlarının gücünü birləşdirməklə tədqiqat işlərinin elmin prioritet istiqamətlərinə yönəldilməsinə, elmi işlərin səviyyəsinin artırılmasına nail ola bilmişdir. Akademiyanın Rəyasət Heyətinin işinin gücləndirilməsi, həqiqi və müxbir üzvlərinin say tərkibinin artırılması, bu tərkibə gənc və perspektivli üzvlərin seçilməsi və yeni elmi kadrların yetişdirilməsinə qayğının artırılması da elmin inkişaf strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynamışdır.
Akademik H.Abdullayev Azərbaycan elminin ən perspektivli sahələr üzrə inkişaf etdirilməsinin tərəfdarı olmuşdur. O, digər ölkələrin elmi-tədqiqat institutlarının qabaqcıl təcrübəsindən istifadə edilməsində yüksək fəallıq göstərmiş, akademiya sistemində əsaslı islahatların aparılmasının tərəfdarı olmuşdur. Onun bu sahədə bir sıra təşəbbüsləri öz həllini tapmışdır. Şamaxı Astrofızika Rəsədxanasının, Kosmik Tədqiqatlar İnstitutu və Radiasiya Tədqiqatları bölməsinin, Fəlsəfə və Fiziologiya bölmələrinin müstəqil elmi-tədqiqat müəssisələrinə çevrilməsi, mikrobiologiya və molekulyar biologiya bölmələrinin, bir neçə xüsusi konstruktor bürosunun yaradılması bilavasitə onun rəhbərliyi altında həyata keçirilmişdir. O, respublikamızda akademik elmin hərtərəfli inkişafina çalışmışdır.
Həsən Abdullayevin əzmkar və gərgin fəaliyyəti nəticəsində Azərbaycan SSR Elmlər Akademiyasının elmi müəssisələrində xalq təsərrüfatının qarşısında duran məsələlərin həllində, fundamental elmlər əsasında həll edilən həyati praktiki ehtiyacların qarşılanması istiqamətində köklü dönüş baş vermişdir. 1970-ci ildən sonrakı dövr ərzində Azərbaycan SSR EA-nın əməkdaşları tərəfindən alınan müəllif şəhadətnamələrinin sayı dəfələrlə artmış, sənayedə həyata keçirilən işlərin payı kəskin şəkildə çoxalmışdır. Bunun əsas səbəbi isə Azərbaycan SSR EA nəzdində təsərrüfat hesablı xüsusi konstruktor büroları (XKB) və təcrübə zavodları şəbəkəsinin yaradılması olmuşdur.
Akademik Həsən Abdullayev “Bilik” cəmiyyətinin sədri kimi ölkəmizdə elm və elmi biliklərin populyarlaşdırılması və kütləviləşdirilməsinə, Azərbaycan dili və ədəbiyyatı, tarixi keçmişimiz, respublikanın sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı əsərlərin nəşrinə çox önəm verirdi. O, alimləri bu işə xüsusi məsuliyyətlə yanaşmağa çağırır, onların fəal iştirakını təmin etməyə çalışırdı. Azərbaycan EA-nın prezidenti kimi o, ictimai və humanitar elmlər üzrə bölmələr və onların institutları qarşısında geniş oxucu kütləsi üçün elmi-populyar üslubda, özünün təbirincə desək, “cib kitabçası” həcmində Azərbaycan tarixi, ədəbiyyatı, dili, mədəniyyəti üzrə kitabçaların hazırlanması və nəfıs tərtibatda nəşri vəzifəsini qoymuşdu. Bu işdə özü də şəxsi nümunə göstərərək tez-tez maraqlı məruzələrlə çıxış etmişdi. Azərbaycanın bir çox bölgələrində bilavasitə onun iştirakı ilə “Elm günləri”nin keçirilməsi də ənənə halını almışdı. Həsən Abdullayev elmin təbliği sahəsində səmərəli fəaliyyətinə görə 1971-ci ildə keçmiş SSRİ EA-nın S.İ.Vavilov adına Qızıl medalı ilə təltif olunmuşdu.
Həsən Abdullayevin ictimai-siyasi xadim kimi fəaliyyəti də çoxşaxəli olmuşdur. SSRİ Ali Sovetinin deputatı kimi o, Şəki rayonunun seçiciləri qarşısında tez-tez çıxışlar etmiş, məhz onun təşəbbüsü ilə burada yaradılan Azərbaycan EA-nın elm bazası uğurla inkişaf etmişdir.
Görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ-nin və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayev yüksək insani keyfiyyətlərə malik olan bir alim kimi əməksevərliyi ilə fərqlənən şəxsiyyətlərdən idi. Bu keyfiyyətləri sayəsində o, alim yoldaşları, dost-tanışları arasında böyük hörmət, nüfuz sahibi idi. Fəaliyyət göstərdiyi illər ərzində yüksək məsuliyyət hissi, tükənməz yaradıcılıq qabiliyyəti ilə fərqlənən istedadlı alimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Ülviyyə RZAYEVA, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü