Yeni Azərbaycan Partiyasının 30 illiyi Naxçıvan şəhərində qeyd olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Naxçıvan şəhərində tədbir təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.
Bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli çıxış edərək bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalifət partiyası kimi yaradılıb. Azərbaycan xalqı 1993-cü ilin iyununda - ölkə "olum və ya ölüm" dilemması qarşısında qaldıqda özünün taleyini dahi Heydər Əliyevə həvalə etdi. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq, müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə çevrildi.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin liderliyi ilə son 15 ildə ölkəmizdə böyük uğurlar qazanılıb. Bu dövrdə ölkədə ÜDM 4,2 dəfə artaraq 93 milyard manata çatıb, ölkə iqtisadiyyatına yarısı xarici kapital olmaqla, 280 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmiz mühüm nəqliyyat qovşağına, qlobal enerji təchizatçısına çevrilib. Dövlətimizin müdafiə qüdrəti xeyli artıb, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edilib. Nəticədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin çoxəsrlik tarixində misilsiz nailiyyət əldə edərək, cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü bərpa edib.
Vurğulanıb ki, bütün bu inkişaf proseslərində YAP Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak ediblər. Hazırda 148 ərazi təşkilatını əhatə etməklə 19 min 93 nəfər üzvü olan təşkilatın sıralarında 9 min 917 qadın, 11 min 914 gənc təmsil olunur. Təkcə son iki ildə təşkilatda partiyaya 1169 nəfər qəbul edilib. Elman Cəfərli YAP-ın 30 illiyi münasibətilə partiya üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov YAP-ın yaranmasının tarixi əhəmiyyətini vurğulayıb, partiyanın iqtidarda olduğu dövrdə Naxçıvan şəhərinin keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirilib ki, ümumilikdə ölkəmizin tərəqqisi və güclənməsi Yeni Azərbaycan Partiyasının quruculuq və inkişaf konsepsiyasının bəhrələridir. Vurğulanıb ki, təkcə 2022-ci ilin birinci yarısında Naxçıvan şəhərində 16 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 59 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Bu dövrdə istehsal olunan sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb, bütün maliyyə mənbələrindən əsas kapitala 1,4 faiz çox vəsait yönəldilib.
Partiya üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, YAP Naxçıvan Şəhər Təşkilatı Aparatının məsləhətçisi David Həsənov çıxış edǝrǝk YAP-ın müstəqil Azərbaycan dövlətçiliyi tarixində oynadığı müstəsna roldan danışıb və təbriklərini çatdırıblar.
Tədbirdə bir qrup partiya veteranına hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Mahmud Hüseynov